Məhərrəmlik ayının daxil olması ilə toy etmək məsələsi ən mübahisəli məsələlərdən birinə çevrilir. Azərbaycan xalqının böyük qismi bu ayda toy etməsə də, hələ də Məhərrəmlik ayında toy etməyin qadağan edilib-edilmədiyini bilməyən insanlar var.
Bu barədə din xadimi Seyyid Hacı Ağasəid SİA-a açıqlamasında deyib: "Məhərrəmlik ayında toy etmək məsələsini bir neçə yöndən cavablandırmaq olar. Əgər şəriət qayda-qanunları ilə nəzərə alarsaq, 30 gündən ibarət Məhərrəm ayında toy etmək qadağası yoxdur. İmam baxımından və əxlaqi normalara görə isə dinimizdə insanlar öz inanc və imanına görə müəyyən əxlaqi normativlərə riayət edirlər.
Normativlərə görə toy etmək qadağan deyil, lakin toy edilməməsi tövsiyyə edilir. Çünki Peyğəmbər özü əxlaqi normativləri tamamlamaq üçün göndərilib və bunu da öz kəlamlarında qeyd edib. Əgər bizim də Peyğəmbərə ehtiramımız varsa, necə ki, bizim öz vətənimizdə, elimizdə, xalqımızda faciə baş verəndə, Xocalı soyqırımını illərdir yad edən kimi Peyğəmbərin övladının yas mərasimi, soyqırım ildönümündə toy etməmək məsləhətdir. Çünki Məhəmməd Peyğəmbər İslam dinini gətirdiyi üçün o, bizim əzizimizdir və onun ailəsinin başına gətirilən faciəni qeyd etmək üçün əxlaqi, vicdan borcumuz var. Bu nöqteyi-nəzərdən, şadlıqlara müəyyən qədər ara verib bu müsibət günlərdə Peyğəmbərin ailəsinin başına gətirilmiş dəhşətli faciəni qeyd edirik. Fikrimcə, bundan əlavə izaha ehtiyac yoxdur".