Azyaşlılar və böyüklər arasında yeni yayılan virusdan necə qorunaq? - SORĞU

21 Avqust 2023 13:16 (UTC+04:00)

Son vaxtlar azyaşlılar və böyüklər arasında virus yayılıb. Belə ki, hətta bu virus onları xəstəxanalıq edir. SİA mövzu ilə bağlı mütəxəssis pediatr Yüksel Hüseynlinin fikirlərini öyrənib.

Onun sözlərinə görə, yay aylarında bir neçə növ virus infeksiyası yayılır: "Əsasən, enteroviruslar dediyimiz mədə -bağırsaq sistemini zədələyən adenovirus və rotavirusa rast gəlirik. Yanaşı olaraq yuxarı tənəffüs yollarında infeksiya törədən viruslar da yayılır.

Ən çox müraciət səbəbi yüksək hərarət, boğaz ağrısı, qusma, ishal və baş ağrısı kimi şikayətlərə bağlıdır. Əsasən, adenovirus infeksiyasında və bəzi bakterial infeksiyalarda bu klinik əlamətlərə rast gəlinir.

Körpə uşaqlarda xəstəlik zamanı halsızlıq, iştahsızlıq və qidadan imtina hallarına rast gəlinir. Bununla yanaşı qusma və ishal da qeyd edilirsə, dehidratasiyaya, yəni bədənin susuzlaşmasına səbəb ola bilər ki, bu kimi hallar uşağın vəziyyətini daha da ağırlaşdırır, temperaturun enməsi çətinləşir, xəstəliyin sağalma dövrü uzanır.

Əlamətlər müşahidə olunan uşaqlar və böyüklər vaxtında həkimə müraciət etməli və səbəb araşdırılıb uyğun müalicə tətbiq edilməlidir.
Virus xəstəlikləri əsasən hava damcı, ortaq əşyalardan istifadə və çirkli əllər vasitəsilə yayılır. Qorunmaq üçün mütləq uşaq və böyüklər tez-tez əlləri yuyub, xəstə olan şəxslərlə ortaq əşyalar və yaxın kontaktdan qaçınmalıdırlar. Baxça və məktəblərə xəstə uşaqlar göndərilməməli, evdə sağalanadək istirahət etməlidirlər".

Azyaşlı övladları Dəniz Piriyeva və Yusif Piriyevin sıx-sıx bu tip narahatlıqlardan əziyyət çəkdiyini bildirən İlqanə xanım fikirlərini SİA ilə bölüşüb: "Qızım Dənizdə son günlər sağalma müşahidə edirəm. Onu ev şəraitində müalicə etməyə çalışıram. Evdə inqalyasiya edirəm və həkimlə məsləhətləşib yüngül bir sirop verirəm. Bu gün həkimə aparacağam ki, görək vəziyyət hansı yerdədir. Mən uşaqlarımı ev şəraitində müalicə etməyə daha çox üstünlük verirəm. Çünki bir çox xəstəxanalar elə virus mənbəyidir.

Oğlumda isə vəziyyət əksinədir. Belə ki, Yusif qızdırdığı üçün ötən gün həkimə yollandıq. Rayon həkimləri də sistemi çox sevir. Buna görə də oğluma 3 gün müddətində sistem məsləhət gördü. Daha sonra evdə şam və müəyyən tabletlər verdim. 3 gün davam edən qızdırma sonunda normaya döndü.

Birinci oğlum yoluxdu. Mən deməzdim ki, Dənizə xəstəliyi oğlum keçirdi.

Biz Bərdədə yaşayırıq. Çox vaxt uşaqları həkimə Bakıya aparıram. Həkimdən xahiş edirəm ki, vəziyyət ciddi olmadıqda bir-birimizlə mesaj vasitəsilə ünsiyyətdə olub məsləhətləşək".

Ayşən Vəli