RF: "Laçın dəhlizi" mövcud deyil -ANALİTİK+AKTUAL

2 Avqust 2023 15:39 (UTC+04:00)

Prezident İlham Əliyevin hələ 2021-ci ildə səsləndirdiyi fikirləri bu gün Rusiya tərəfindən təsdiqlənir

Bir müddət əvvəl Rusiyanın TASS informasiya agentliyi ölkənin baş nazirinin müavini Arkadi Overçukun müsahibəsini dərc etmişdi. O, sözügedən müsahibəsində Bakı ilə İrəvan arasındakı münasibətlər barədə kifayət qədər müxtəlif fikirlər səsləndirmişdi. Əslində, burada heç bir qəribəlik də yoxdur. Çünki o, üçtərəfli komissiyanın Rusiya tərəfindən olan həmsədridir. Lakin bu müsahibədə nəzərəçarpan əsas və diqqətçəkən məsələ o oldu ki, Overçuk "Laçın dəhlizinin" mövcud olmadığını, bundan sonra da olmayacağını rəsmən bəyan edib.

Overçuk: "Nəqliyyat rabitələrinin blokadadan çıxarılması Yerasx (Arazdəyən) - Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası ilə başlayacaq"

Digər tərəfdən rusiyalı rəsmi kommunikasiyaların blokadadan çıxarılması, Zəngəzur dəhlizinin açılması ətrafında fikirlərini səsləndirib. Məsələn, o deyib: "... Kompleks sənədlər formalaşdırılıb. Orada bəyan edilib ki, regionda nəqliyyat rabitələrinin blokadadan çıxarılması Yerasx (Arazdəyən) - Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası ilə başlayacaq və tərəflərin suverenliyinə hörmət ediləcək... Beləliklə, bu yol üzərində - Azərbaycanın ərazisində öz qanunları Ermənistanın ərazisində isə öz qanunları işləyəcək".

İndi isə, gəlin, Azərbaycan Prezidenti İlham Əliyevin regionda kommunikasiyaların açılması ilə bağlı fikirlərini xatırlayaq...

Azərbaycan Prezidentinin iki il əvvəl verdiyi bəyanatı bu gün öz məntiqi sübutunu tapır!

Misal üçün, ölkə rəhbərimiz NATO-nun baş katibi Yens Stoltenberqlə görüşü zamanı bəyan etmişdi: "Üçtərəfli Bəyanatda açıq şəkildə bildirilir ki, Azərbaycan Laçın dəhlizini əlçatan etməklə yanaşı, həm də təhlükəsizliyini təmin edir. Ermənistan da bizim üçün Zəngəzur dəhlizində eyni vasitəni təqdim etməlidir. Hazırda (həmin vaxt) Laçın dəhlizində gömrük məntəqəsi yoxdur. Zəngəzur dəhlizində də eyni vasitə olmalıdır. Əgər Ermənistan Zəngəzur dəhlizində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətinə gömrük məntəqələri tətbiq edəcəksə, onda biz də identik şəraitdə Laçın dəhlizində eyni vasitəni tətbiq edəcəyik. Bu, məntiqdir".

Bəli, İlham Əliyev bu fikirlərini hələ 2021-ci ildə vurğulayıb! Bu gün isə - 2023-cü ildə Laçın yolunda Azərbaycanın sərhəd buraxılış məntəqəsi, həmçinin, gömrük məntəqəsi mövcuddur.

Rusiyalı rəsminin fikirlərində "blokada" barədə heç deyilmir

Rusiyanın baş nazirinin müavini isə deyir ki, nə Bakı, nə də İrəvan Zəngəzur dəhlizinin üzərində suveren nəzarətə qarşı deyillər. Məgər bu faktın özü İlham Əliyevin iki il əvvəl dediyi fikirlərinin təsdiqi deyilmi?

Maraqlısı da budur ki, rusiyalı rəsmi bunu təsdiq edir. Eyni zamanda, onun fikirlərində Laçın yolunun "blokadası" barədə heç nə deyilmir. O cümlədən, Azərbaycan sərhədçilərinin fəaliyyəti barədə də heç bir tənqidi, yaxud mənfi fikirlər yoxdur. Beləliklə isə fakt budur ki, bütün tərəflər rəsmi Bakının haqlı olduğunu qəbul edirlər.

Bu gün Ermənistan hakimiyyətinin Laçın yolu üzərində oynamağa çalışdığı tamaşası isə heç bir məntiqə sığmır. Əks halda, bu məntiqsizliyi də aradan qaldırmaq üçün Azərbaycan əlində olan bütün vasitələrdən istifadə etmək gücündə və iqtidarındadır.

Afət Tahirqızı