İxtisas seçimində nələrə diqqət etmək lazımdır? - EKSPERT AYDƏNLIQ GƏTİRDİ

24 İyul 2023 13:12 (UTC+04:00)

“İxtisas seçimi zamanı abituriyentlərə, həmçinin onların valideynlərinə ilk olaraq diqqətli olmaları tövsiyyə edilir. Çünki bəzi şəxslər sosial şəbəkə vasitəsilə öz təbliğatlarını apararaq xidmətlərini təklif edir, abituriyent və onların valideynlərinə prosesin guya qəlizliyini və “onlarsız olmazsa, olmaz” simasını təlqin etməklə psixoloji basqı yaradırlar. Məqsəd təbii ki, daha çox abituriyenti ixtisas seçiminə cəlb etməklə, bacardıqları qədər gəlir əldə etməkdir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, bu şəxslər onlara müraciət edən abituriyentlərin hər birinə bəzən, 10-15 dəqiqə həsr edir və növbəti müştərini qəbul etmək üçün tələsirlər: “Çünki ixtisas seçimini işbazlığa çevirən şəxslər üçün hər dəqiqə belə vacibdir. Onları abituriyentin gələcək uğuru, qəbul olunmama riskləri qəti maraqlandırmır. İxtisas seçiminin müddəti bilirik ki, hər il orta hesabla 7-10 gündür.

Hər müraciətçiyə potensial 100-150 manat gözündə baxan belə işbazlar bir dəqiqəni belə boşa vermək istəmirlər. 15 ixtisas müəyyən keçid balına əsasən cəmi 10 -15 dəqiqə ərzində kodlaşdırılır. Lakin bu işə ən azı 90 dəqiqə vaxt ayırmaq lazımdır. Çünki keçid balını bilmək, hər hansı ixtisas üzrə builki plan yerlərinin sayına uyğun hərəkət etmək lazımdır”.

Ekspert sözlərinə davam edərək bildirib ki, abituriyentin hər kodlaşdırılan ixtisasa nə dərəcədə uyarlığı da nəzərə alınmalıdır: “Çünki hər seçilən ixtisas abituriyentin potensial təhsil obyektidir. Odur ki, bu potensial obyekt necə gəldi müəyyən edilə bilməz. Seçilən ixtisasla bərabər onun karyera bələdçiliyi də abituriyentə təqdim edilməlidir. Bu isə güclü analiz və lazımi zaman kəsimi tələb edir. Odur ki, belə şəxslərə müraciətdən abituriyent və valideynləri maksimum yayınmalı, “Abituriyent” jurnalının keçid balları və plan yerləri, eləcə də illik təhsil haqlarının yer aldığı nömrələrini mütləq əldə etməli və onun əsasında düşünülmüş şəkildə hərəkət etməlidirlər. Amma təbii ki, bu işlər Abituriyent Məsləhət Mərkəzləri ilə bərabər yürüdülsə, daha effektiv olar. Bu səbəbdən istər paytaxtda, istərsə də regionlarda bu mərkəzlərin sayı mütləq artmalıdır".

Ləman Sərraf