Yay mövsümündə uşaqların qidalanmasına özəlliklə diqqət etmək lazım gəlir. İsti havanın gəlməsiylə uşaqlar da dondurma kimi çox da sağlam olmayan qidalara üz tuturlar və diqqətsizlik bəzi fəsadlara gətirib çıxara bilər. Bəs valideynlər bu mövsümdə uşaqların qidalanmasına necə diqqət etməlidir?
Qida mütəxəssisi Ağa Salamov SİA-ya açıqlamasında valideynlərə tövsiyələr verib: "Hər bir valideyn uşaqların 11 yaşına qədər pediatrların məsləhətləri ilə qidalanmasına fikir verməlidir. 11 yaşından sonra da həkim məsləhəti ilə uşaqlara diqqət edilməlidir. İndi mövsümi meyvələrin şirəsini uşaqlara verən valideynlər vardır. Bu da uşaqlarda şişkinlik, köp, mədə-bağırsaq sisteminin pozulması kimi halları ortaya çıxarır. Buna görə də meyvələrin şirəsini çəkmək əvəzinə, meyvənin püre halını uşaqlara vermək daha məqsədə uyğundur. Çünki bu zaman meyvə liflərdən ayrılmır. Liflərdən ayrılmayan, püre halında olan və ya çiy meyvələr daha faydalıdır. Meyvə şirəsinin əvəzinə uşaqlara kompotlar da vermək daha faydalıdır. Çünki meyvələrin vitaminləri və lifləri də meyvənin içində qalır. Liflərin olması bağırsaq florasına, uşaqların mədə-bağırsaq sisteminə böyük fayda verir".
Uşaqlara dondurma verməklə bağlı xüsusi diqqətli olmağı məsləhət görən ekspert deyir: "Uşaqlara dondurmalar verən zamanı ehtiyatlı olmaq lazımdır. Valideynlər çox zaman düşünür ki, uşaq dondurmanı yeyəndən sonra isti çay vermək soyuqlamanın qarşısını alacaq. Bu da yanlış yanaşmadır və mədə-bağırsaq sisteminə zərər vurur. Uşaqlar dondurmanı yeyərkən bunlara diqqət edilməlidir: İlk növbədə, dondurmanı alanda markası önəmlidir. İkinicisi, əzilməmiş, qablaşdırmada deformasiyaya uğramamış olması önəmlidir. Çünki isti hava kütləsinin dərin dondurucunun içinə daxil olmasıyla dondurmaların buzu açılıb təkrar donması baş verə bilir. Buzu açılıb təkrar donan dondurmalar da uşaqlara zərərdir. Buna görə də dondurma alarkən diqqətli olmaq lazımdır. Deformasiyaya uğramış, əl vuran zaman əzilən dondurmaları yemək məsləhətli deyildir. Əks halda bağırsaq çöpləri vasitəsilə zəhərlənmə halları baş verə bilər".
Uşaqların allergik problemləri ola biləcəyi ehtimalına da toxunan A.Salamov həkim məsləhəti ilə uşaqların qida rasionuna bu qidaları əlavə etməyi vurğulayıb: "Uşaqların yeməklərində allergik problemləri öyrənmək lazımdır. Allergiyanı nəzərə alaraq, həkim məsləhəti ilə uşaqların səhər yeməyində yumurta, kalsiumla zəngin ağartı məhsulları istifadə etmək olar. Ağartı məhsullarının uşaqlar və yeniyetmələrdə sümük bərkiməsində rolu var. Yumurta da uşaqları tox tutur həm də tərkibində olan elementlər sayəsində beyin fəaliyyətini gücləndirir. Əvəz edilməz yağ turşusu olan omeqa 3 ilə zəngin olduğuna görə də faydalıdır. Eyni zamanda, tərəvəzlər və zeytun yağı ilə hazırlanmış salatlar da faydalıdır və uşaqları mayonezli salatlardan və yeməklərdən uzaq tutmaq lazımdır. Fast-fudlar isə məsləhət görülmür. Uşaqları sağlam qidalandırmaq üçün zeytun yağı, mövsümi meyvə və tərəvəzlərlə hazırlanmış salatlarla, qidalarla təmin etmək lazımdır. Məsələn, zeytun yağı, göyərtilər, limon şirəsi, alma sirkəsiylə hazırlanmış salat həm dadlı həm də minerallar, vitaminlərlə zəngin olacaqdır. Bununla yanaşı, uşaqlara buxarda bişmiş, tam qızarmamış qidalar da vermək olar. Tam buğda unu və çovdar unu ilə qarışıq çörəklər daha məsləhətlidir. Çünki belə çörəklər liflərlə zəngindir. Nəticədə, serotonin hormonunun, beyində oreksin maddəsinin aşağı düşməməsinə səbəb olur, uşaqlar dərslərinə laqeyd yanaşmırlar, yorğunluq və əzginlik hiss etmirlər, gümrah və daha xoşbəxt olurlar".