“Bu il keçirilən Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı çox təəssüflər olsun ki, heç də xoş olmadı. Belə ki, DİM-in keçirdiyi imtahanlarda biz həm sualların gizliliyinin, həm də öncədən elan edilmiş proqrama uyğunluğunu görə bilərdiksə, Elm və Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanlarında isə ciddi şəkildə şəffaflıq pozulmuşdu”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, hətta Gəncədə keçirilən imtahanda səbəbi məlum olmadan imtahan nəzarətçiləri bir neçə imtahan iştirakçısını adla çağırırdılar: “Bu isə göstərir ki, öncədən hər hansısa köməyin edilməsi vədi verilmişdi. Həmçinin imtahan sualları imtahandan öncə müəyyən qruplarda müxtəlif təlimçilər tərəfindən imtahan iştirakçılarına işlədilmişdi. Bütün bunlar göstərir ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən MİQ imtahanlarında şəffaflıq, ədalətlilik prinsipi qorunmayıb. İmtahan suallarını hazırlayan təlimçiləri sualları öncədən öz müdavimlərinə işlədiblər. Eyni zamanda imtahanın təşkilində də mütəmadi olaraq texniki problemlər olub. Şikayətlər sırasında kompyuterlərin işləməməsi, buna görə də vaxtın nəzərə alınmaması olub.
Təqdim edilmiş test tapşırıqları testologiya prinsipinə uyğun olmayıb. Hədsiz dərəcədə geniş suallar və şərtlərin çətinliyi imtahan iştirakçılarına psixoloji çətinlik yaradıb. Elm və Təhsil Nazirliyinin keçirdiyi imtahanlar bütün prinsiplərə tərs idi və keçirilən imtahanlar yaxşı müəllimi seçməyə imkan vermirdi. Bütün bunları nəzərə alsaq, MİQ imtahanları prinriplərin qorunması baxımından DİM tərəfindən keçirilməlidir”.