"Türksat 6A" peykinin kosmosa göndəriləcəyi tarix açıqlanıb

25 İyul 2023 17:57 (UTC+04:00)

Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən hazırlanan "Türksat 6A" peyki 2024-cü ilin mart ayında kosmosa göndəriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə sənaye və texnologiya naziri Mehmet Fatih Kacır jurnalistlərə açıqlamasında deyib.

"TÜBİTAK bu gün olduğu kimi gələcəkdə də Türkiyədə lider rolunu davam etdirəcək. Qlobal liderliyə gedən yolda tədqiqat nəticələrinin kommersiyalaşdırılmasına və sahibkarlarımızın ideyalarının məhsula çevrilməsinə dəstək verməyə davam edəcəyik. Eksperimental seminarlar, təşkil etdiyimiz TEKNOFEST-lər vasitəsilə elm və texnologiyanı cəmiyyətin hər bir təbəqəsi ilə bir araya gətirməyə davam edəcəyik", - deyə nazir bildirib.

Xatırladaq ki, Türkiyənin ilk yerli müşahidə peyki "İMECE" aprelin 15-i yerli vaxtla saat 10:47- də ABŞ-ın "SpaceX" şirkətinin "Falcon 9" raketi ilə orbitə göndərilib.