“Özəl bağçalarda qiymətin yüksək olması tam doğru bir faktdır. Bu işlə məşğul olan sahibkarların da bildiklərinə görə Azərbaycanda bir uşağın özəl bağçaya qəbulu minimal 350-400 manatdan hesablanır. Bu, sanki həmin bağçaların öz aralarında müəyyənləşdirdiyi bir qiymətdir. Amma bu gün özəl bağçalara tələbatın çox olması və qiymət bahalığının bir neçə səbəbi var. Birincisi, dövlət bağçalarının azlığı, eyni zamanda, orada tədrisin bir o qədər keyfiyyətli təşkil olunmamasıdır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.
Onun sözlərinə görə, Azərbaycanda bağça yaşında uşaqların sayına nəzər yetirsək görərik ki, onların yalnız 25%-i bağçaya gedə bilər: “Geri qalan 75% uşaq üçün bağça yoxdur. Ölkə bağçalarının 70%-dən çoxu yalnız Bakıdadır. Təsəvvür edin, altı rayona cəmi on iki bağça düşür. Bu, biabırçı bir faktdır. Yəni, bir rayonda iki bağçanın olması təəssüfdoğurucu haldır. İlk növbədə ölkədə dövlət bağçalarının sayı artırılmalı, məktəbəqədər uşaqların kontingentinə uyğunlaşdırılmalıdır. Valideynlərin iş göstəricisi də bağçalara adekvat olmalıdır. Çünki valideyn adətən uşağını bağçaya o məqsədlə qoyur ki, fiziki baxımdan uşağa baxmaq imkanları məhduddur. Dövlət bağçaları ilə bağlı kəmiyyət məsələsini həll etmədən keyfiyyətdən danışa bilmərik”.
Özəl bağçalara gəldikdə isə ekspert qeyd edib ki, Azərbaycanda onların sayı çox deyil: “Ölkə üzrə cəmi 133 özəl bağça mövcuddur. Əksər rayonlarda heç özəl bağça yoxdur. Çünki özəl bağça digərindən fərqli olaraq sahibkarlıq müəssisəsidir. Özəl bağçalar biznes məqsədilə qurulur. Bugünkü gündə bir bağçanın ərsəyə gətirilməsi, onun dövlət standartlarına uyğun hazırlanması və s. böyük maliyyə tələb edir. Sahibkar da istəyir ki, yatırdığı pulu heç olmasa 3-5 il ərzində geri qaytarsın. Sahibkarlığın funksiyası budur. Ona görə də bazarda özəl bağçaların qiyməti 350-400-dən başlayır. Belə olduğu halda dövlət tərəfindən onlara vergi, investisiya məsələləri və ya digər komponentlərdə onlara müəyyən güzəştlər edilməlidir. Əgər bu cür güzəştlər tətbiq olunsa, bizim də bir vətəndaş kimi özəl bağça rəhbərlərindən tələblərimiz daha çox ola bilər”.
Ləman Sərraf