"Qanunvericiliyə əsasən, ailə mübahisələri (nikahın pozulması, aliment tələbi, uşaqların qəyyumluğu və s.), əmək mübahisələri, kommersiya və əmlak mübahisələri üzrə məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesindən keçmək məcburidir". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.
Onun sözlərinə görə, boşanma zamanı sonra yaranan və uzunsürən məhkəmə mübahisələrinə səbəb olan problemlərdən biri də əmlak bölgüsüdür: "Azərbaycan Respublikasının Ailə Məcəlləsi ər-arvadın əmlakına münasibətdə onların əmlakının ümumi birgə mülkiyyəti prinsipini nəzərdə tutur. Ər-arvadın ümumi birgə mülkiyyəti dedikdə, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak nəzərdə tutulur.
Əlbəttə, bu onlar arasında fərqli qaydalar nəzərdə tutuan razılaşma olmadığı halda keçərlidir. Birgə mülkiyyətə tərəflərin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri həmçinin ümumi gəlirləri hesabına əldə edilən əşyalar daxildir. Nəzərə alınmalıdır ki, əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud banklarda əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak onların birgə mülkiyyətindədir.
Tərəflərin birgə mülkiyyətində olmayan əmlakların çərçivəsinin müəyyən edilməsi bölgünün həyata keçirilməsi üçün zəruridir. Belə ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Boşanma zamanı mübahisələndirilən məqamlardan biri də ziynət əşyalarının bölgüsüdür".
Fariz Əkbərov sözlərinə belə davam edib: "Ailə Məcəlləsinin 34.2-ci maddəsində deyilir, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Buradan belə nəticə çıxarmaq mümkündür ki, ziynət əşyaları, şəxsə hədiyyə şəklində verilmişlər istisna olmaqla, kimin istifadəsində olmasından asılı olmayaraq ümumi birgə mülkiyyətdədir və boşanma zamanı bərabər hissədə bölünür.
Qanunvericiliyin təsbit etdiyi digər mexanizm isə şəxsi mülkiyyətdə olan əşyanın hansı hallarda ümumi mülkiyyət hesab oluna bilməsini tənzimləyir. Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən tərəflərdən birinə məxsus olan əmlak o halda onların birgə mülkiyyəti sayıla bilər ki, ər və ya arvad nikah dövründə həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoymuş olsun. Əmlakın dəyərinin əhəmiyyətli artırılmasına əsaslı təmir, avadanlığı dəyişdirmə və s. aid edilə bilər".
Ayşən Vəli