Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə elm və təhsil naziri direktor təyin edəcək

24 İyul 2023 16:07 (UTC+04:00)

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edəcək.

SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə əksini tapıb.

Əsasnaməyə əsasən, Agentlik öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) vasitəsilə həyata keçirir.

Agentliyin direktoru Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

Agentlik direktorunun Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini var.

Agentlik direktorunun müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.