Arıqlamaq və ya çəki atıb fit bədənə sahib olmaq bir çox insanın məqsədidir. Arıqlamaq üçün pəhriz saxlayıb idman etmək kimi sağlam üsullar olsa da, bir çox insan nəticəni gec gördüyü və ya sadəcə, tənbəl olduğu üçün arıqlamağa kömək etdiyini iddia edən çaylar və dərman vasitələrinə üz tutur. Əlbəttə ki, belə vasitələrin tam sağlam olduğu da şübhəlidir.
Arıqlama çayları və preparatları haqqında SİA-ya qida mütəxəssisi Asim Vəliyev danışıb: "Bir çox arıqlama çayları çəki atmağa kömək olsa da, bu çayların təsiri fərdlərə görə dəyişə bilir. Məsələn, arıqlama çaylarının bir çoxu eynən kofedəki kimi kofein ehtiva edir. Çox kofein qəbulu ürək döyüntüsü, yuxusuzluğa səbəb ola bilir. Bəzən də orqanizmdən suyun xaric olmasına kömək edən bitki çayları su itkisinə səbəb olduğu üçün halsızlığa gətirib çıxara bilir. Ancaq bütün bitki çaylarının yan təsirinin eyni olduğunu söyləmək yanlış olar. Hər bir bitki çayının qarışımı fərqli olur. İstər arıqlama çayı olsun, istər bitki çayı, bunların hamısı orqanizmdə bəzi dəyişikliklərə səbəb olur. Necə ki, hər ağlımıza gəldikdə dərman qəbul etmək olmaz, eləcə də arıqlama çayı, bitki çaylarını da bu cür içməməliyik, içərkən ifrata qaçmamalıyıq. Hamiləlik, südvermə kimi həssas dövrlərdə isə mütəxəssis məsləhəti almaq lazımdır. İlk olaraq “arıqlama çayı” olaraq aldığımız məhsulun həqiqətən təbii olub-olmadığını öyrənməliyik. Arıqlama çayı olaraq satılan çaylar müvafiq qurumların icazəsi ilə satışa çıxır. Məhsulun qablaşdırmasında icazənin olub-olmadığına baxmalıyıq.
Kofein və bənzər maddələr ehtiva edən çaylar ürək döyüntülərinin artımına və “taxikardiya” deyilən ürək ritm pozuntusuna səbəb ola bilir. Arıqlama həbləri kimi arıqlama çayları da iştahı azaltmaq üçün kimyəvi maddələr ehtiva edir. Bu maddələr orqanizmə daxil olduqda mərkəzi sinir sisteminə təsir edir və qan təzyiqinin yüksəlməsi ilə ürək-damar sistemini yükləyir. Əgər bu cür çayları qəbul etdikdən sonra ürək döyüntüsü artırsa, bir daha içilməmlidir. Həmçinin bu maddələr baş hərlənməsi, qusma kimi yan təsirlərə də səbəb ola bilir. Avtomobil sürənlər üçün bu hal daha təhlükəlidir. Oturarkən ayağa qalxdıqda baş gicəllənməsi nəticəsində müvazinət itə bilər. Ümumiyyətlə, bu çaylar orqanizmdən su xaric olmasını sürətləndirir, bağırsaqları yumşaldır. Uzun müddət istifadə olunduqda bağırsaq tənbəlliyinə və çox susuz qalmağa səbəb olur. Beləliklə, bağırsaqların funksiyası pozulur və xroniki qəbzlik kimi problemlər ortaya çıxır".