Süni intellekt mediada köklü dəyişikliklərə səbəb olacaq

30 Avqust 2023 18:27 (UTC+04:00)

Mütəxəssislərin fikrincə, süni intellekt mediada köklü dəyişikliklərə səbəb olacaq

Gündən-günə inkişaf edən süni intellekt texnologiyaları bir çox yerdə olduğu kimi media sahəsində də bir çox müsbət və mənfi dəyişikliklərə səbəb ola bilər.

''Həyatın maraqlı anları'' proqramının bu hissəsində süni intellektin mediaya təsirini qiymətləndirəcəyik.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, süni intellektə əsaslanan yeniliklər bir çox faydaları ilə yanaşı, işsizliyə və sosial etik problemlərə də səbəb ola bilər.

Hazırda əksər istifadəçilər gündəlik həyatlarından tutmuş sağlamlıq və təhsil məlumatlarına, istehlak xərclərinə qədər hər şeyi süni intellektin və ya alqoritmin mənasını belə bilmədən bu alqoritmlə paylaşırlar. Toplanmış məlumatların saxlanması və onlardan bəşəriyyətin zərərinə istifadə edilməsi ilə bağlı narahatlıq mübahisələrə səbəb olur.

İnsan zəkasını təqlid edən bu texnologiya distopiya ilə utopiya arasında çox incə bir xətt olduğunu və bu xəttin insanların prioritetləri ilə müəyyən edildiyini ortaya qoyur. Media sənayesi süni intellekt texnologiyalarının təsirinin ən çox hiss olunduğu sahələrdən biridir.

“Almost” media platformasının təsisçisi və baş redaktoru Kassy Cho və ''Goodable'' şirkətinin baş direktoru Məhəmməd Lila süni intellekt texnologiyalarının mediaya müsbət və mənfi təsirlərindən və onların bu sənayeyə gətirdiyi dəyişikliklərdən danışıblar.

Mediada alqoritmlərin roluna işarə edən Ço deyib: "Bu, jurnalistlərin diqqətlərini maraqlandıqları mövzuya yönəltmələrinə imkan verir. Bu, bizim daha məhsuldar olmağımıza imkan verə bilər, və beləliklə vaxtımızı daha səmərəli keçirə bilərik''.

Ço qeyd edib ki, süni intellekt mükəmməl ola bilməz, çünki o, insanlar tərəfindən yaradılmış məzmuna əsaslanır.

Ço həmçinin vurğulayıb ki, o, süni intellekt texnologiyasının insanların işsiz qalmasına səbəb olacağını düşünmür.

Mediada süni intellektdən istifadənin insanların daha yaxşı jurnalist olmasına səbəb olacağını bildirən Ço sözlərinə belə davam edib:

"Düşünürəm ki, bəzi insanlar potensial olaraq işlərini itirəcəklər, amma bu, bizi daha yaradıcı olmağa təşviq edir. Çünki süni intellekt ideyalar yaratmır. Bu, bizi daha yaxşı jurnalist olmağımıza gətirib çıxara bilər, çünki biz yeni ideyalar yarada, yeni fikirlər irəli sürə bilərik, yeni formatlar, daha yaxşı məzmun istehsal edə bilərik. Daha yaxşı jurnalist ola bilmək üçün süni intellektdən necə istifadə edə biləcəyimizi düşünməyə diqqət yetirəcəyik''.

''Goodable'' şirkətinin baş direktoru Lila da alqoritmlərin bəşəriyyət üçün zərərlərinin onların üstünlüklərindən daha çox olacağına inandığını vurğuladı.

Lila, süni intellektin media və jurnalistika sahəsi ilə bağlı müsbət tərəfləri olsa da, bunun gələcək üçün böyük təhlükə yaratdığını ifadə edib.

Lila deyib:"Əgər ehtiyatlı olmasaq, süni intellekt cəmiyyətimizi məhv edəcək. Mən bunun əslində bu qədər təhlükəli olduğunu düşünürəm." Lila insanların doğru ilə yanlışı ayırd etmə qabiliyyətini süni intellekt texnologiyasına köçürməsinin böyük problem olduğunu bildirib.

Süni intellekt texnologiyalarının inkişafı ilə bir çox insanın işini itirəcəyini vurğulayan Lila deyib: "Jurnalistlər süni intellektdən istifadə etmirsə və süni intellektin yeni məzmun istehsal etmək gücünü anlamırsa bu işdə sinifdə qalacaqlar''.