"Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində respublika ərazisində növbəti ödənişsiz hüquqi yardım aksiyaları keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, kollegiyanın mətbuat xidmətindən bildirilib ki, aksiya ilə əlaqədar Bakı şəhərində “Kredo” vəkil bürosunun vəkilləri tərəfindən 18 vətəndaşa hüquqi məsləhətlər verilib, habelə müvafiq yazılı sənədlər tərtib edilib.
Tədbirlər planı çərçivəsində “Mirzəyev və partnyorları”, “Yusifbəyli və partnyorları” və 4 saylı vəkil bürosunun vəkilləri tərəfindən Naxçıvan Muxtar Respublikasına səfər edilib, orada 32 nəfər vətəndaşın ərizə və şikayətlərinə baxılıb. Eyni zamanda, mülki, ailə və inzibati işlərə dair məsləhətlər verilib.
Bundan əlavə, Gəncə şəhərində Gəncə şəhəri 1 saylı vəkil bürosu tərəfindən “Açıq qapı” günü təşkil edilib və müraciət edən 15 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilib.
Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, torpaq mübahisələri, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.