İpək yolunun təəssüratları - FOTOLAR

17 İyul 2023 14:36 (UTC+04:00)

Bir çox yaşanılan məqamlar var ki, onlar sonradan xoş və unudulmaz təəssüratlarla yaddaşımıza köçür. Təbii ki, belə təəssüratlar müxtəlif mövzularda, müxtəlif çağlarda, müxtəlif məqamlarda və s. ola bilər. Hətta oxuduğumuz kitabdan, baş verən hadisələrdən, gördüyümüz təbiət gözəlliklərindən, daha neçə-neçə maraq doğuracaq mövzudan təsirlənib izlənən hadisənin xoş təəssüratları ilə yaşamaq insanın mənəvi dünyasını daha da rövnəqləndirir. Bəzən bu xoş təəssüratlar uzun illər davam edərək ruhumuza da xoş təsir bağışlayır. “İpək yolu”nun təəssüratları da məhz bu qəbildəndir. Yəqin ki, bu təəssüratların nə olduğu oxucularımız üçün də maraqlıdır. İlk növbədə onu deyim ki, bu adi yol təəssüratı deyil. “İpək yolu”nun təəssüratları odur ki, “İpək yolu” da adi uzanan yol deyil. Əvvəla, “İpək yolu” Azərbaycanı qədim dövrlərdə Şərq və Orta Asiya ölkələri ilə qovuşduran mühüm ticarət yolu olub. Bu gün isə “İpək yolu” Azərbaycanı müxtəlif ölkələrlə qovuşduran mənəvi körpüyə çevrilib. İndi “İpək yolu” musiqi ilə müşayiət olunan dostluq, qardaşlıq münasibətlərini həyata keçirən və daha da möhkəmləndirməyə qadir olan mənəvi körpüdür. Bu, qədim ticarət yolu kimi də əsası Şəkidən başlayan və indi də mənəvi körpü olaraq da Şəkidə bərqərar olan “İpək yolu” Beynəlxalq Musiqi Festivalıdır. Bu Festivalın tarixi 2010-cu ildən başlayır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Festivalın ölkəmizin mədəni həyatında böyük rolu var.

Bu barədə daha ətraflı fikirlər XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalından aldığım xoş təəssüratlarda öz əksini tapacaq. Amma, əvvəlcə qədim və gözəl Şəkinin dünyadakı şöhrətindən soraq verək.

Şəkinin çox zəngin tarixi, mədəniyyəti vardır. Şəki nəinki Azərbaycanda, dünya miqyasında gözəlliyi ilə seçilən şəhərlərdəndir. Şəki şəhəri 2010-cu ildə "Azərbaycanın Sənətkarlıq Paytaxtı" seçilmiş, 2012- ci ildə türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuş, 2017-ci ildə YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilmişdir. 2019-cu ildə ölkəmizin və şəhərin mədəni həyatında çox əlamətdar hadisə baş vermiş - Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Beləliklə, şirin ləhcəli, qonaqpərvər Şəki artıq uzaq “İpək yolu”nu musiqi ilə rövnəqləndirərək neçə-neçə xalqlar və ölkələr üçün yaxınlaşdırır. Festivalın bədii rəhbəri, Azərbaycanın Xalq artisti, YUNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin Festivalın ötən illəri və bu ilki proqramı barədə bəzi fikirlərini diqqətinizə yetiririk.

“Bildiyiniz kimi, biz artıq 11 festivalı böyük ugurla keçirmişik və dünyanın 40-a qədər ölkəsindən Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalına məşhur kollektivlər, görkəmli musiqiçilər, musiqişünas-alimlər təşrif buyurmuşdur.

Müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenədə Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim edilərək, musiqisevərlərə xoş bayram ovqatı bəxş edildi.

Məlum olduğu kimi bu il Ulu Öndərimiz - Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Heydər Əliyevin xatirəsinə ithaf olaraq Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında vətənpərvərlik mahnıları, F.Əmirov adına əməkdar kollektiv mahnı və rəqs ansamblının və “Zəfər” muğamqrupunun iştirakı ilə konsert proqramları festivala xüsusi rəng qatdı.

Xatırladaq ki, ötən illərdə keçirilən festivalların çox zəngin proqramı olub. Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, M.Maqomayevin “Şah İsmayıl”, F.Əmirovun “Sevil” operaları, Q.Qarayevin “Yeddi gözəl” baleti və habelə simfonik, kamera və vokal janrlarında digər klassik musiqi əsərləri böyük rəgbətlə qarşılanıb. Bu ilki, festivalda isə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistlərinin ifasında mənim vətənpərvərlik mövzusunda və bizim qələbəmizi tərənnüm edən “İntizar” operası nümayiş olundu.

İyulun 3-dən 7-nə qədər keçirilən XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalına Türkiyədən, Çindən, Özbəkistandan, Qazaxıstandan təşrif buyuran musiqiçilər zəngin repertuarları ilə sənətsevərlərin zövqünü oxşadılar. Festivalda türk xalqlarının geniş şəkildə iştirakı TÜRKSOY-un yaxından dəstəyi ilə baş tutdu.

5 gün ərzində keçirilən Festival musiqi tariximizə də unudulmaz səhifələr bəxş etdi.”

Əziz oxucular, XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı ilə bağlı təəssüratlarımı bölüşərkən əvvəlcə şəkililərin bu Festivala olan böyük marağından bəhs etmək istərdim. Bunun da başlıca səbəbi insanların musiqiyə məhəbbəti və şəhər rəhbərliyinin bu mənəvi tələbatı ödəməkdə xüsusi diqqət və qayğısındn ibarətdir. Bu yerdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun fikirlərindən toxunduğu bəzi məqamlara nəzər salaq:

“Qeyd etmək lazımdır ki, Şəki Azərbaycanda Festivallar şəhəri kimi tanınır. Hər il bu şəhərdə keçirilən “İpək Yolu“ Beynəlxaq musiqi, şirniyyat və teatr festivalları şəhərin qeyri-maddi irsinin qorunub saxlanmasına imkan yaratmış, eyni zamanda, turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynamışdır.

Şəhərimizdə olarkən cənab Prezidentimiz İlham Əliyev demişdir: ”Şəki böyük mədəniyyət mərkəzidir, zəngin tarixə, mədəniyyətə malik olan bir diyardır.”

Şübhəsiz ki, Şəki “İpək yolu” XII Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin, şəhərimizin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir”.

Artıq neçə illərdir ki, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü və ya Festivalın koordinatoru kimi “İpək yolu”nun xoş təəssüratları məndə xoş hislər və düşüncələr aşılayır. Bir fikri xüsusi olaraq vurğulamağı özümə həm də mənəvi borc sayıram. Bu da Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun Festivalın işinə, onun təşkilinə göstərdiyi diqqət və müsbət münasibətidir. Uzun illər müşahidə etdiyim bu münasibət getdikcə daha da yüksək məna kəsb edir. Öz yüksək insani keyfiyyətləri, səmimi rəftarı, insanlarla xoş münasibəti, sənətə olan böyük sevgisi və sənətkarlara xüsusi qayğı və diqqətlə yanaşan Elxan Usubovun bu müsbət cəhətləri “İpək yolu” Beynəlxalq Musiqi Festivalının da uğurlu keçməsinə mühüm bir zəmindir. Onun hətta, konsertlərə vaxtından tez gələrək işin gedişatına şəxsən nəzarət etməsi, sona qədər əyləşib və konsertin sonunda Festivalın bədii rəhbəri ilə birlikdə səhnəyə çıxaraq musiqiçiləri təbrik edib, onlara Festivalın simvolunu və hədiyyələrini təqdim etməsi artıq bir ənənəyə çevrilib. Elxan Usubovun bir rəhbər olaraq belə müsbət keyfiyyətləri onun əməkdaşlarına və ümumiyyətlə, Şəki ziyalılarına, Şəki sakinlərinə əsil həyat dərsi və səmərəli iş göstəricisidir. Odur ki, keçirilən festivalların uğurlu olmasında bütün təşkilatçı qurumların o cümlədən, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov başda olmaqla, humanitar şöbənin rəhbəri Zərinə Cavadova, Şəki Musiqi Kollecinin direktoru Sərdar Şərifov və digər şəxslərin müsbət və fəal iş ahəngi də mənim üçün unudulmaz təəssüratlarla yadda qaldı. Bu sadəcə təəssürat deyil, xalqa, vətənə, onun mədəniyyətinə necə xidmət etməyin əsl təzahürüdür. Bu mənada Azərbaycan Mədəniyyət Nazirliyinin də Festivalın işinə göstərdiyi qayğı və dəstək də çox təqdirəlayiqdir. Hər il olduğu kimi XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalına da müxtəlif ölkələrdən gələn qonaqların qarşılanmasında, eləcə də bizim musiqi kolletivlərinin Festivalda iştirakının təmin olunmasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşlarının da fəaliyyəti xüsusi qeyd olunmalıdır. Ümumiyyətlə, Mədəniyyət Nazirliyinin mədəniyyətimizin təbliği və inkişafı naminə göstərdiyi xidmətlər cənab Nazir Adil Kərimli başda olmaqla, həmin qurumun əməkdaşlarının yüksək vətənpərvərliyinin ifadəsidir. Elə “İpək yolu” Beynəlxalq Musiqi Festivalının yaranması da məhz böyük vətən sevgisinin təzahürüdür. Festivalın bədii rəhbəri, Azərbaycan bəstəkarlıq məktəbinin dünya təmsilçisi, Xalq artisti, professor Firəngiz Əlizadə bu Festivalı yaratmaq təşəbbüsü və ideyası ilə bizim və uzaq ölkələrin neçə-neçə yaradıcı insanlarının “İpək yolu”nda qarşılanmasına, dostlaşmasına vəsilə oldu. Bu Festival Azərbaycanla dünya xalqları arasında mədəniyyət və mənəviyyat körpüsünə çevrildi. Odur ki, “İpək yolu”nun ipək kimi yumşaq və uzaq yollarla müxtəlif ölkələrə yayılan təəssüratları ildən-ilə yenilənir və musiqi həyatımıza da yeni səhifələr bəxş edir.

Beləliklə, 3-7 iyul tarixlərində keçirilən XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalının bütün iştirakçılarına Azərbaycan Opera və Balet teatrının, F.Əmirov adına Əməkdar kollektiv mahnı və Rəqs ansamblının, Azərbaycan Respublikası Sərhəd Qoşunları Nümunəvi Orkestrinin kollektivinə, “Zəfər” muğam qrupuna, Festivala təşrif buyuran Çin, Qazax, Özbək və Türk musiqiçilərinə, Festivalın təşkilində iştirak edən Azərbaycanın Türksoydakı nümayəndəliyinə və Festivalı izləyən tamaşaçılara təşəkkür və minnətdarlıq hissi və daim xoş təəssüratlar arzusu ilə gələn görüşlərədək.

Səadət Təhmirazqızı

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əməkdar mədəniyyət işçisi