"İki müstəqil dövlət müxtəlif formatlarda əməkdaşlıq edir" - POLİTOLOQ ŞƏRH ETDİ

28 Avqust 2023 12:20 (UTC+04:00)

"Azərbaycanla Moldova arasında siyasi əlaqələr, məhz SSRİ dağıldıqdan sonra daha da inkişaf edib. İki müstəqil dövlət müxtəlif formatlarda əməkdaşlıq edir. Xüsusilə, GUAM formatında Azərbaycanla Moldova arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədə olub. İndi də bu əlaqələr yüksələn xətt üzrə davam etməkdədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq sözlərinə davam edərək bildirib ki, Moldova ətrafında baş verən proseslər, onun həyata keçirdiyi siyasi kurs Azərbaycanla arasında olan siyasi əlaqələrin daha çox inkişafını stimullaşdırır: "Moldova Azərbaycanla siyasi, iqtisadi və enerji əlaqələrinə üstünlük verir. Moldovanın enerji təhlükəsizliyi bu ölkənin strateji xəttidir. Ölkənin iqtisadi vəziyyəti qənaətbəxşdir, amma sosial-iqtisadi problemlər girdabındadır. Buna baxmayaraq Moldova Qərbə inteqrasiya baxımından önəmli bir siyasət ortaya qoyub. Azərbaycanla münasibətlər də Moldovanın bu siyasətində yer alır. Bu iki dövlət həm regional, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan və Moldova hər zaman öz əlaqələrini strateji və müttəfiqlik səviyyəsində həyata keçirir. Düşünürəm ki, yaxın gələcəkdə bu baxımdan əlaqələrini rəsmiləşdirəcək".

Ləman Sərraf