Günvurmadan qorunmaq üçün nə etmək lazımdır?

14 Avqust 2023 10:13 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin təcili yardım həkimi Nərgiz Kərimova “Həkim məsləhəti” rubrikasında “Günvurma və onun əlamətləri. Günvurmadan qorunmaq üçün nə etmək lazımdır?” mövzusunda məlumat verib.

Havanın yüksək hərarəti orqanizmdə müəyyən fəsadlara, o cümlədən günvurmaya səbəb olur. Günvurma ətraf mühitin təsiri nəticəsində bədən hərarətinin həddindən artıq qızması və kəskin ağır vəziyyətin yaranmasıdır. Bu durum təhlükəli hesab edilir. İstilik nəticəsində orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Bu zaman orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir.

Günvurma uzun müddət və birbaşa günəş şüalarının başın açıq sahələrinə təsiri nəticəsində yaranan vəziyyətdir. Günvurma əsasən yay mövsümündə uzun müddət günəş altında başıaçıq vəziyyətdə qaldıqda baş verir. Günəş şüalarının təsiri nəticəsində baş beyində qan axını artır və nəticədə qan dövranı pozulur.
Günvurma zamanı günəşin infraqırmızı şüaları təkcə bədənin səthini deyil, beyin toxumasını da əhatə edən dərin toxumaları istiləşdirə bilir. İlk növbədə, günvurmadan mərkəzi sinir sistemi əziyyət çəkir. Günvurmaya bütün insanlar məruz qala bilər, lakin risk qrupu əsasən 5 yaşdan kiçik uşaqlar və 65 yaşdan böyük insanlar, şəkərli diabet, arterial hipertenziya kimi xroniki xəstəliyi olan şəxslər və açıq havada günəş altında işləyən şəxslər məruz qalırlar.

Günvurmanın əsas əlamətləri kəskin başağrısı, başgicəllənmə, halsızlıq, ümumi zəiflik, ürəkbulanma, qusma, bədən temperaturunun 40 dərəcədən çox yüksəlməsi, dərinin qızarması və quruması, nəbzin tezləşməsi, ürək ritminin pozulması, tezləşmiş və səthi tənəffüs, qulaqlarda küy, ağır hallarda qıcolma və huşun pozulmalarıdır.
Günvurmanın 3 növü var: yüngül, orta və ağır dərəcəli günvurma. Günvurma zamanı ilkin yardım zərərçəkəni kölgəyə və sərin yerə aparmaq, başı yuxarı olmaqla uzatmaq, onu dar paltarlardan azad etmək, sərin su vermək, alın, qoltuqaltı və digər iri damarlar keçən nahiyələri soyuq su ilə silmək və ya kompres qoymaq lazımdır.

Günvurma şiddətli dərəcədə olduqda xəstənin üzü qırmızı, isti və solğun olur, temperatur kritik olaraq yüksəlir və hallüsinasiyalar baş verə bilir. Qıcolma, huşun pozulması kimi ağır hallarda isə tibbi müdaxilə tələb olunur. Günvurmadan özünüzü qorumaq üçün günorta saat 11.00-dan 17.00-a qədər birbaşa günəş işığında mümkün qədər az olun.

Yaşlı və meteohəssas insanlar, əvvəllər insult və ya infarkt keçirmiş xəstələr, hormonal pozğunluqları və allergiyası olanlar, artıq çəkili insanlar qızmar günəşin birbaşa şüalarından qorunmalıdırlar. Günəşdən qorunmaq ciddi yanaşma tələb edir, bunu qulaqardına vurmayın, çünki təsirləri sağlamlığınız üçün çox təhlükəli ola bilər.