"Ermənistan tərəfi 30 il ərzində işğal etdikləri ərazilərdə 1 milyondan çox mina basdırıb. Bu tank əleyhinə, piayada əleyhinə minaları çox pərakəndə şəkildə, harada gəldi basdırıblar. İndiyə kimi ərazinin 18%-dən bir qədər artığı isə təmizlənib, 61 mindən çox minalar tapılaraq zərərsizləşdirilib". Bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli SİA-ya işğaldan azad olunmuş ərazilərdə mina təmizləmə prosesləri barədə danışarkən deyib.
Millət vəkili qeyd edib: "Erməni vandallarının əməlləri nəticəsində ümumiyyətlə, 1991-ci ildən indiyə kimi 300-dən çox azərbaycanlı həlak olub, o cümlədən, İkinci Qarabağ Müharibəsindən də sonra 300 nəfərə yaxın insan minadan yaralanıb, onların 51 nəfəri həlak olub. Hazırda FHN-nin xüsusi təyinatlı alayı ciddi işlər aparır, təmizləmə işlərini davam etdirir. O cümlədən, xaricdən qiymətli maşınlar və robotlar alınır. Bu robotlar bir sutka ərzində 1500 kvadratmetr ərazini təmizləyə bilir və bu, böyük işdir. İstifadə edilən robotlar partlayışlara dözümlüdür və robotların yalnız qabaq hissələri zədələnir. Çox təəssüf ki, Avropa Parlamenti bir dəfə də olsun bu məsələni gündəmə gətirməyib, Ermənistanın basdırdığı minaların zərərsizləşdirilməsi məsələsinə kömək etməyib. Konversiyaları pozmağı, yəni xristian təəssübkeşliyi ortadadır. ABŞ-nin yeganə bir şirkəti bu işdə iştirak etməyi vəd edib. Onlarda yüksək texnologiya var və bu texnologiya bizim üçün əhəmiyyət kəsb edə bilər. Lakin qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti özü qeyd edib ki, bütün bu 1 milyon minanı təmizləməyə bizə 30 il, 25 milyard dollar pul lazımdır. Görün, nə qədər vəsait və vaxt sərf edilməlidir. Ermənilərin bu vəhşiliyinə isə Qərb göz yumur. Fikrimcə, Azərbaycan xristian, Ermənistan isə müsəlman olsaydı bu zaman dünya ermənilarin Azərbaycana etdiyi bu zülmlərin 1%-nə də dözməzdi. Ermənilər havadarlarıyla bu əməlləri edib, o cümlədən, torpaqlarımızı da minalarla çirkləndiriblər. Təəssüf edirəm ki, Rusiya sülh məramlılarının olduğu ərazidə də bu vəziyyət mövcuddur. Hazırda ən çox təmizləmə işləri kəndlərdə, qəsəbələrdə, su kanallarının kənarlarında, su qovşaqlarının yanlarında – ehtimal edilən bütün yerlərdə ciddi şəkildə gedir".
T. Kərimli minaların əhali üçün təhlükəsindən bəhs edib və insanlara göstərilən təlimatlara uymağı məsləhət görüb: "Bu vəziyyət əlbəttə ki, əhaliyə yenə də təhlükə törədir. Ciddi şəkildə göstərilən təlimatlara riayyət etmək lazımdır. Ağdam, Füzuli kimi böyük şəhərlərdə, yol kənarlarında, qəsəbə və kəndlərdə, tarlalarda, su anbarlarının kənarlarında - hər yerdə xəbərdarlıq nişanları var. Buna görə bu xəbərdarlıqlara ciddi şəkildə riayət etmək lazımdır. Məhz bu qədər təhlükə olduğuna görə də, əhalini hələ də tam şəkildə işğaldan azad edilmiş ərazilərə köçürə bilmirik. Ümumiyyətlə, Azərbaycan əhalisini dövlətin standartlarına və xəbərdarlıqlarına riayət etməyi məsləhət bilirik".