Heç nə Ermənistanın istədiyi kimi nəticələnməyəcək
Son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə cərəyan edən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və bu da danılmaz faktdır.
Daha dəqiq desək, bu kimi məlumatlarla Azərbaycanın Müdafiə və Xarici İşlər Nazirlikləri də dəfələrlə rəsmi məlumatlar yayıblar. Zaman-zaman erməni silahlı birləşmələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaları və s. təxribatlar nəticəsində toplanan dəlillər də bunu təsdiqləyir.
Lakin diqqətçəkən daha bir məqam odur ki, Ermənistan bir tərədən danışıqlar prosesini davam etdirmək istədiyini açıqlayır, digər tərəfdən isə bölmələrimizi atəşə tutur və hər təxribatın qarşısı artıqlaması ilə alınır. Sonuncu “Qisas 2” əməliyyatı da buna gözəl nümunə idi.
Proseslərə diqqət yetirdikdə, Ermənistanın bu addımlarının nəyə xidmət etdiyi növbəti sualları doğurur.
Ermənistanın istədiyi nədir - sülh prosesinin əldə edilməsi mümkünlüyünü uzatmaq, yoxsa üçüncü Qarabağ müharibəsini başlatmaq?
Bugünlərdə bir sıra politoloqların və hərbi ekspertlərin irəli sürdükləri fikirləri də maraq doğurur. Və bu məsələdə Rusiya sülhməramlılarının da qaranlıq cəhdləri önə çıxarılır. Belə ki, Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının arxasında gizlənən erməni silahlı birləşmələri atəşkəsi pozmaqla təxribatlar törədirlər və RSK sanki bunlara şərait yaradır. Bəs xəritədən silinmək təhlükəsi altında qalan Ermənistan tərəfi bundan bixəbərdirmi?
Bu güc özünü siyasi masada da göstərir
Fakt budur ku, 44 günlük Vətən müharibəsindəki zəfərimizdən sonra Ermənistandakı iqtisadi, siyasi və hərbi vəziyyət acınacaqlıdır. Müharibədən sonra kapitulyasiya aktına imza atan Ermənistanın 10 mindən yuxarı, demək olar ki, ordusunun sayı qədər fərarisi var. Həmçinin, orada 5 mindən yuxarı birinci qrup, 6 mindən çox ikinci qrup əlil hərbçi var. Yəni, Ermənistandakı ümumi mənzərəyə baxanda hərbi-iqtisadi vəziyyət göz önündədir.
Ermənistanda silah-sursatın olmaması, ordudakı ağır korrupsiya faktlarına görə də erməni ordusundan danışmaq yersizdir. Dünyada bənzəri olmayan bir formada erməni xalqı müharibəni uduzan komandanın partiyasını yenidən iqtidarda saxlayır. Bu, insanların müharibə istəmədiyini göstərir. Onlar ən pisləri arasından daha az pis olanı seçirlər. Yəni, erməni xalqı yenidən Serj Sarkisyan və Robert Koçaryan kimi siyasi don geyinən terrorçuların hakimiyyətə gəlməsini istəmir. Hərçənd ki, Nikol Paşinyan islahatlar aparacağı barədə anons verir, lakin xalq bunu görmür. Onun yarıtmaz komandası, qeyri-müəyyən siyasəti və revanşist qüvvələrin müharibə ritorikası Paşinyanı normal çalışmağa qoymur. Onu müstəqil siyasət yeritməyə revanşist toplum və onları idarə edən terrorçular qoymur. Təbii ki, Qərb dairələrinin də təsirləri kifayət qədərdir.
Bunların hər biri günün reallığıdır. Azərbaycanın qalib durumu, siyasi, iqtisadi, hərbi və geopolitik sahələrdəki düzəni formalaşdırması ölkəmizi daha güclü edir. Bu güc özünü siyasi masada da göstərir. Postmüharibə dövründəki bütün görüşlərdə Azərbaycan lideri bu danışıqlarda diktə edən tərəf olur. Bu gün də bu siyasət davam etdirilir.
Lakin ermənilərin atəşkəsi pozması qarşısı alınmayacaq uğurların ləngidilməsinə hesablanır. Onlar atəş açmaqla sülhə gedən yolu uzatmağa və vaxt qazanmağa çalışırlar. Lakin vaxtın nə üçün qazanılması heç onların özlərinə də aydın deyil. Çünki Ermənistan gün keçdikçə çökür. Yəni, orada hansısa bir inkişaf mövcud deyil ki, güclənmək və ordu formalaşdırmaq imkanları olsun. Təbii ki, bu hərəkətlər absurddur. Amma bu, erməni xisləti və hiyləsidir.
Ermənistanın bugünkü hərbi-siyasi rəhbərliyi daha dərindən düşünməli və rasional qərarlar qəbul etməlidir
Azərbaycan da bunları çox yaxşı görür və analiz edir. Söz yox ki, lazım olan vaxtda layiqli cavablar verilir. Necə ki, son günlərdə “Qisas 2” əməliyyatı ilə mənfur düşmənin təxribaxtlarına cavab oldu. Bir daha ermənilərə göstərildi ki, hansısa böyük təxribat onların sonlarını gətirib çıxara bilər.
Ermənistanın bugünkü hərbi-siyasi rəhbərliyi daha dərindən düşünməli və rasional qərarlar qəbul etməlidir. Bu, Azərbaycanın təklif etdiyi 5 baza prinsipləridir ki, bunlar bölgəyə həm siyasi, həm də iqtisadi sabitlik gətirə bilər.
Ermənistan Azərbaycanın təklif etdiyi bütün şərtlərə əməl etməyə borcludur. Birincisi, Ermənistan məğlub ölkədir, ikincisi isə bu təkliflər hamı üçün məqbuldur. Azərbaycan yalnız öz çıxarlarını deyil, bütün reallıqları nəzərə alıb və çalışır ki, bundan sonra müharibə olmasın, sülh və əmin-amanlıq olsun. Bunun üçün artıq Ermənistanın vaxtı daralır. Ona görə də rəsmi İrəvan yaxşı düşünərək adekvat addım atmalıdır. Əks halda, heç nə Ermənistanın istədiyi kimi nəticələnməyəcək.
Afət Tahirqızı