"Jurnalistika ixtisasına bakalavriat səviyyəsində qəbul olmaq istəyən abituriyentlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qabiliyyət imtahanları həmişə olduğu kimi şəffaf və ədalətli formada baş tutdu. Belə ki, Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün tərtib edilmiş esse mövzuları öncədən DİM-in saytında yerləşdirilir və müsabiqəyə hazırlaşan jurnalistlərin imkanı var ki, mövzulara baxıb o üzrə hazırlıq görsünlər. Sonra isə ümumi mövzular arasından püşkatma yolu ilə üç mövzu seçilərək imtahan iştirakçılarına təqdim olunur". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.

Müşfiq Ələsgərli sözlərinə belə davam edib: "Biz Mətbuat Şurasının İdarə Heyətinin üzvləri olaraq dünən həmin püşkatma prosesində iştirak etdik. 200-ə yaxın mövzu arasında püşkatma yolu ilə 3-ü seçildi. Kifayət qədər asan, mövzusu ümumi olan və hər kəsin yaza biləcəyi mövzulardır. Qabiliyyəti, yazmaq imkanı və bacarığı olan şəxslərin bu mövzularda esse yazması kifayət qədər asandır. Mövzular püşkatma yolu ilə seçildiyinə görə əlavə hər hansı bir problem də yoxdur.
Püşkatma prosesindən sonra imtahanın keçirildiyi mərkəzlərə yollandıq. DİM-ə də təşəkkür edirik ki, bizə həm püşatma prosesində, həm də imtahan keçirilən mərkəzlərdə müşahidəçi kimi iştirak etməyə şərait yaratdılar. Burada DİM KİV-ə də şərait yaratdı ki, prosesi işıqlandırsınlar.
Abituriyentlər üçün hər cür şərait yaradılmışdı ki, onlar özlərini rahat hiss etsinlər. Düşünürük ki, ən elementar bacarıqları olan bütün şəxslər burada uğur qazanacaqlar. İndidən müsabiqədə qalib gələcək şəxslərə uğurlar arzu edir və onları təbrik edirəm".
Ayşən Vəli