Trampa qarşı açılan dörd cinayət işindən biri

29 Avqust 2023 00:22 (UTC+04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək üçün sui-qəsd ittihamı ilə məhkəməsi 2024-cü il martın 4-də başlayacaq. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aparıcı federal hakim Tanya Çutkan qərar verib.

Hakim onun qərarını ictimaiyyətin bu məsələnin tez və effektiv həll etmək hüququna malik olması ilə əsaslandırıb.

Xüsusi müşavir Cek Smit, ABŞ-ın 45-ci prezidentinin məhkəməsinin 2024-cü il yanvarın 2-də başlamasını istəyib, Trampın vəkilləri isə məhkəmənin 2026-cı ilin aprelində - seçkidən 17 ay sonra keçirilməsini israr ediblər.

Qeyd edək ki, hakim belə gecikməni çox uzun hesab edib.

İttihamnamə Trampı ABŞ-ı aldatmaq üçün sui-qəsd, rəsmi prosedurlara mane olmaq və vətəndaşların hüquqlarını pozmaq üçün sui-qəsd daxil olmaqla dörd maddə ilə ittiham edir.

Xüsusi müşavir Cek Smit isə Trampı 6 yanvar 2021-ci ildə Kapitoliyə soxulan yüzlərlə tərəfdarını təhrik etməkdə ittiham etməyib.

Onu da qeyd edək ki, federal hakim, 61 yaşlı Tanya Çutkan bu vəzifəyə Barak Obama tərəfindən təyin edilib. Və əvvəllər o, Kapitoliyə hücumun iştirakçılarına sərt hökmlər verib.

BBC-nin məlumatına görə, Donald Tramp ABŞ-ın cinayət işi ilə üzləşən ilk keçmiş və indiki prezidenti olub. Seçki nəticələrinin ləğvi işi Trampa qarşı açılan dörd cinayət işindən biridir.

Yeri gəlmişkən 77 yaşlı Tramp gələn il keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürməyə hazırlaşır. Hazırda o, Respublikaçılar Partiyasından namizəd roluna iddialılar arasında liderlik edir.

Ağasəf Babayev