Günlərin bir günündə Моllа Nəsrəddin oğlu ilə səfərə çıxır. Yol uzaq, günəş qızmar. Моllа oğlunu uzunqulağa mindirir, özü isə piyada gedir. Qarşıdan gələn bir dəstə adam uşağın uzunqulağa mindiyini görüb gileylənir: “Bu da indiki cavanlar. Heç böyüyə hörmət etmirlər. Cavan uşaq eşşəyə minib, yazıq qoca isə piyada gedir”. Bu sözdən utanan uşaq eşşəkdən düşür və atasına israr edir ki, o özü minsin uzunqulağa. Molla eşşəyə minir. Bu dəfə qarşıdan gələn başqa bir dəstə deyir: “Bunlara bir baxın. O boyda kişi eşşəyə minib, yazıq uşaq bu istidə piyada gedir”.
Bu sözdən sonra molla oğlunu da tərkinə alır. Yola davam edirlər. Qarşıdan gələn başqa bir dəstə: “Siz bir bunlara baxın. İkisi birdən minib eşşəyə, yazıq heyvan nəfəs ala bilmir”. Molla bilmir nə etsin, yenə qınağa tuş gəlməmək üçün həm özü, həm də oğlu eşşəkdən düşüb piyada gedirlər. Qarşıdan gələn digər dəstə deyir: “Bu axmaqlara bir baxın. Günün altında piyada gedirlər, yanları ilə atıla-atıla gedən eşşəyə minmək ağıllarına gəlmir”.
Bu hadisəni niyə xatırladım, bilirsinizmi? Bu günlərdə Ramiz Rövşəni, Rasim Balayevi, arxasınca da Akif İslamzadəni hədəfə alan medianı, sosial şəbəkə istifadəçilərini izlədikcə xatırladım. Media bilirsiniz kimdir? Molla Nəsrəddinin ətrafı. Molla eşşəyə minir, söz edirlər, oğlunu mindirir, vedrə qoşurlar, ikisi birlikdə minir, şəbədə edirlər, heç biri minmir, yenə lağ edirlər. Yəni, o ətraf bütün hallarda çeynəyəcək saqqız tapır. Media və sosial şəbəkələr də belədir. Nə istəyir, niyə istəyir, necə istəyir, nə özü bilir, nə oxucusu.
Rasim Balayevin Prezidentlə görüşdə işlətdiyi bir ifadəni hədəfə aldılar. Mükafatı burnundan gətirdilər adamın. Nə istədiyini bilməyən “hərşeyşünaslar” sosial şəbəkələrdə ağzına gələni yazdı, təhqir etdi, yerdən-yerə vurdu. Rasim Balayevin təltif edilməsini niyə sinirə bilmədi bu camaat? Çünki əksəriyyət başqasının uğurunu istəmir, gözü götürmür, qarnının qurdları qımıldayır. Ömrünü Azərbaycan kinosuna vermiş 75 yaşlı bir aktyorun prezidentdən mükafat alması, ömrünün son illərini rahat yaşaması iynə kimi batır kütləyə.
Rasim Balayev düz deyir, bu insanlar kütlədir, qaragüruhdur. Ömrünün ən gözəl illərini incəsənətə, mədəniyyətə, kinoya verən birinə qarşı bu ədəbsizliyi etmək qaragüruh işidir. Ekranda qəhrəmanı oynayıb deyə, həyatda da Babək, Nəsimi, Beyrək hünəri gözlədilər aktyordan. İşsiz qalanda, ehtiyac içində yaşayanda heç kimin yadına düşmədiyi, necə yaşadığı ilə maraqlanmadığı aktyor mükafatlandırılanda qəfil yadlarına düşdü.
Ramiz Rövşəni də hədəfə almışdı sosial şəbəkələr bir neçə gün əvvəl. Facebookun Azərbaycan seqmentində bir bənd şeir paylaşıb müəllifinin Necip Fazıl Kısakürək olduğunu iddia edənlər oldu. Şeir Ramiz Rövşənin “Yavaş-yavaş sevdim səni” adlı şeirinin 5-ci bəndi idi. Türkcəyə tərcümə edilib Necip Fazılın fotosu fonunda montaj edilən bu bənd türk şairin adına yazıldı. Amma nə şeirin davamını, nə əlyazmasını, nə də şairin nəşr edilmiş kitabından nümunə göstərən oldu. İddia edənlərin bircə arqumenti vardı, Necip Fazıl Ramiz Rövşəndən böyükdür, deməli, birinci o yazıb.
İnternet təhlükəli və soyuq silahdır. Bir də görürsən sənin heç vaxt istifadə etmədiyin cümləni, fikri sənin adından montaj edib paylaşıblar, camaat da partapart sənin qabırğana döşəyir. Heç kim əslini araşdırmır, real olub-olmaması ilə maraqlanmır. Ramiz Rövşənin şeirini Necip Fazılın adı ilə montaj etməyi müasir texnologiyadan anlayan ən sadə adam da bacarar. Bu fotoya inanıb Ramiz Rövşəni plagiatlıqda suçlayanlar kütlə deyil, bəs nədir? Türk şairin saytının redaktorunun Ramiz Rövşənlə görüşəndə şairin dilindən eşitdiyi şeiri çox bəyənməsi, şairdən icazə alıb şeiri idarə etdiyi sayta qoyması, qoyarkən, sadəcə, həmin bəndini və imzasız qoyması heç kimi maraqlandırmadı. Böhtan atmağa təzə adam tapmışdılar axı. Ramiz Rövşən bununla bağlı öz səviyyəsini qoruyaraq açıqlama vermədi, oğlu israr edəndə də deyib: “Qoy elə də bilsinlər. O bənd qurbandır Necip Fazıla”.
“Mən xalq artisti olmaq üçün oxumamışam” deyəndə Akif İslamzadəni qaldırıb dağın başına qoyan kütlə, o, mükafat alanda oradan qaytarıb yerə çırpmağa girəvə gözləyirdi. Qarğa-quzğun kimi fürsət axtarır bəziləri. Xaosdan, intriqadan qidalananlar var axı. Amma 44 günlük müharibədə Azərbaycan Prezidentinin siyasi bacarığını təqdir etdiyinə görə ona qarşı hücumlar da başladı. Dünən “böyük sənətkardır”, “xalqın sərvətidir” dedikləri 75 yaşlı Akif İslamzadənin ünvanına olmazın təhqirləri yağdırdılar, böhtanları döşədilər.
İndi siz deyin, bu insanlar kütlə, qaragüruh deyil, bəs nədir?
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb