XIII Qəbələ Musiqi Festivalının proqramına uyğun olaraq, iyulun 28-də Heydər Əliyev Konqres Mərkəzində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların iştirakı ilə növbəti konsert proqramı təqdim olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, festivalın təşkilatçı qurumlarının təmsilçilərinin, yerli musiqisevərlərin və şəhərin qonaqlarının iştirakı ilə keçən konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər.
Tamilla Əhədova (piano), Nərminə İsmayılova (piano), Camalə Abdinzadə (piano), Çinarə Əzimova (soprano), Surə Rüfət (violin), Humay Hacızadə (viola), Aytən Rüstəmli (kamança), Mirxalid Məmmədzadə (fleyta), Cəlil Bəşirli (tar) və Vaqif Qurbanovun (cello) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. İfaçıları pianoda Svetlana Əhmədova, Rəfiqə Quluzadə və Nuridə Novruzova müşayiət ediblər.
Konsertdə Fikrət Əmirovun, Firəngiz Əlizadənin, həmçinin P.Çaykovskiy, H.Vieuxtemps, G.Bizet, V.Horovits, V.Monti, R.Şuman, Ch.Gounod, L.Əhmədova, T.Əhədova, R.Əhmədzadə və digər bəstəkarların əsərləri səsləndirilib.
Qeyd edək ki, “Gənclərə dəstək” layihəsinin məqsədi gənc və istedadlı ifaçıların, bəstəkarların gələcək böyük sənət həyatına vəsiqə verməkdir. Layihə çərçivəsində gənclərin ilk konserti 2016-cı il noyabrın 15-də olub. Həmin vaxtdan onlar mütəmadi olaraq hər ay bir neçə dəfə silsilə konsertlər verərək, öz dinləyici kütləsini yaradıb, geniş auditoriyanın rəğbətini qazanıblar. “Gənclərə dəstək” layihəsi cəmi yeddi ildir yaranmasına baxmayaraq, artıq ölkəmizin hüdudlarından kənarda da tanınır.