"Ana südü bir-iki aydan çox olmamaq şərti ilə kəsilibsə, uşaq süni qida ilə qidalanırsa, bunun səbəbləri araşdırılmalıdır. Bu səbəblər araşdırılmadan söz demək çətindir. Ümumi olaraq bir neçə istiqaməti qeyd etmək mümkündür". SİA xəbər verir ki, bu sözləri açıqlamasında pediatr İlhamə Mirzəyeva deyib.
Onun sözlərinə görə, çox nadir hallarda ana südünün kəsilməsi kəllə beyin travması ilə bağlı ola bilər, eyni zamanda beyin mənşəli hər hansı digər problemlər də laktasiya prosesini poza bilər: "Bu da ana südünün kəsilməsinə gətirib çıxarır. Belə hallarda ana südünün bərpası mümkün olmur. Əgər ana hər hansı dərman qəbul edir və bunu gizlədirsə, uşağa uzun müddət süd vermirsə, bunu bərpa etmək olmur".
"Amma 90% anada südün kəsilməsi anaların özündən asılı olur. Yəni beyin mənşəli xəstəlikdən qaynaqlanan problem yoxdursa, süni və anadan qaynaqlanan problemdirsə, bunu bərpa etmək olar. Məsləhət görərdim ki, analar gecə vaxtı uşaqlara iki-üç dəfə süd versinlər. Çünki gecə vaxtı süd daha tez sintez olunur və uşaq daha yaxşı doyur”-, deyə o əlavə edib.