Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov “Həkim məsləhəti” rubrikasında "Kriptorxizm - xaya sindromu" mövzusunda məlumat verib.
Kriptorxizm nədir? Uşaq ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə böyrəklər səviyyəsində, bel nahiyəsində qoyulur. Bətndaxili inkişafda xaya xayalığa doğru enməyə başlayır, 8-9-cu aylarda xayalığa enir. Uşaq doğularkən hər iki xaya xayalıqda olmalıdır. Bəzən uşaq doğularkən xaya xayalığın dibindən nisbətən yuxarıda qalır. Belə halda tam enməmiş olmasına baxmayaraq, doğulduqdan bir neçə ay sonra, təqribən 6 aya özbaşına (müalicəsiz) xayalığın dibinə enir. Bu prosesə xayanın transpozisiyası və ya yerdəyişməsi deyilir. Lakin bir sıra hallarda xayanın xayalığa enməsi prosesi pozulur və xaya enməli olduğu yolun hər hansı bir hissəsində (qarın, qasıq kanalı daxilində və.s ) qalır və xayalığa qədər enmir.
Xayanın xayalıqdan kənarda (yuxarıda), enməli olduğu yol boyunca hər hansı səviyyədə qalmasına kriptorxizm, yəni gizli xaya deyilir.
Birtərəfli və ikitərəfli, yalançı və həqiqi kriptorxizm ayırd edilir. Yalançı kriptorxizmdə uşaq isti vannada olduqda və ya isti otaqda sakit halda uzandıqda xaya xayalıqda olur, lakin uşaq ayaqüstə durduqda, soyuq otaqda olduqda xaya qasıq nahiyəsinə doğru yuxarı qaçır. Həqiqi kriptorxizmin də iki forması var: qarın və qasıq kriptorxizmi. Həqiqi kriptorxizmdə xayanın nəzərə çarpan yerdəyişməsi olmur. İkitərəfli kriptorxizmdə əsas əlamət xayalığın yaxşı inkişaf etməməsi, hər iki xayanın xayalıqda olmaması, dərisinin qırışlanmaması, birtərəfli kriptorxizmdə xayalıqda assimmetriyanın olması, bir xayanın xayalıqda olmaması müəyyən edilir.
Qarın kriptorxizmində xayanı əllə aşkarlamaq mümkün olmur, hətta bir çox hallarda ultrasəs müayinəsi (USM) də onu aşkarlaya bilmir və digər müayinələr (kompüter tomoqrafiyası – KT, maqnit rezonans tomoqrafiya – MRT) aparılır. Qarın kriptorxizmində qarın boşluğunda olan xayanın yerləşdiyi nahiyəyə müvafiq ağrılar ola bilir. Bu ağrılar qonodotropin iynəsindən sonra artır və xayanın həqiqətən qarın boşluğunda olmasını artırır.
Kriptorxizm əməliyyatının mahiyyəti nədən ibarətdir?
Əməliyyatın mahiyyəti xayanı qidalandıran damarların və xayanın özünün minimal travmatizasiyası ilə enməmiş xayanı maksimum şəkildə xayalığın dibinə qədər endirməkdir. Bəzən isə, əsasən də gecikmiş hallarda, xaya çox kiçik olduqda, yaxud çox deformasiya olunduğu hallarda onu endirməyin ciddi bir əhəmiyəti olmadığından xayanın götürülməsi (orxiektomiya) əməliyyatı icra olunur. Çox təəssüf olsun ki, bəzən yetkin yaşda olan oğlanlarda da kriptorxizm aşkarlanır. Bunun əsas səbəbi isə valideyn diqqətsizliyi, səhlənkarlığı və uşağının sağlamlığına laqeyidliyidir. Əlbəttə ki, uşaq həkimlərinin üzərinə də çox ciddi məsuliyyət düşür.