"Azərbaycan-Macarıstan münasibətləri tarixi köklərə dayanır və sağlam ənənələr üzərində inkişaf edir. Azərbaycanla Macarıstan arasında ticarət, mədəniyyət, turizm və başqa bir çox sahələrdə qarşılıqlı əməkdaşlıq artıq strateji tərəfdaşlığa çevrilib. Sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri bu münasibətlərin daha da yaxşılaşdırılmasına, əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında başlıca rol oynayan ölkələrdəndir: "Əlbəttə ki, bu sahədə Macarıstanla əməkdaşlıq Azərbaycanın iqtisadi cəhətdən inkişafına yeni bir təkan verir. Macarıstan prezidentinin Azərbaycan dövləti və onun rəhbəri haqqında söylədiyi fikirlər bir daha göstərir ki, qarşılıqlı əməkdaşlıq bundan sonra da sürətlə inkişaf edəcəkdir. Bu iki dövlət istər beynəlxalq təşkilatlarda, istərsə də başqa mötəbər tədbirlərdə bir-birinə verdiyi dəstək bu gün də davam etməkdədir". Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycan Prezidentinin yürütdüyü balanslaşdırılmış siyasət bugünkü gündə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsində mühüm rol oynayır: "Artıq dünya ölkələri Azərbaycanı demokratik, iqtisadi cəhətdən inkişaf edən, sülhə dəstək verən dövlət kimi qiymətləndirirlər. Bu, bugünlərdə keçirilən BMT TŞ-nın iclasında bir daha öz əksini tapdı. Həmin iclasda dost ölkələr Azərbaycanın haqq-ədalət mübarizəsinə dəstək verdilər. Ermənistanın təcavüzkar dövlət kimi təqdim olunması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinin əyani göstəricisi oldu".
"Əlbəttə ki, bu gün sürətlə inkişaf edən Macarıstan dövləti ilə əlaqələrin genişləndirilməsi Azərbaycan, eləcə də macar xalqı üçün çox əhəmiyyətlidir. Ona görə də dövlət başçısı İlham Əliyevin Macarıstana səfəri mühüm tarixi əhəmiyyətə malikdir. Şübhəsiz ki, səfərin nəticələri Azərbaycana yeni uğurlar gətirəcəkdir"-, deyə o əlavə edib.
Ləman Sərraf