Bir çox insanlar hesab edir ki, yazıçılıq yaradıcı sahə olduğu üçün hansısa müəssisədə tədris edilməsinə gərək yoxdur. Bəs, rəssamlıq, müğənnilik, heykəltaraşlıq, rejissorluq, ssenaristlik bəstəkarlıq və digər yaradıcı peşələr tədris edilərkən niyə yazıçılıq üçün də xüsusi tədris yoxdur? SİA bu barədə araşdırma aparıb.
Peşəkar yazıçılığın tədrisi dünya təcrübəsində var
Yazıçı kimi inkişaf etmək üçün ən uyğun ali təhsil jurnalistika, dil və ədəbiyyat fakültələri hesab edilir. Lakin dünya təcrübəsində ali təhsil müəssisələrində yaradıcı yazı və texniki yazı sahələri üzrə ixtisaslaşmaq üçün ayrıca ixtisaslar mövcuddur. Belə ki, yaradıcı və ya kreativ yazıçılıqda yazarın təxəyyülü və fantaziyası ön plandadır. Bu sahəyə şeir, roman, qısa hekayələr kimi daha çox emosional yük daşıyan yazı növləri mövcuddur. Yaradıcı yazıçılıq üzrə ABŞ-ın Miçiqan Universiteti, Braun Universiteti, Kolumbiya Universiteti kimi nüfuzlu ali təhsil ocaqları yazıçılar yetişdirir.
Texniki yazıçılıqda təxəyyülə yer yoxdur. Texniki yazıçılar dərsliklər, təlimatlar, akademik jurnal məqalələri kimi layihələr üzərində işləyir və dəqiqliyi təmin etmək üçün araşdırma aparırlar. Onlar, həmçinin qrammatika, sintaktis və diksiyanı yoxlayaraq məqalələri redaktə edirlər. Bu ixtisas üzrə də ABŞ-nin Şimali Karolina Ştat Universiteti, Şimal-Şərq Universiteti, Texas Texnologiya Universiteti və s. təhsil müəssisələri ali təhsil təklif edir. Həmçinin, yazıçı olmaq arzusunda olanlar üçün müəyyən kurs və proqramlar da vardır.
Bundan əlavə, universitet səviyyəsində alim və pedaqoq kimi akademik işləmək istəyən tələbələr üçün yazıçılıq üçün doktorantura proqramları da mövcuddur.
Azərbaycanlı yazıçılar üçün isə yazıçılıq sahəsi üzrə ali təhsil ala bildikləri təhsil müəssisəsi isə Maksim Qorki adına Ədəbiyyat İnstitutu olub. Əli Kərim, Nəbi Xəzri, Asif Əfəndiyev, İsa Hüseynov, Əkrəm Əylisli, Nəriman Həsənzadə, Fikrət Qoca, Salam Qədirzadə, Səfər Alışarlı, Natiq Rəsulzadə, Nəsib Nəbioğlu, Umud Rəhimoğlu, Nazim Əhmədli, Saday Budaqlı, Maarif Soltan, Zahid Sarıtorpaq, Murad Köhnəqala, Şaiq Vəli, Etimad Başkeçid, Orxan Fikrətoğlu kimi nüfuzlu yazıçı və şairlər bu təhsil ocağını bitiriblər.
Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirən Azərbaycan Respublikasının Xalq yazıçısı Natiq Rəsulzadə deyir: “Maksim Qorki adına Ədəbiyyat İnstitutunda Azərbaycan da daxil olmaqla 250 milyon nəfərlik ölkədən cəmi 500 nəfər - 250 tələbə əyani, 250 tələbə qiyabi oxuyurdu. Yəni, bu qədər böyük ölkə üçün çox az idi və qəbul olmaq üçün dəhşətli rəqabət var idi. Mən də oraya qəbul oldum və təhsil aldım. Məlumdur ki, M.Qorki adına institutu Nəbi Xəzri, Cabir Novruz, Əkrəm Əylisli və s. kimi Azərbaycanın tanınmış şəxsləri bitirib. Dövrünün çox böyük təhsil ocağı idi və şöhrəti indiki dövrə də gəlib çıxıb, hələ də haqqında danışılır. Lakin heç bir institut insanı nə yazıçı, nə bəstəkar, nə rəssam edə bilməz. Bu, insanın içində olmalıdır, əgər o insanın istedadı yoxdursa, 5 il yox, 15 il də institut oxusa, o institut onu yazıçı edə bilməz. Ona görə də M.Qorki adına Ədəbiyyat İnstitutunu oxuduğum dövrdə keçirilən sınaq imtahanları kimin yazıçı olub-ola bilməyəcəyini aşkar edirdi. Baxmayaraq ki, Sovet İttifaqı qapalı bir ölkə idi, bizə dərs deyən yazarlar, şairlər, dramaturqlar dünyada tanınmış şəxslər idi və bizə müsbət təsirləri olurdu. Tələbə kimi bizə çox böyük müsbət təsirləri var idi, onlar bizə öz təcrübə və istedadları ilə təkan olurdu və öz yolumuzu özümüz axtarırdıq.
Yazıçı kimi yetişməkdə ən böyük amil budur ki, insanda yazıçılıq istedadı ya var, ya da yoxdur. İstedad kimi bunları nəzərdə tuturam: İnsanda yaradıcılıq, intuisiya, duyğu olmalıdır, ölçü hissi olmalıdır. Bunlar varsa, yazıçılıq yolunu getmək asandır.
Yazıçı olmağı arzu edənlərə məsləhətim budur ki, özlərini dinləsinlər. "Doğrudanmı mən yazıçı olmaq istəyirəm? Doğrudanmı mən yazıçılıq sənətini öyrənə bilərəm və bu yoldan gedə bilərəm?" suallarını özlərinə versinlər. Çünki yazıçılıq indiki zəmanədə çox çətindir, bu sənətlə pul qazanmaq qeyri-mümkündür. Mən özüm peşəkar yazıçıyam - Xalq Yazıçısıyam, buna baxmayaraq, mənim Mədəniyyət Nazirliyindəki 4 layihəm bir neçə ildir həyata keçirilmir. Buna görə də, təsadüfi yazıçılığa, kinoya gələn gənclər avara qalır. Yazıçı olmaq istəyənin əgər ürəyi yazıçılıq eşqi ilə döyünmürsə, yarı yoldan qayıtsınlar, çünki zərərin yarısından dönmək də xeyirdir. Lev Tolstoyun belə bir sözü var: "Yazmaya bilmirsənsə yazıçı ola bilərsən"”.
Bəs Azərbaycanda yazıçılığın ayrıca tədris edilməsi praktikası olub? Belə sistemə ehtiyac var?
Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi bu
barədə deyib: “Azərbaycanda yaradıcılığın tədrisi uzun illər çox zəif olub. Sovet dövründə də az idi. Məsələn, tələbələr SSRİ-nin Moskva, Leninqrad kimi şəhərlərinə təhsil almağa gedirdilər. Daha sonralar Azərbaycanda yaradıcılığın başqa sahələrinin tədrisinə başlanılsa da, məhz ədəbiyyatda bu, baş vermədi. Məsələn, konservatoriyada musiqişünas fakültəsi, musiqi tarixçisi, bəstəkarlıq ayrıdır. Rəssamlıqda sənətşünas, araşdırmaçı, rəngkarlıq, qrafik dizayn, heykəltaraşlıq ixtisasları ayrıdır. Yəni, bu ixtisaslarda əsərin yaradılması öyrədilir. Rejissorluqda da – sənətşünaslıq, teatrşünaslıq, kinoşünas, sırf səhnə qurmaq rejissorluğu ayrıca tədris edilir. Ədəbiyyat üzrə isə Azərbaycanda yalnız filoloq hazırlanır, lakin sənətin özünü yaratmağın bir fakültəsi, yəni şairlik, yazıçılıq üzrə nəsə yoxdur.
Bu da bizim xalqın ədəbiyyata münasibətindən irəli gəlir. Yazıçılıq və şairlik həmişə istedad faktoru üzərində olub, şəxs istedadlıdırsa, yazmalıdır və heç bir çərçivə yoxdur. Halbuki, tarixdə, qədim dövrlərdən bunun öyrədilməsinin ənənəsi olub, özəlliklə şeirdə. Qədim dövrlərdə bizim mədrəsələrdə, darülfünunlarda şeir yazmağın tədrisi vardı. Metodikaya görə, şeir/qəzəl yazmaq üçün ən azından on min beyt əzbərlənməlidir. Şagirdlərə birinci növbədə çoxlu şeir əzbərlədilirdi, növbəti mərhələlərdə təxmis və nəzirələr yazılmalı idi. Necə ki, rəssamlıqda məşhur rəssamların əsərlərindən “kopya”lar edirlər, burada da məqsəd əlin işləməsi və buna alışması idi.
Amma Sovet dövründə yazıçılığın tədris edilməməsi bəlkə də Rusiyanın bir siyasəti idi. Yaradıcılıqla bağlı fakültələr, əsasən, Moskvada cəmlənmişdi. SSRİ-nin yaxşı ssenaristi, yaxşı yazıçısı, yaxşı rəssamı milliyyətindən asılı olmayaraq yalnız Moskva və ya Leninqradda təhsil alıb öz ölkəsinə qayıtmalı idi. Əlbəttə, orada da təhsil alanın şüuru və ideyaları SSRİ-nin ideologiyasının təsirinə düşüb uyğunlaşdırılırdı. Bir sözlə, digər sənətkarlıq sahələrində məktəblər yaradılsa da, yazıçılıq məsələsinə ciddi yanaşılmadı. Yazıçılığın özünün müəyyən mexanizmləri olsa da, bu, bizdə tətbiq olunmur. Filologiya, jurnalistika fakültələrində müəyyən yazı növləri öyrədilmə metodları var, yəni publisistika, oçerklərin, felyetonların quruluşu öyrədilir. Filologiyada isə müəyyən inşalar, hansısa bədii əsərin analizi yazdırılsa da, bunlar orijinal bədii yazılar hesab edilmir. Yalnız İncəsənət Universitetində ekran dramaturgiyası fakültəsində araşdırmaçılıq yox, birbaşa konkret ssenari yazmaq tədris edilir. Mən orada diplom komissiyasının sədriyəm.
Yazıçılığın tədrisinə cəhd də etmişik. Xəzər Universitetində kreativ yazı fənnini tədris edirdim. Amma bu, yenə də yazıçılıq və ya şairliyin öyrədilməsi deyildi. Sadəcə, jurnalistika və filologiya fakültələri üçün “orijinal yazı necə yazılmalıdır” dərsi tətbiq edilirdi”.
İlqar Fəhmi yazıçılığın ayrıca peşə kimi tədris edilməsinə ehtiyac olduğunu düşünür: “Bizim indiki ədəbiyyatda elə bir xaos əmələ gəlib ki, kim nə istəyirsə, gündəlik səviyyəsində yazı yazırsa, bunu roman adı altında çap etdirir. Bunun da mexanizmləri heç yerdə öyrədilmir. Ədəbiyyatda heç bir mexanizmə ehtiyac yoxdur, ədəbiyyat insan hiss və duyğularının, həyat hekayələrinin təsvirdir və burada müəyyən mexanizmlərin tətbiqi gərəkli deyil kimi yanlış düşüncə cəmiyyətə hakim olub.
İndiki dövrdə çox kitab çap edilir, məhz bu dövrdə oxucunu smartfonlardan ayırıb kitab oxutdurmaq üçün yazıçı çox düşünməlidir. Sadəcə, hadisəni danışmaq kifayət etmir, oxucu kitabı əlinə götürəndə bilməlidir ki, oxucu bu kitabda yazılan şeyi nə televiziyada, nə də internetdə tapa biləcək. Oxucu asanlıqla tapa bildiyi maraqlı hadisəni bilmək üçün niyə iki gününü sərf edib kitab oxumalıdır?
Yazarın uydurduğu həyat hekayətinin real versiyasını tamaşaçı televiziyada görə bilir. Ona görə də bədii əsər elə olmalıdır ki, oxucu heç yerdə tapa bilmədiyi materialı orada tapa bilsın. Çünki, reallıq heç vaxt dramaturji model üzərində irəliləmir. İnsan beynində nizam-intizam tələbi var. Real hadisələrdə bu, olmur. Yazar da bu hadisələri nizama salıb oxucu üçün daha rahat qəbul edilə bilən hala salmalıdır. Adi yemək bişirməyin, saç kəsməyin, paltar tikməyin öz qayda-qanunu varsa, niyə yazıçılığın məktəbi olmasın? Yazıçılıq aşpazlıqdan daha az məsuliyyətli işdir? Burada “hər şey sərbəst olmalıdır” deyən yazıçıların kitablarını oxuyan yoxdur. Yazıçılığın tədrisinin mahiyyəti də budur.
İndiki Azərbaycanda peşəkar yazı modellərini mənimsəyən təxmini on faiz yazıçı var. Məzmunu çıxmaqla, sovet dövrünün əsərləri quruluş olaraq yaxşı səviyyədədir.
Yazıçılıq kursları və ya təlimləri olsa, iştirak edərəm. Sadəcə ali məktəb səviyyəsində tədrisi daha yaxşı olar. Yazıçılıq bir neçə aya öyrəniləsi model deyil. Roman janrının yüzlərlə növü var, hekayənin onlarla növü var. Kökdə quruluş eyni olsa da, “üstünü” düzəltməyi də öyrənmək lazımdır. Yazıçılığın istiqamətləri o qədər çoxdur ki, bir istiqamətini kurslarda və ya emalatxana şəraitində bir neçə aya tədris etmək olar. Yazıçılığı geniş şəkildə öyrənmək üçün isə ali məktəblərdə, Moskvadakı M. Qorki institutu kimi təhsil ocaqlarında 5 illik öyrənmək lazımdır”.
Yazıçı, şair, publisist Aqşin Yenisey isə yazıçılığın tədrisi barədə bunu düşünür: ”Rejissorlara, rəssamlara, dizayner və heykəltaraşlara universitetlərdə öyrədilənlər, aşağı-yuxarı Azərbaycan universitetlərində filoloqlara öyrədilir. Əsas olan sənət adamına öyrədilən deyil, onun özünün öyrəndiyidir. Filoloqların hamısı yazıçı olmadığı kimi, rəssamların, rejissorların, heykəltaraşların da hamısı öz sənətinin yolunu getmir. Biz də indi qeyri-rəsmi olaraq ADU-da "Yaradıcılıq fakültəsi" var və burada yaradıcılıqla bağlı ustad dərsləri keçilir. Amma bu dərslər yaradıcılıq prosesi haqqında ümumiyyətlə məlumatsız olanlar üçün maraqlı və faydalıdır. Əsl yazıçılar həmişə auditoriyalarda, kabinetlərdə deyil, cəmiyyətin ən qarışıq mühitlərində yetişiblər. Yazıçının materialı canlı insandır, onun təbii halına heç bir məktəbdə rast gəlmək mümkün deyil. Ona görə yazıçılar, şairlər, adətən, tədrisə xor baxan tələbələrin arasından çıxır. Əlbəttə, indiki İncəsənət Univesitetinin təhsil fəlsəfəsini dəyişərək ümumi bir mədəniyyət mütəxəssisləri hazırlayan ocağa çevirmək olar. Bu, əlbəttə ki, Azərbaycan mədəniyyətində də, ədəbiyyatında da keyfiyyət dəyişikliyinə, mədəni sahələr arasında şəbəkələşməsinin universitet mühitində formalaşmasına fayda verə bilər. Amma məktəbdən dahi gözləməyin praktik əsası yoxdur”.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, şair Seyran Səxavət isə bu ideyanın tamamən əsassız olduğunu
düşünür və yazıçılığın tədrisini mənasız hesab edir: “Yazıçılıq elə bir şeydir ki, bunun konkret resepti olmur. Yazıçılıqda əsas istedaddır. Digər gərəkli bacarıqlar isə iş prosesində özünü göstərir və bir iş başa gətirmək mümkün olur. Yazıçılıq məktəbi deyə bir anlayış isə olmur - yazıçılıq vergidir, anadangəlmə istedaddır. SSRİ vaxtı Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutu var idi, buraya bütün respublikadan müxtəlif istedadlı uşaqlar qəbul edilirdi. Amma bu, o demək deyildi ki, bura yazıçılıq məktəbi idi, orada sadəcə istedadlı uşaqlara ümumi dünya görüşü, dünya ədəbiyyatı haqqında təsəvvür yaradırdılar. Sabah kimsə öz istedadsız övladını aparıb yazıçı məktəbinə qoysun, o da həmin məktəbi qırmızı diplomla bitirsin və yazıçı olsun deyə bir anlayış yoxdur və ola da bilməz”.