Məşhur türk sima Canan Karatay “Qəhvəyə yağ tökmək hər dərdə dərmandır” deyəndə bir çoxları onu tənqid etmişdi. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ancaq zaman keçdikcə insanların fikri dəyişdi. Belə ki, artıq Türkiyədə bir çox məkanlarda kərə yağlı qəhvəyə üstünlük verilir.
Dağa qalxarkən üşüməmək və enerji toplamaq üçün kərə yağı ilə qəhvə içən tibetlilər yeni trendin ilk sınayanı oldular. Son araşdırmalar kərə yağının ürək-damar xəstəlikləri, insult və 2-ci tip diabet riskini azaltdığını göstərdikdən sonra yağlı qəhvə dəb halına gəldi. Bodrumun ən dəbdəbəli otellərindən birinin menyusunda yer alan və stəkanı 300 lirəyə satılan yağlı qəhvə böyük diqqət çəkir.
Bunu görən digər sahibkarlar da bu maraqlı ləzzəti öz məkanlarına gətirməyə başladılar.
Həmin məşhur qəhvənin resepti budur:
Lazımi materiallar
1 qəhvə fincanı su
1 çay qaşığı qəhvə
1 çay qaşığı duzsuz kərə yağı
istəyə görə bal
Hazırlanması:
Əvvəlcə bir stəkan su, 1 çay qaşığı türk qəhvəsi və 1 çay qaşığı kərə yağı qəhvə qabına qoyulur və vam odda qaynadılır.
Bu vaxt məhlul qarışdırılmalı və kərə yağı yaxşıca əridilməlidir.
Türk qəhvəsi bişirilərkən qarışdırıldıqda həmişə bir az daha köpüklü olur. Qəhvədəki su soyuq olmalıdır. Əks halda həm dadı, həm də görünüşü arzuolunan olmayacaq.
Əgər şəkərli qəhvəni sevirsinizsə, üzərinə bir az şəkər əlavə etmək olar. Qəhvə köpüyüb qalxmağa başlayanda ocaqdan götürülür, fincana tökülür və su ilə süfrəyə verilir.
Ayşən Vəli