Milli mətbuat: çevik, operativ və peşəkar gücə necə çevrilməli?

27 İyul 2023 11:25 (UTC+04:00)

Şuşada keçirilən Media Forumu milli mətbuatımızın gələcək perspektivləri baxımından müxtəlif fikirlərin bolluca səsləndiyi, real təkliflərin masada müzakirə olunduğu məkan kimi də yaddaşlara yazıldı. Ölkənin Prezidenti cənab İlham Əliyevin media ilə bağlı dedikləri də, Forumdakı plenar müzakirələrdə səsləndirilən irad və təkliflər də həm mətbuatımızın hazırkı durumunu daha real görməyə imkan verir, həm də qarşıdakı dövr üçün hansı hədəflər üzərində işləməyimizə yardımçı olur. Bu gün dövlət var gücü ilə medianın yanındadır, həm maliyyə baxımından, həm də bütün məsələlərdə. Dövlətin adından medianın inkişafına dəstək üçün yaradılan MEDİA agentliyi də yarandığı gündən milli mətbuatın ayağa qaldırılması, peşəkar və çevik medianın yaranması üçün var gücü ilə çalışır. Yəni, bunu görməmək, ya da görməzlikdən gəlmək də böyük insafsızlıq, vicdan uzaqlığında olan məsələdir.

Lakin bütün məsuliyyəti və problemlərin çarəsini bütövlükdə dövlətin, MEDİA agentliyinin üzərinə yükləmək, heç bir çıxış yolu düşünməmək, “necə olsa da dövlət yenə də dəstəyini əsirgəməz” yanaşması ilə gün keçirmək qəti yolverilməzdir. Bəs media əhli, jurnalist qurumları nə düşünürlər? Əsasən də, sosial şəbəkələrdəki diletant, xəbər daşıyıcılığından, informasiya sektorundan bixəbər olan təsadüfi adamların “informasiya hegemonluğuna” son qoymaq üçün daha peşəkar və çevik, sistemli mətbuat formalaşdırmağın zamanı deyilmi? Bax, günün ən aktual mövzusu da, sualı da, veriləsi cavabı da budur!

Çünki açıq-aşkar görünən odur ki, getdikcə internet məkanında bu, “media”nın üstünlüyü ələ alması peşəkar mətbuatı kölgədə qoyur. Üstəlik, indi yuxarıda qeyd etdiyim kimi, tam təsadüfi adamlar hərə əlinə kamera, indi dəbdə olan və internetə bağlı smartfon alıb istənilən hadisəni çəkib anındaca sosial şəbəkə hesabına yerləşdirir, ilk xəbər istehsalçısı kimi ortaya çıxır və ən əsası da ciddi və peşəkar mətbuatı oyundankənar vəziyyətə salır. Elədirmi? - Əlbəttə, elədir. Məhz onlar on minlərlə insanın potensial xəbər müştərisinə çevrilirlər. Məhz onlar ictimai rəyə təsir edən psixoloji xəbər üstünlüyünə sahibdirlər, eləmi? - Elədir. Belə olan halda sayt və internet TV-lərdə ciddi medianın hazırladığı xəbər materialları da olur bayat xörək, “ikinci əl xəbərçilik”, baxanı da olmur. Belə olan halda peşəkar media sosial şəbəkələrdəki diletant, amma operativ fərdlərə uduzdumu ?- Uduzdu! Sonradan daldan atılan daş kimə dəyir dəysin. Hədəfə ki dəymir...

Mətbuatın hazırkı problemlərindən ən aktualı da jurnalistikanın janrları barədədir. İndi bütün media yalnız və yalnız xəbər janrına köklənib. Mətbuatın hazırkı rentgeninə baxın: təkcə xəbər janrı dəbdədir sadəcə. Bəs analitik yazılar, araşdırmalar, müsahibələr necə oldu? Sanki özümüz bilib-bilmədən milli jurnalistikanı qeyri-peşəkarcasına “budayıb” gedirik. Müasir dünyada da qəzet artıq xəbər daşıyıcısı deyil, fikir daşıyıcısıdır. Avropada qəzet səhifələrini ən aktual mövzulara həsr olunan müzakirələrə, ideya və təkliflərə, analitik yazılara görə oxuyurlar. Hər bir avroalı, məsələn, şou-biznes, idman, ya da başqa sahələr barədə onsuz da sosial şəbəkələrdə, saytlarda oxuyur. Amma qəzet ona ən aktual məsələlər barədə geniş və düşündürücü materiallar təqdim edir. Odur ki, qəzetləri kopya press-relizlərdən xilas edib düşündürücü, samballı analitik materiallarla zənginləşdirsək, inanın, oxucu sayı da genişlənəcək. İnsanlar artıq press-reliz tərzindəki xəbərləri oxumaqdan beziblər. Onsuz da bütün saytlar yamaq kimi bir-birindən kopyalayıb tirajlayırlar bu “xəbərləri”. Bəs media üçün spesifik xüsusiyyətləri olan mediaya qan-can verən Pamflet, felyeton, esse, oçerk, parodiya kimi publisistik yazılar harada qaldı? Onlar az tapılan nadir məhsullar kimi qeybə çəkiliblər artıq. Maarifləndirici, ifşaedici karikaturalardan istifadə haqda heç danışmağa dəyməz.

Beləliklə, peşəkar medianın sıradan çıxmaması, nüfuz və təsirini saxlaması üçün ciddi işlərə başlamaq vaxtıdır. Burada həm dövlətin, həm də cəmiyyətin rolu vacibdir. Media ən əvvəl həm də öz oxucu kütləsi ilə işləməli, onun istək və maraqlarını öyrənməlidir. Bu, olduqca önəmli məqamdır.

Və ən əsas məsələlərdən birinə də nəzər yetirək. Mütləq medianın maliyyə bazası, öz ayağı üstündə yaşamaq potensialı olmalıdır. Dövlətin dəstəyi öz yerində, amma peşəkar, ixtisaslaşmış medianın ayağa qalxması üçün media subyeklərinin öz maliyyə bazası formalaşmalıdır. Reklam bazarının bu məsələdə öz rolu var. Mütləq mediada reklam bazarı məsələsi həllini tapmalıdır. Diqqət edin: Azərbaycan mediası həm də informasiya müharibəsi aparır. Dünya arenasına çıxmaq, Azərbaycan həqiqətlərini çatdırmaq üçün həm peşəkar, həm də yaxşı maliyyə bazası olan media faktoru çox-çox önəmlidir. Mediamızın problemləri, üstündə işləniləsi məqamlar çoxdur. Əsas məsələ o dərdlərə çarə tapmaq, peşəkar, çevik, köklü mediaya sahib olmaq, sosial şəbəkələri başına alıb gedən diletant “informasiya bazarına” yerini göstərməkdir. Sivil, yaradıcı və yüksək peşəkarlığı işə salmaqla!

Mətləb Salahov