Qulaqlıqlarla bağlı yeni faktlar üzə çıxdı - DİQQƏT! - HƏKİM AÇIQLADI

14 İyul 2023 12:46 (UTC+04:00)

Texnologiyanın çox inkişaf etdiyi dövrdə insan həyatının ən ayrılmaz cihazlarından biri də qulaqlıqlardır. Əvvəl musiqiyə yüksək səslə qulaq asmaq ətrafdakı digər insanları narahat edərdisə, artıq qulaqlıqlar sayəsində hər kəs öz sevdiyi musiqidən zövq ala bilir. Lakin qulaqlıqların rahat olması ilə bərabər insan bədəninə vurduğu zərərlər də vardır.

Qulaqcıqların zərəri barədə SİA-ya lor-cərrah Nigar Muradova danışıb: "Qulaq içi və qulaq üstü qulaqlıqlardan uzunmüddətli istifadə həm infeksiya, həm də eşitmə itkisi riskini artırır. Son dövrlər daha çox istifadə olunan naqilsiz qulaqlıqların yaratdığı maqnetik sahənin də insan beyninə ciddi zərərli təsiri haqda araşdırmalar aparılmaqdadır. Xarici qulaq keçəcəyi hava sirkulyasiyası olan mühitdir. Qulaqlıq istifadəsi zamanı xarici qulaq keçəcəyi tıxanır və orada olan havasız, isti nəmli mühitdə bir çox infeksiya və göbələklər inkişaf edir ki, bunun nəticəsində də qulaq xəstəlikləri meydana gəlir. Başqasının qulaqlığından istifadə infeksiya və göbələyə yoluxma ehtimalını artırır. Hər bir halda səsin kənar (sərbəst mühit) qaynaqdan eşidilməsi sağlamlıq baxımından daha düzgündür".

Həkim qeyd edib ki, müraciət edən pasiyentlərin qulaqla bağlı problemləri müxtəlifdir: "Yaşa və fəslə görə dəyişir. Qışda daha çox otitlər, yayda daha çox hovuzdan, dənizdən sonra xarici otitlər və otomikozlar müşahidə edilir. Yaşlılarda və orta yaşlılarda daha çox eşitmə siniri mənşəli xəstəliklər, uşaqlarda daha çox seroz və irinli orta otitlər olaraq qruplaşdırıla bilər".

N.Muradova qulaqcıqlarla bağlı tövsiyəsində deyir: "Tövsiyəmiz 60/60 prinsipinə riayət etməkdir. Yəni qulaqlıq istifadə edərkən səs səviyyəsi 60 desibeli, istifadə müddəti isə 60 dəqiqəni keçməməlidir. Uzunmüddətli qulaqlıq istifadəsi eşitmə sinirində bərpası mümkün olmayan zədələnmələrə gətirib çıxarır".