Difteriyaya görə ərazidəki məktəblərdə təhsil dayandırıldı

28 İyul 2023 19:03 (UTC+04:00)

Nigeriyanın Bauçi rayonunda 5 şagirdin difteriya xəstəliyindən həyatını itirməsi səbəbindən ərazidəki məktəblərdə təhsil dayandırılıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Nigeriya Milli İlk Yardım İnkişafı Agentliyinin (NPHCDA) Bauçi dövlət koordinatoru Rilvanu Məhəmməd sözügedən mövzu ilə bağlı deyib: “Beş şagirdin difteriyadan ölməsindən sonra bəzi uşaqların da difteriya testləri müsbət çıxıb. Bu səbəbdən rayondakı məktəblərdə təhsil dayandırılıb. Xəstəliyin qarşısını almaq üçün peyvəndlər hazırlanacaq”.

Qeyd edək ki, son 2 ayda Nigeriyada 836 difteriya halı baş verib ki, yoluxanlardan 80-i dünyasını dəyişib.

“Quş iflici” olaraq da adlanan difteriya, "corynebacterium diphtheriae" adlı mikroorqanizm boğaz, burun, göz və dəridə yerləşdiyi zaman meydana gəlir. Yoluxucu xəstəlik adətən ölümlə nəticələnir.