"İDEF-2023" 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi

25 İyul 2023 20:36 (UTC+04:00)

Vitse-prezident Cevdet Yılmaz Türkiyə müdafiə sənayesi şirkətlərinin dünya bazarındakı payının və gücünün günü-gündən artdığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, İstanbul TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilən "İDEF-2023" 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində çıxış edən Yılmaz Türkiyenin müdafiə sənayesi bazarında mühüm istehsalçı və ixracatçıya çevrildiyini vurğulayıb.

"Türkiyə müdafiə sənayesi şirkətlərinin dünya bazarındakı payı və gücü günü-gündən artır. 2023-cü ilin ilk 6 ayında ixracat həcmimiz 2,4 milyard dollara çatıb. 2023-cü ilin sonuna qədər bu rəqəmin 6 milyard dollara yüksələcəyini gözləyirik", -deyə Cevdet Yılmaz vurğulayıb.

İDEF-də saysız müdafiə sənayesi layihələrini gördükdə qürur duyduqlarını ifadə edən Yılmaz 650 şirkətlə İDEF-də iştirak edən özəl sektorun texnologiya sahəsində yeni təşəbbüsləri ilə dünyaya nümunə olan layihələrə imza atmasını gözlədiklərini qeyd edib.

“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçiriləcək görüşlərin, qurulacaq əməkdaşlığın və imzalanacaq müqavilələrin faydalı olmasını arzulayan vitse-prezident protokol üzvləri və xarici qonaqlarla birlikdə lenti kəsib, yarmarkanı açıb və ailə şəkli çəkdirib.