Azərbaycanda hüquqi dövlət qurulub, vətəndaş cəmiyyəti bərqərar olub – TƏHLİL

25 Avqust 2023 17:59 (UTC+04:00)

Qanunların aliliyini təmin edən hüquqi dövlətin, eləcə də vətəndaş cəmiyyətinin mövcudluğu sağlam cəmiyyətin, demokratiyanın olduğunu təsdiq edir və məhz inkişafa, tərəqqiyə, eləcə də yüksəlişə belə bir cəmiyyətdə ümid edilir. Demokratik cəmiyyətin yeganə ümumi siyasi hakimiyyəti də elə məhz hüquqi dövlətdir və bunun ümumi bəşəri sərvət hesab olunması heç də təsadüfi deyil. Eyni zamanda, nəzərə alınmalıdır ki, dövlət cəmiyyətin, cəmiyyət isə dövlətin köməyi olmadan köklü məsələləri həll edə bilməz və deməli, vətəndaş cəmiyyətinin inkişaf etmiş strukturu olmadan dövlət demokratik ola bilməz. Hər bir cəmiyyət hüquqi dövlət qurmaqda, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaqda maraqlıdır və Azərbaycanda qanunun aliliyini təmin edən hüquqi dövlətin qurulması, eləcə də vətəndaş cəmiyyətinin bərqərar olması, beləliklə də, ölkəmizdə demokratiyanın, demokratik cəmiyyətin mövcudluğu bizim üçün də qürurvericidir.

Davamlı olaraq yeniliklərin, dəyişikliklərin baş verməsinə, yeni prinsplərin, meyarların meydana çıxmasına baxmayaraq, istər insanlar, istərsə də dövlətlər üçün vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu bütün dünyada öz aktuallığını qoruyur. Elə məhz Azərbaycanda da insan hüquqlarının müdafiəsi, vətəndaş cəmiyyəti və hüquqi dövlət prioritet məsələ olaraq qəbul edilir. Azərbacan dövlətinin hər bir vətəndaşın qarantına çevrildiyini bütün dünyanın qəbul etməsi heç də təsadüfi deyil və bu ondan irəli gəlir ki, ölkəmizdə vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. Dövlətimiz vətəndaş hüquqlarının, azadlıqlarının keşiyindədir və ona görə bu məsələ hər zaman diqqət mərkəzində saxlanılır ki, vətəndaş cəmiyyəti və hüquqi dövlət məhz vətəndaşların hüquqları və azadlıqları təmin edildiyi zaman mövcud olur.

“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı” 1991-ci il 18 oktyabr tarixində qəbul edilsə də, hüquqi dövlət quruculuğunun həyata keçirilməsi, vətəndaş cəmiyyətinin qurulması orada öz əksini tapsa da, bu istiqamətdə konkret işlərə, əməli tədbirlərin görülməsinə məhz Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı və rəhbərliyi ilə başlanıldı. Bu baxımdan cəsarətlə deyə bilərik ki, digər istiqamətlər kimi, ölkəmizdə vətəndaş cəmiyyətinin, eləcə də hüqiqu dövlət quruculuğunun da əsasını məhz Ulu Öndər Heydər Əliyev qoydu. “Azərbaycan Respublikasında demokratik hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməli, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı-bunların hamısı bərqərar olmalıdır. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməliyik”, deyə bəyan edən Ulu Öndər dövlətin möhkəmlənməsi, yüksəlişi üçün hüquqi dövlət quruculuğunun, demokratik cəmiyyət qurmağın, islahatların aparılmasının, bazar münasibətlərini tənzimləyən mükəmməl qanunların qəbul olunmasının vacibliyini nəzərə alaraq, bu istiqamətdə uğurlu addımlara imza atdı.

Müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu Azərbaycan Respublikası özünün inkişaf yolu seçdi, amma bu dövlət quruculuğu prosesi heç də asan başa gəlmədi. Çünki müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı və xatırladığımız kimi, 1991-1993-cü illərdə Azərbaycanda hökm sürən xaos, özbaşınalıq, siyasi səbatsızlıq və naşı idarəçilik, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm və ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsini günü-gündən çətinləşdirirdi. Buna baxmayaraq, müstəqilliyinin ilk kövrək addımlarını atan Azərbaycanda dövlət quruculuğu prosesinə başlanılması ölkədə, ilk növbədə, sabitliyin bərqərar olması həddənindən artıq zəruri addım idi. Məhz belə ağır şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail oldu və ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başladı. İlk növbədə qarşıdurmalar, özbaşınalıqlar, qanunsuzluqlar aradan qaldırıldı, parçalanmaların, vətəndaş qarşıdurmalarının qarşısı alındı, atəşkəsə nail olmaqla ərazilərimizin davam edən işğalına son qoyuldu və bütün istiqamətlərdə, bütün sahələrdə yüksəlişin, inkişafın təməli qoyuldu. Hüququ demokratik dövlət və vətəndaş cəmiyyəti qurmağı özünün başlıca məqsədi olduğunu bəyan edən Ümummilli Lider Heydər Əliyev göründüyü kimi, öz məqsədinə nail oldu və biz bunun əyani şahidiyik. Onun da şahidiyik ki, Ulu Öndərin başladığı dövlət quruculuğu prosesinin məntiqi nəticəsi olan demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin sürətli şəkildə inkişafı, daha geniş şəkildə formalaşması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə həyata keçirilir, bu proses uğurla davam etdirilir. Əsası, təməli məhz dahi rəhbər, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik təliminə uyğun olaraq, milli mənafelərimizin, dövlətçilik maraqlarımızın üstün tutulması Azərbaycan Prezidentinin yürütdüyü siyasətin qayəsini təşkil edir və şahidiyik ki, vətəndaş cəmiyyətinin inkişafına hal-hazırda ölkə rəhbəri, cənab Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” məhz Azərbaycan Prezidentinin 7 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunub və bu, insan, vətəndaş hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl, məqsədyönlü siyasətin parlaq nümunəsidir. Bu nümunə isə öz növbəsində təsdiq edir ki, ölkə rəhbərimizin yürütdüyü siyasətin mərkəzində məhz insan amili durur.

Hüquqi dövlətin formalaşması ictimai həyatda köhnəlmiş demokratik stereotipləri aradan qaldırdı və bu da öz növbəsində hüquqi dövlətin, dövlətçiliyin əsasını təşkil edən dövlət hüquq institutlarının formalaşmasının yalnız demokratik şəraitdə mümkünlüyü qənaətinə gəlməyə əsas vermiş oldu. Artıq demokratik cəmiyyət və hüquqi dövlət ideyası bizim vətəndaşların təfəkküründə və şüurunda transformasiya olunmaqda, adaptasiya olunmaqdadır və görünən odur ki, insanlar bunu daha yaxşı dərk etməyə başlayırlar. Müasir dövrdə strateji inkişaf xətti kimi demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı yolunu seçən Azərbaycan Respublikası dünya təcrübəsini uğurla sınaqdan keçirir, ümumbəşəri dəyərlərdən faydalanır, özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyalarını və maliyyə imkanlarını cəlb edir, onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir. Bu baxımdan artıq cəsarətlə deyə bilərik ki, vətəndaş cəmiyyəti, hüququ dövlət quruculuğu, yaradılan və inkişaf etməkdə olan demokratik cəmiyyət çoxdandır öz bəhrəsini verməkdədir.

Müəllif: İnam Hacıyev

6.3.1. “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.