Təbii doğuş yoxsa keysəriyyə - SEÇİM NECƏ OLMALI? - MÜNASİBƏT BİLDİRİLDİ

25 İyul 2023 15:24 (UTC+04:00)

“Əslində, Səhiyyə Nazirliyinin protokolunda olan göstərişlərə əsasən, keysəriyyə əməliyyatının həyata keçirilməsi seçim vasitəsilə baş tutmur. Yəni, bir xanım heç bir problem olmadığı halda, sadəcə ürəyi istəyib deyə keysəriyyə əməliyyatı ilə doğuş edə bilməz”. Bu sözləri SİA-ya açıqlamasında ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, təəssüf ki, Azərbaycanda bu protokola bir o qədər də əhəmiyyət verilmir: “Nə yazıq ki, bizdə sırf xanımın özü istəyir deyə keysəriyyə əməliyyatı edilir. Təbii doğuş istəmədikləri halda biz onları buna məcbur edə bilmirik”.

Göstəriş verilmədiyi halda keysəriyyə əməliyyatından sonrakı fəsadlara gəldikdə isə ginekoloq bildirib ki, yalnız keysəriyyədən sonra deyil, eyni zamanda təbii doğuşdan sonra da fəsadlar meydana gələ bilir. Ona görə də keysəriyyə əməliyyatının göstərişlə olub-olmamasının fəsadların yaranmasında heç bir önəmi yoxdur. Lakin bir həkim kimi əlbəttə ki, təbii doğuşu daha üstün tuturam. Məcbur olmadıqca pasiyentlərimə keysəriyyə əməliyyatına üz tutmağı tövsiyə etmirəm”.

Ləman Sərraf