Ətraf mühiti və sağlamlığımızı qoruyaq - Aktual mövzu

15 İyul 2023 16:05 (UTC+04:00)

... İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su – bütün bunlara biz çox böyük diqqət göstərməliyik.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

...Bəşər övladı yarandığı gündən təbiətlə həmahəng yaşayıb, həyatını onunla təmasda, ünsiyyətdə qurub. Başqa sözlə desək, insan zaman-zaman təbiətin bir parçası olaraq inkişaf edib, formalaşıb. Bəlkə biz ona görə də təbiətə ana demişik. Onu müqəddəsləşdirmiş, əziz tutmuşuq. Amma təəssüf ki, illər və qərinələr uzunu ana dediyimiz təbiətə qənim kəsilənlər də var. Belə laqeyd insanlar bir qayda olaraq təbiətin nemətlərini talamış, ehtiyatlarını, resurslarını tükətmişlər. Ona görə də, indi təbiəti və ətraf mühiti qorumağa həmişəkindən daha çox ehtiyac duyulur. Çünki su hövzələri, çaylar, dənizlər bu gün əsasən məişət və istehsalat tullantıları ilə çirkləndirir. Bu da nəticə etibarilə həmin su hövzəərindəki canlı aləmin məhv olmasına gətirib çıxarır. Elə buna görə də elm və texnikanın inkişaf etdiyi bir dövrdə təbiətdən aslılıq müəyyən qədər azalsa da insan ətraf mühitə humanist münasibətini dəyişməməlidir. Əgər vətən, təbiət anlayışları bir briini tamamlayırsa insan ətraf mühitin mühafizəsinə daim öz tövhəsini verməyə borcludur. Elə su hövzələrini götürək. Həyatı susuz təsəvvür etmək olarmı? Əlbəttə yox. Təsadüfi deyil ki, Su mühafizə zonaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları” ilə tənzimlənir. Qaydalara görə, çayların başlanğıcında su mühafizə zonasının radiusu 50 m-dən az olmamalıdır. Çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni isə müəyyən hədlərdə olur. Məsələn, uzunluğu 10 km-ədək olduqda 50 m; uzunluğu 10 km-dən 50 km-ədək olduqda 100 m; uzunluğu 50 km-dən 100 km-ədək olduqda 200 m; uzunluğu 100 km-dən 200 km-ədək olduqda 300 m; uzunluğu 200 km-dən 500 km-ədək olduqda 400 m; uzunluğu 500 km-dən artıq olduqda 500 m və.s Bu baxımdan Lənkərançayın uzunluğunun 81 km olduğunu nəzərə alsaq su mühafizə zonasının eni 200 m təşkil etməlidir.

Lakin çox təəssüf ki, bəzi sahibkarlar müxtəlif obyektlərin tikintisi zamanı ekoloji qaydaları nəinki nəzərə almır, hətta təbiətə ciddi ziyan vururlar. Su hövzələri çirklənir, bioloji müxtəlifliyin inkişafına, balıqların miqrasiyasına ciddi maneələr törədilir.Təbii fəlakətlər zamanı isə haray həşir qoparırlar ki, filan yeri sel apardı evlər, mal-qara mülkləri su altında qaldı.Təbii ki, bu xoşagəlməz hadisləlrin baş verməməsi üçün ilk növbədə yuxarıda qeyd etdiyimiz qaydalar nəzərə alınmalıdır. Hazırda bu məsələ ilə əlaqədar Nazirlər Kabinetində müşavirə keçirilib və həyəcan siqnalı alınıb. Aidiyyəti quruma bu tapşırıqlardan ciddi nəticə çıxarmalı və öz fəaliyyətini müasir ekoloji tələblərə uyğun qurmalıdırlar.

Yeni əsrin başlanğıcında bəşəriyyətin qarşısında duran ən vacib məsələlərdən biri ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi və onun ilkin vəziyyətinin gələcək nəsillər üçün mühafizə olunmasıdır. Bu məsələlərin daim diqqətdə saxlanılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Əlbəttə, bu təsadüfi deyil, çünki söhbət insanların sağlamlığından gedir. Yer üzündə əhalinin sürətlə artması, yeni-yeni təbii ehtiyatların istifadəyə verilməsi, kənd təsərrüfatının sənayeləşdirilməsi, texniki tərəqqinin sürətləndirilməsi ətraf mühitə öz təsirini bilavasitə göstərir. Bununla belə elmi texniki inqilab bir tərəfdən əhalinin təbiətdən asılılığını azaldır və onların təbii ehtiyatdlardan istifadəsini asanlaşdırır. Digər tərəfdən isə elmi texniki tərəqqinin nailiyyətlərindən səmərəli istifadə edilməməsi ekoloji tarazlığı müəyyən qədər pozur. Məsələn, hava, dəniz, şirin su hövzələri çirklənir, meşələr məhv olur, torpaq örtüyü sıradan çıxır, bitki və heyvan növlərinin sayı azalır. Göründüyü kimi təbiətlə harmonik münasibət qurulmadıqda əlavə problemlər yaranır. Bütün bunlar tələb edir ki, təbiətin mühafizəsi sistemli aparılmalıdır. Yəni, təbiətə və onun sərvətlərinə laqeyd baxanlara qarşı ciddi mübarizə aparmaqla bərabər, ekoloji maarifləndirmə işləridə gücləndirilməlidir. Bildiyimiz kimi, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə sahəsində bir sıra normativ aktlar qəbul olunmuşdur. Şübhəsiz, bunlar təbiətin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində çox mühüm addımlardandır. Xüsusilə də, Ümummilli liderimiz Heydər Əliyevin bununla əlaqədar imzaladığı bir çox sərəncamlarında təbiətə və ətraf mühitə qayğının davamlı təzahürlərini görürük. Bunlara onun “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” qanunun tətbiq edilməsi barədə fərmanı, “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanaqlı, sosial-iqtisadi inkişafa dair Milli Proqram” və “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”ının təsdiqi barədə sərəncamlarını misal göstərmək olar.

Bu gün bəşəriyyət bioloji müxtəlifliyin getdikcə azalması, iqlim dəyişmələri, ozon qatının dağılması, hidrosferin çirklənməsi, turş yağışlar və s. bu kimi qlobal ekoloji problemlərlə üz-üzədir. Bütün dünyada olduğu ki, ölkəmizdə də ekoloji problemlərlə mübarizəyə böyük diqqət yetirilir, onların mütərəqqi həlli yolları axtarılır.

Son zamanlar Gürcüstan və Ermənistan ərazisindən birbaşa su hövzələrinə atılan məişət tullantıları və sənaye müəssisələrin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrinin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunmaqdadır.

Ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablar və polietilen torbalarla bağlı tullantılarıdır. Xatırladaq ki, 1960-cı illərdə məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faiz təşkil etdiyi halda, hazırda bu göstərici 12 faizdən çoxdur. Ən əsası isə plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və su hövzələrini çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Ötən əsrin ortalarında dünya üzrə təxminən 1,5 milyon ton plastik məmulatlar istehsal olunub. Həmin göstərici 1990-cı ildə təxminən 67 dəfə artaraq 100 milyon tona çatıb. 2015-ci ilə qədər isə bu rəqəm 3 dəfədən çox artıb və təxminən 322 milyon tona bərabər olub.

Plastik məmulatların istehsalının belə sürətlə artması plastik tullantıların, daha böyük templə çoxalmasına təkan verib. Hazırda plastik tullantıların yaranması tempinin azaldılması istiqamətində mühüm addımlar atılır.

İnsan orqanizminə zərərli maddələrin 80 faizi plastik tullantılardan daxil olur. Belə ki, plastik məhsulların tərkibinin əsasını insan sağlamlığı üçün təhlükəli olan bisfenol A maddəsi təşkil edir. “Bisfenol A” fenol qrupuna aid olan üzvi birləşmədir. Bu maddə suda zəif həll olunsa da çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır.

Araşdırmalar göstərir ki, hər il 500 milyard plastik boru istehsal edilir...

Ölkədə emal və xidmət müəssisələrinin qurulmasına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb.

Prezident İlham Əliyev 2019-cu il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam da imzalayıb.

Tədbirlər Planı 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əhatə edir. Burada sahə üzrə idarəetmənin səmərəliliyinə və yüksək xidmət səviyyəsinə nail olmaq genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bu gün atmosferin çirklənməsi də əsas ekoloji problemlərdən biridir. Belə ki, atmosferin зirklənməsi sənaye, nəqliyyat və s. sahələrdə çox böyük həcmlərdə müxtəlif yanacaq növlərindən istifadə ilə əlaqədardır. Bu sahələrdən hər il havaya 20 milyard tondan artıq bərk və qaz halında hissəciklər daxil olur. Mineral yanacağın və müxtəlif növ tullantıların yandırılmasından əmələ gələn karbon turşusu və sulfidli qaz atmosferi daha çox çirkləndirir. Bütün bunlar atmosferin temperatur rejiminə, optik xassələrinə ayrı-ayrı regionların hava şəraitinə mənfi təsir edir. Tədqiqatçılar sulfidli qazların turş yağışlar əmələ gətirməsini yaxşı bilirlər. Avropa və Şimali Amerikada geniş yayılan bu yağışlar meşələri, şirin su hövzələrindəki canlı aləmi məhv edir, kənd təsərrüfatı məhsullarının keyfiyyətini və məhsudarlığını aşağı salır. Ona gərə də atmosferin mühafizəsi ən vacib ekoloji məsələlərdən biri hesab edilməlidir. Çünki, atmosfer yerdə həyatın yaranması və inkişafını təmin edən əsas amillərdən biridir. Atmosfer hər şeydən əvvəl tənəffüs üçün canlı orqanizmlərə lazımdır. Əgər insan qidasız 60 gün, susuz 6-7 gün qala bilərsə, havasız 4 dəqiqədən artıq yaşaya bilməz. Atmosfer yerdə qaz dövranının, enerji və maddələr mübadiləsinin həyata keçirilməsində də ardıcıl rol oynayır, rütubət dövranını təmin edir. Atmosferin fiziki və kimyəvi xüsusiyyətlərinin dəyişməsi ilk növbədə insanların sağlamlığının, yaş həddinin və iş qabiliyyətinin azalmasına səbəb ola bilər.

Bütün bunlardan qaçmaq üçün istehsalat texnologiyasının təkmilləşdirilməsi həlli vacib məslələrdəndir. Belə ki, texnoloji cəhətdən müasir avadanlıqlar havaya zərərli maddələrin daxil olmasının qarşısını alır. Bununla yanaşı, yaşıllıqlar da atmosferin tənzimlənməsində mühüm rol oynayır. Təkcə onu demək kifayətdir ki, bir hektar meşə sahəsi bir ilə 18 mln kub metr havanı zəhərli maddələrdən təmizləyir və 10-20 tona yaxın karbon qazı udur. Eyni zamanda onu da qeyd edək ki 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur ki, bu da saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. Doğurdan da ətraf mühitin mühafizəsində, ekoloji tarazlığın pozulmasının qarşısının alınmasında, atmosfer havasının çirklənmələrdən qorunmasında meşələrin rolu əvəzsizdir.

Atmosferin зirklənməsinin qarşısını almaq üçün maarifləndirici tədbirlər də çox böyük əhəmiyyət kəsb edir. Hər il respublika ərazisində “Təmiz hava aylığı”nın keçirilməsi məhz bu məqsədə xidmət edir.

Ətraf mühitə mənfi təsir göstərən amillərdən biri də müharibələrdir. Müharibələr nəticəsində çoxlu insan tələfatı ilə bərabər, ətraf mühitə, təbiətə, xüsusilə də biomüxtəlifliyə və su hövzələrinə çox ciddi ziyan dəyir.

Məlum olduğu kimi dünyada su qıtlığı özünü qabarıq şəkildə göstərir. Təbii ki, bu ilk növbədə israfçılığın nəticəsidir. İçməli su mənbələri getdikcə tükəndiyinə görə insanların yaşaması üçün çox ciddi problemlər yaranır. Axı su həyat mənbəyidir. Əgər biz suya olan gündəlik tələbatı bildiyimiz halda israfçılığa yol veririksə, tullantıları dənizə, çaylara atırıqsa, heç şübhəsiz bu da orada yaşayan canlı orqanizmin, bitki örtüyünün məhvinə, getdikcə su mənbələrinin tükənməsinə, daha doğrusu, nəticə etibarı ilə su qıtlığına gətirib çıxarır. Bunun qarşısını almaq üçün müasir texnologiyalar hesabına sutəmizləyici qurğulardan istifadə edilməsinə böyük ehtiyac duyulur.

Azərbaycanda su ehtiyatlarının məhdud olduğu bir zamanda bu ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir vətədaşı üçün ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 saylı sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” bu məqsədə hədəflənmişdir.

Çirklənmənin qarşısını almaq kimi mühüm vəzifə təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə düşmür, hər kəs ana təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ekoloji tərbiyə də mühüm əəhəmiyyət daşıyır. Azyaşlılara əllərindəki plastik qabları onlar üçün atrılmış xüsusi konteynerlərə atılmasını başa salmaq ətraf mühitin mühafizəsinə dair atılmış kiçik, amma gələcəkdə nəticəsi böyük olacaq bir addımdır. Bundan başqa, hər birimizi plastik qabların alternativlərdən-şüşə qablardan, polietilen torbaların əvəzləyicisi olan parça və ya kağız torbalardan istifadəyə üstünlük verməliyik. İnanıram ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin insanların sağlam ətraf mühitdə yaşamaları və ekoloji təqvim günləri ilə bağlı həyata keçirdiyi aksiyalar və maarifləndirici tədbirlər tezliklə öz faydasını verəcək. Ətraf mühitin mühafizəsi qlobal bir anlayışdır və zamanın tələblərindən irəli gəlir. Təbiətə, onun sərvətlərinə nizamsız və sarsıdıcı həmlələr bəşəriyyəti dilemma qarşısında qoyur. İnsan həm təbiətdən istifadə etməli, həm də onu qorumalıdır.

Artıq bürkülü yay günləri davam edir. Hər il olduğu kimi ölkəmizə turist axını var. Bölgənin su hövzələrinin, təbii ki, Xəzər dənizi sahilləri, qızıl qumu onların diqqətini daha çox cəlb edir. Elə buna görə də dənizin sahilləri həmişəkindən daha çox məişət tullantıları ilə çirkləndirilir. Bu məqsədlə 1 saylı ETSİ-nin əməkdaşları ictimai fəalların iştirakı ilə hər həftənin şənbə günlərində iməciliklər keçirməyi planlaşdırıb. Artıq bu sahədə Lənkəranda, Masallıda, Yardımlıda, Astarada, Lerikdə, Cəlilabadda ilk addımlar atılıb.

1saylı ETSİ-nin rəisi Ceyhun Hüseynov söhbət zamanı dedi:

- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsünə qoşularaq 15 iyul 2023-cü il tarixində Lənkəranda və Yardımlıda növbəti təmizlik aksiyaları keçirilib. Lənkəranda Xəzər dənizi sahilində 15000 m2 sahədə sahil ərazisindən ümumi həcmi 5m3 olan bərk məişət tullantısı, eləcə də, müxtəlif plastik qablar, polietilen torbalar və uzunluğu 20 metr olan sintetik tor yığışdırılaraq tullantı poliqonuna daşınıb. Ümumilikdə iməclikdə 50 nəfər iştirak edib.

Yardımlıda isə şəhərin mərkəzindən keçən Viləş çayının sahilində 3000 m2 sahədə keзirilən təmizlik aksiyası zamanı ərazidən ümumi həcmi 5 m3 olan bərk məişət tullantısı, eləcə də, müxtəlif plastik qablar, polietilen torbalar yığışdıralaraq aidiyyəti üzrə tullantı poliqonuna aparılıb. İməclikdə 26 nəfər iştirak edib.

Ümumiyyətlə aksiyalar zamanı iştirakçılarla ekoloji maarifləndirmə və məlumatlandırma işlərinin aparılması da məqsədəmüvafiq hesab edilib.

Aksiyalarımız sentyabr ayının sonuna qədər davam edəcək. Tədbirə könüllülər, təbiətsevərlər, ictimai fəallar, bir sözlə bütün vətəndaşların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu xeyirxah, humanist təşəbbüsünə qoşulmaları ümumi işimizin xeyrinə olardı.

Qeyd edək ki, ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 308 nömrəli Qərarı yuxarıda qeyd etdiyimiz problemlərin həllində mühüm rola malikdir. Belə ki, sözügedən qərarda su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına, atmosfer havasına çirkləndirici maddələrin atılmasına, tullantıların yerləşdirilməsinə görə ödəniş normativlərin tətbiqi nəzərdə tutulur. Məlumat üçün bildirək ki, bundan əvvəl bu ödənişlər cüzi miqdarda idi. Elə buna görə də, Nazirlər Kabinetinin yeni qərarında ödəniş normativlərinin artırılması zərurəti yarandı. Təbii ki, bu qərar qısa müddətdə öz səmərəsini göstərməli, idarə və müəssisələrin rəhbərləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin qərardan irəli gələn vəzifələri, göstərişləri rəhbər tutmalı və fəaliyyətlərini bu tələblərə uyğunlaşdırılmalıdırlar. Təbii ki, bu, nəticə etibarı ilə ətraf mühitin qorunmasına və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə gətirib çıxaracaqdır. Elə buna görə də, Nazirlər Kabinetinin bu yeni qərarı yerlərdə böyük ruh yüksəkliyi və razılıqla qarşılanıb.

Bəxtiyar Hüseynov,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,