Armenianreport: “Danışan baş Şarmazanov” - ANALİTİKA

25 İyul 2023 13:41 (UTC+04:00)

Erməni analitiki Paşinyana qahmar çıxdı, Koçaryan-Sarqsyan cütlüyünü “sürüdü”

44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasında baiskar olaraq Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan göstərilsə də, bütövlükdə alınan məğlubiyyətin əsas günahkarlarının məhz Koçaryan-Sarqsyan cütlüyünün olduğu da sirr deyil. Məhz bu nüansdan çıxış edən Ermənistanın armenianreport informasiya portalının analitik yazarı Tevos Arşakyan bu günlərdə mətbuat konfransı keçirən keçmiş iqtidar rəsmisi, Serj Sarqsyanın yaxın ətrafından hesab edilən, eləcə də Respublika partiyasının sədr müavini olan Eduard Şarmazanovu sözün əsl mənasında “sürüyüb”, eləcə də Paşinyana dolayı yolla qahmar çıxıb. Revanşçı müxalifətin Nikol Paşinyanı ittihamlar atəşinə tutmalarını hədəfə alan erməni analitikinin yazdığına görə, müxalifət baş nazirə heç bir şans vermir. O, “hərb etdin, uduzdun, xainsən, hərb etməsəydin və hər şeyi müharibəsiz versəydin, yenə də xainsən”, deyə yazaraq bildirib ki, keçmiş hakimiyyətlərin simasındakı müxalifət artıq bir ildir ki, fəaliyyətdə olan Nikol Paşinyanı ötənilki müharibədəki məğlubiyyətin əsas baiskarı hesab edirlər.

“Koçaryanın və Sarqsyanın ehtiyatda 20 illəri var idi və bu müddət Ermənistanın çiçəklənən dövlətə çevrilməsi üçün kifayət idi...”

SİTAT: “Bu da “danışan baş” – sarqsyançı Ermənistanın Respublika partiyasının ideoloqu Eduard Şarmazanov noyabrın 22-də jurnalistlərlə söhbəti zamanı hiddətlə Paşinyanın üzərinə yükləndi. “Bizim partiya fəaliyyətdə olan hakimiyyətlə 4,5 ilə yaxındır ki, mübarizə mərkəzindədir və ona görə də partiyanın gündəmində bir mühüm vəzifə dayanıb – kapitulyantlardan ibarət olan bu rejimi uzaqlaşdırmaq”, - deyə o bildirib. Jurnalistin Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ probleminin erməniyönlü həlli yoxdur, yalnız “sadə həll var” fikrinin hansı məqamların dayanması sualını cavablandıran Şarmazanov deyib ki, əgər erməniyönlü həll yolu yox idisə, onda bu qədər böyük itkilərə getməyin nə mənası var idi? Mübahisə etmirəm, Paşinyanın günahı nəhəngdir – o, ordunu təmizlədi, oradan müharibə səriştəsi olan peşəkar zabitləri qovdu, ordunu yenidən silahlandırmağı ya bacarmadı, ya da bacarmağa çalışmadı, aldıqları isə, ümumiyyətlə, effektsiz və yararsız oldu. Ən əsası, 2020-ci ilin 27 sentyabrına isə Ermənistan anlaşılmaz siyasətlə yaxınlaşdı, Paşinyan ruslarla hərc-mərclik edirdi, Qərblə isə tam olaraq dostlaşmamışdı. Nəticədə olduğu kimi – həm Moskva, həm də kollektiv olaraq Qərb erməni xalqının müharibə meydanlarındakı faciəsini izlədilər. Lakin buradakı günah yalnız Paşinyanındırmı? Əgər Nikol Vovayeviçin ifadəsi ilə desək, siyasi sahədə “qara” o idi, rəqibləri isə birdən-birə “ağmı” oldular?”, - armenianreportun analitiki sual edib və özü də cavablandırıb: “Əlbəttə ki, yox. İki il yarım elə də böyük zaman deyil ki, korrupsiyasız, yoxsulsuz “yeni Ermənistan” qurasan, Qarabağla bağlı danışıqlarda isə birtərəfli güzəştlərdən imtina edəsən. Amma onun xələfləri - Koçaryanın və Sarqsyanın ehtiyatda 20 illəri var idi və bu müddət Ermənistanın çiçəklənən dövlətə çevrilməsi üçün kifayət idi...”

“Məhz ikinci və üçüncü prezidentlərin kriminal-oliqarx hakimiyyətləri vaxtı Ermənistan yoxsul, idarəolunmaz dövlətə çevrilib”

Erməni analitiki sual edir və özü də cavablandırır – onlar bunu etdilərmi? Birmənalı olaraq yox: “Əks halda 2018-ci ilin baharında erməni xalqı Koçaryan-Sarqsyan rejiminə nifrət bəsləyərək onu devirməzdi. Xeyirdən-xeyir axtarmırlar. Ancaq əvvəlki Ermənistanda xeyir olan heç nə yox idi. Məhz ikinci və üçüncü prezidentlərin kriminal-oliqarx hakimiyyətləri vaxtı Ermənistan yoxsul, idarəolunmaz dövlətə çevrilib. Məhz onlar xalqı, ölkəni, ordunu çapıb-talayırdılar.Və Paşinyan onlardan qibtə olunmayacaq irs qazandı və onu müharibəyə qədərki iki il yarımda yoluna qoya bilmədi.

"İndi Şarmazanov – Sarqsyanın yola getməyən balaca iti Paşinyanı tənqid edir ki, o, Qarabağ probleminin erməniyönümlü həlli olmadığı üçün böyük itkilərlə nəticələnən müharibəyə getdi. Bəs erməniyönümlü həll Koçaryanın, Sarqsanın dövrlərində var idimi? Əlbəttə ki, yox idi. Yeganə variant münaqişənin növbəti müddətlərə dondurulması və “artsaxın” asılı qalan “statusu", - deyə yazan analitik nəticənin müharibə olacağının məlum olduğunu yazıb və qeyd edib ki, əvvəl-axır bu, baş verməliydi.

“Müxalifət Paşinyana hər hansı variant vermir – döyüşdün və uduzdun – xainsən, döyüşmədin və müharibəsiz verdin – yenə də xainsən”

Tevos Arşakyan Şarmazanovun Paşinyanı hədəfə alaraq tənqid etməsini tənqid naminə olduğunu bildirib və sual edib – axı baş nazir Azərbaycanın hücumu qarşısında, Rusiyanın və Qərbin susqunluğu qarşısında nə etməliydi? “Əllərini yuxarı qaldırıb türklərdən mərhəmət istəməliydi? “Artsaxı” müharibəsiz verməliydi? Onda o, daha böyük kapitulyant və xainə çevriləcəkdi və onun, eləcə də ailəsinin həyatlarına görə şəxsən mən bir qara qəpik də verməzdim – xalq onları bağlayıb ilk dirəkdəncə asardı. Bu halda da müxalifət Koçaryanın və Sarqsyanın simasında Paşinyana qarşı hücumlara keçəcəkdilər. Yəni, müxalifət Paşinyana hər hansı variant vermir – döyüşdün və uduzdun – xainsən, döyüşmədin və müharibəsiz verdin – yenə də xainsən”, - deyə armenianreportin analitiki yazıb: “Hə, müharibə və məğlubiyyət Paşinyanın hakimiyyətində olub və biz uduzmuşuq. Ancaq sona qədər ədalətli olmaq lazımdır - əgər Paşinyan nəhəng itkilərə görə günahkardırsa, həmçinin məğlubiyyətə görə məhkəmə və erməni xalqı qarşısında cavab verməyə məhkumdursa, onda Koçaryan, Sarqsyan, Ohanyan, Xaçaturov, həmin o Şarmazanov kimi sabiqlər də cavab verməlidirlər. Bu, kollektiv məsuliyyətdir, Koçaryanın vaxtından başlayaraq Paşinyan hökumətinə qədər ölkəni belə vəziyyətə gətirən bütün yuxarı hərbi-siyasi dairələr cavab verməlidirlər”, erməni analitiki Şarmazanovun ittihamlarını hədəfə alaraq yazıb.

Afət Tahirqızı