“Ümumiyyətlə nəzərə almaq lazımdır ki, insanların sağlamlığına zərər vuran, ölümlə nəticələnən həkim səhvləri aktualdır. Bununla bağlı əsas problem odur ki, cinayət qanunvericiliyində birbaşa olaraq həkim səhlənkarlığına adekvat bir maddə yoxdur. Burada əsasən, həkimlər Cinayət Məcəlləsinin səhlənkarlıq barədə 314-cü və ölüm halı olduqda ehtiyatsızlıqdan adam öldürmə haqqında 124-cü maddəsi ilə mühakimə olunur”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.
Onun sözlərinə görə, bunlar özlüyündə sürüşkən maddələrdir: “Məsələn, səhlənkarlıqla bağlı maddə tam olaraq hüquq-mühafizə orqanlarının əl-qolunu açmağa imkan vermir. Həkim səhvləri ilə bağlı xüsusi bir maddə olmalıdır. Belə hallarla bağlı yəqin ki Milli Məclis Cinayət Məcəlləsinə dəyişiklik və ya əlavələr edər. Lakin indiki qanunvericilik ilə də olsa həkimləri cinayət məsuliyyətinə cəlb etmək mümkündür. Həkim səhvi olduqda məhkəmə-tibbi ekspertiza aparılır”.
Hüquqşünas sözlərinə davam edərək bildirib ki, məhkəmə-tibbi ekspertizanın rəyi əsasında toplanmış digər sübutlarla qiymət verilir və həkimlərin cinayət məsuliyyətinə cəlb olunması məsələsi həll oluna bilir. Amma burada əsas paradoksal məsələ ondan ibarətdir ki, Azərbaycanda tibbi ekspertiza Səhiyyə Nazirliyinə tabedir. Həkimlərin də əksəriyyəti TƏBİB və Səhiyyə Nazirliyinin işçiləridir. Burada qurumların maraqlarının toqquşması məsələsi var və bu halın özü işin obyektiv şəkildə araşdırılmasına mane olur.
Həkim səhvlərinin ört-basdır edilməsində əsas nüans odur ki, alternativ və müstəqil ekspertizalar yaradılmalıdır. Eyni qurumla təmsil olunan şəxslərin bir-biri barədə rəy verməsi doğru deyil. Nə vaxta qədərki həkim və xəstə var, əməliyatlarda, qoyulan diaqnozlarda, aparılan müalicələrdə səhvlərdən qaçmaq olmaz. Bütün bunları istintaq dərindən araşdırmalı və obyektiv qiymət verilməlidir”.
Ləman Sərraf