Böyük Qayıdış uğurla həyata keçirilir - TƏHLİL

18 Avqust 2023 16:53 (UTC+04:00)

Dünya ictimaiyyəti Azərbaycanın Qarabağ iqtisadi rayonunda, işğaldan azad edilən ərazilərdə apardığı tikinti, quruculuq, bərpa işlərinin miqyasını görür və ermənilərin dağıdıcı, vandal xarakteri ilə bizim qurucu, yaradıcı missiyamızı müşahidə və müqayisə edir. Bu müşahidələr və müqaisələrlə dünya ictimaiyyəti işğaldan azad edilən həmin ərazilərin kimə məxsus olduğuna, daha dəqiq desək, həmin torpaqların ermənilərə deyil, Azərbaycan xalqına məxsus olduğuna bir daha əmin olur. Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinin gedişatı həm Azərbaycan xalqının, onun liderinin qurucu olduğu, həm işğaldan azad edilən torpaqların xalqımıza məxsus olduğu, həm də erməni vəhşiliyi səbəbindən öz yurd-yuvalarından didərgin düşmüş, hayların işğalçılıq, etnik təmizləmə siyasəti səbəbindən ata-baba torpaqlarından gen düşmüş həmvətənlərimizin öz doğma yerlərinə, obalarına qayıdışı, Böyük Qayıdış barədə bütün dünyaya çox aydın bir mesajdır.

Vətən müharibəsində möhtəşəm Qələbəmizdən sonra bildiyimiz kimi, ölkəmiz üçün yeni dövr başlayıb və artıq işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, indi hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Bu istiqamətdə görülən işlər də göz önündədir və hədəfimizə doğru inamla irəliləməkdə olduğumuz da təkzib edilə bilməz, hansıki bu, Böyük Qayıdış barədə proqramın reallaşması deməkdir. Sözsüz ki, Azərbaycanın güclü iqtisadi potensialı var və ölkəmizin bu potensialı işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı quruculuq işlərinin həyata keçirilməsi və bununla da Böyük Qayıdışın uğurla icra edilməsi üçün geniş imkanlar deməkdir. Ölkəmizin iqtisadi potensialı keçmiş məcburi köçkünlərimizin öz yurdlarına qayıtması zamanı üzləşə biləcəkləri bütün problemlərin həlli üçün etibarlı zəmin deməkdir və bir növ, Böyük Qayıdışı stimullaşdıracaq amil olaraq çıxış edir.

Əlbəttə ki, bərpa-quruculuq işləri fonunda işğaldan azad etdiyimiz ərazilərin malik olduğu təbii resurslardan və iqtisadi imkanlardan səmərəli istifadə qeyri-neft sektorunun inkişafını daha da sürətləndirəcək, Qarabağ və Şərqi Zəngəzurun əcnəbi şirkətlər üçün investisiya cəlbediciliyini də artıracaq. Heç şübhəsiz ki, ən yaxın zamanda işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı sahəsi sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, hansıki bu, fermerlər üçün əlverişli qazanc imkanları deməkdir. “Ağıllı kənd”, “ağıllı şəhər” strategiyalarının tətbiqi Qarabağ və Şərqi Zəngəzura qayıdacaq soydaşlarımız üçün yeni imkanlar yaradır və bu, onların həyat səviyyəsinin yüksəldilməsidir. Nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulması, dəmir yolu və avtomobil magistrallarının tikintisi isə işğaldan azad edilən ərazilərimizin simasını kökündən dəyişir. Həmin ərazilərin böyük iqtisadi potensialı, bol təbii ehtiyatları, aqrar istehsal və ixrac potensialı, xarici investisiyaların qoyuluşu üçün böyük perspektivlər vəd edir və bu da gələcəkdə yerli əhalinin məşğulluğunun təmin edilməsi, məşğulluq səviyyəsinin daha da yaxşılaşdırılması üçün də geniş imkanlar yaradır. Bir sözlə, işğaldan azad edilmiş ərazilər indi bütün gücü ilə Böyük Qayıdış üçün hazırlanır. Deməli, həqiqətən də Böyük Qayıdış uğurla həyata keçirilir.

Gördüyümüz və müşahidə etdiyimiz kimi, Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Cəbrayılda və başqa azad edilmiş ərazilərdə iri layihələr uğurla davam etdirilir. İşğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma prosesi sürətli, sistemli və planlı şəkildə aparılır. Artıq bu istiqamətdə bir çox əməli addımlar atıldığı göz önündədir. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası və böyük qayıdışın təmin olunması üçün 16 noyabr 2022-ci il tarixdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya çox ciddi tapşırıqlar qoyub. Bütün bunlar onu deməyə əsas verir ki, Böyük Qayıdış barədə nikbin olmağa haqqımız və əsasımız var.

Quruculuq və abadlıq işləri davam etdikcə, işğaldan azad edilən ərazilər daha da gözəlləşir və öz gözəlliyi ilə bütün dünyanı cəlb edir. Bərpa olunan tarixi abidələr, dini və mədəni obyektlər artıq dünyanın diqqət mərkəzindədir. Həmin ərazilərdə məktəblərin, bağçaların, tibb ocaqlarının, xəstəxanaların tikintisi və istifadəyə verilməsi məhz öz yurdlarına qayıdan vətəndaşların daha yaxşı yaşayışı, firavan həyatı üçün nəzərdə tutulub və bu da diqqətdən yayınan deyil. O da diqqətdən yayınan deyil ki, bütün bu işlər ən yüksək səviyyə, ən yüksək şəkildə həyata keçirilir və Azərbaycan bütün bu işləri heç bir maliyyə dəstəyi olmadan, öz hesabına həyata keçirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur quruculuğu proqramı çərçivəsində beynəlxalq səviyyəli hava limanları, ən müasir səviyyədə hazırlanan magistral yollar həmin əraziləri beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır.

Görünən odur ki, Azərbaycan strateji hədəflərini ardıcıl olaraq reallaşdırır və Böyük Qayıdış yolunda əmin addımlar atılır. İşlərin gedişi onu deməyə əsas verir ki, Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq və 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar. “İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur”, - deyə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezindenti cənab İlham Əliyev Böyük Qayıdışın uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Bu isə o deməkdir ki, Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait, yeni reallıqlar ölkəmiz və bölgə üçün çox böyük perspektivlər vəd edir və Böyük Qayıdış həmin perspektivlərin hələ başlanğıcıdır.

Müəllif: İnam Hacıyev

6.3.7. “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.