"Yeni agentliklər çağdaş dünyanın inkişaf mexanizminə uyğunlaşdırılıb" - TƏHSİL EKSPERTİ DANIŞDI

31 İyul 2023 17:35 (UTC+04:00)

“Bildiyiniz kimi, bu vaxta qədər Elm və Təhsil Nazirliyinin tabeliyində iki agentlik fəaliyyət göstərirdi. Bunlardan biri Təhsildə Keyfiyyət Təminatı Agentliyi, digəri isə Peşə Təhsili üzrə Dövlət Agentliyidir. Düşünürəm ki, agentlik statusu əsasında fəaliyyət göstərən bu qurumlar öhdəçilik daşıdığı istiqamətlərdə faydalı iş mexanizmini həyata keçirə bilib. Peşə təhsili haqqında bu sözləri daha çox demək olar”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Elmin Nuri deyib.

Onun sözlərinə görə, Azərbaycan təhsilində son illər inkişaf etmiş sahələrdən biri də məhz peşə təhsilidir: “Düşünürəm ki, bunun da səbəbi peşə təhsili ilə məşğul olan, onun icraatını həyata keçirən, inkişaf strategiyasını yerinə yetirən müstəqil agentliyin olması idi. Nə yaxşı ki, ölkə başçısının qərarı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində bundan sonra əlavə iki agentlik də fəaliyyət göstərəcək. Peşə və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümunəsində görürük ki, müstəqil agentlik kimi fəaliyyət göstərən qurumlar özlərinin kuratorluq etdiyi istiqamətlərdə yüksək faydalılıq nümayiş etdiriblər. Buna görə də yeni fəaliyyətə başlayacaq istər Məktəbəqədər, istərsə də Ümumi Təhsil üzrə Dövlət Agentliyinin faydalı iş əmsalının yetərli olacağına qəti şübhə etmirəm. Çünki bu zaman fokuslanma tam surətdə həyata keçirilir”.

Ekspert sözlərinə davam edərək bildirib ki, bir agentliyin daxilində onun öhdəçiliyində olan istiqamətlə bağlı konkret və təcrübəli mütəxəssislər çalışır: “Həmin mütəxəssislərdən ibarət olan komanda sistemli iş mexanizmi əsasında öz işlərini yüksək səviyyədə həyata keçirmiş olurlar. Doğrudur, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin işi digər ikisindən çox olacaqdır. Çünki onun auditoriyası, kontingenti həddindən artıq genişdir. Bu işin tapşırılacağı insanların üzərinə böyük bir missiya yüklənir. Ötən həftə ölkə başçısının fərmanı ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əsasnaməsi təsdiqləndi. Əsasnamədə bu agentliklərin inkişaf parametrləri ilə bağlı çox gözəl detallar əksini tapıb. Bu agentliklərin inkişaf mexanizmi çağdaş dünyanın inkişaf mexanizmi ilə əlaqələndirilib. Bu isə müsbət haldır".

Ləman Sərraf