Qırx ilin məzunlarının tarixi görüşü

13 İyul 2023 10:03 (UTC+04:00)

Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz

Sokrat

Orta məktəb illəri insan həyatının ən ülvi və ən yadda qalan illəridir. Daha çox illər keçdikcə hər birimiz həmin illəri xoş təəssüratlarla xatırlayırıq və həmin illərin maraqlı, qəmli epizodları yadımıza düşəndə sevinir, kədərlənirik. Əsasən də həmin illərdə bizə dərs deyən müəllimləri heç vaxt yaddan çıxara bilmirik. Ona görə böyük Mustafa Kamal Atatürk müəllim haqqında çox gözəl deyib: “Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər”.

Bəli, onlar bizə işıq, ziya veriblər. Atalarımz isə müəllimlə bağlı bizə belə bir maraqlı kəlamı yadigar qoyublar: “Müəllim bir memar, ya da mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir”.

Eşidəndə ki, uzun illərdir ki, tanıdığım və özünün xeyirxahlığı, böyük insani hisslərilə çox hörmət qazanmış, Azərbaycanın ən yaxşı istirahət mərkəzlərindən biri olan “Qala” İstirahət Mərkəzinin yaradıcısı Sucayət Qasımov və onun sinif yoldaşalrının Masallı rayon Ərkivan qəsəbəsində Cəfər Cabbarlı adına tam orta məktəbdə təhsil aldıqları vaxtdan 40 il ötüb və onlar məktəbi bitirməklərinin 40 illik yubileyini çox yüksək səviyyədə qeyd ediblər və həm də bu tarixi hadisə təkcə Masallıda yox, Cənub bölgəsində çox maraqla qarşılanıb, ona görə də belə qərara gəldim ki, həmin tarixi hadisəni qələmə alım və qoy respublika oxucuları da bu tarixi hadisə ilə tanış olsunlar.

-Salam, Sucayət müəllim. Bugünkü söhbətimiz “Qala” İstirahət Mərkəzi haqqında yox, sizin orta məktəbi bitirməyinizin 40 illik yubileyi haqqında olacaq. Necə oldu ki, siz bu yubileyi keçirtdiniz?
-İlk öncə vurğulayım ki, təhsil aldığımız Ərkivan qəsəbəsindəki Cəfər Cabbarlı adına tam orta məktəb Cənub bölgəsinin ən qədim məktəblərindən biridir.Burada təkcə Azərbaycanda deyil, artıq dünyada, MDB məkanında tanınan çoxlu alimlər, iş adamları, yazıçılar, şairlər, müəllimlər, həkimlər, mühəndislər, incəsənət işçiləri, hərbiçilər və başqa sahələrdə çalışan insanlar təhsil alıblar.

Bu məktəbi bitirənlər demək olar ki, hər il öz yubileylərini keçirirlər. Biz də məktəbi bitirməyimizin 40 illik yubileyini keçirmək üçün əvvəlcədən söhbət elədik və belə qərara gəldik ki, bu yubileyi may ayının 28-də qeyd edək. Biz məktəbi 120 şagird bitirmişik. Onların da çoxu Azərbaycanda deyil. Ona görə də təkcə Azərbaycanda yox, bir sıra xarici ölklərdə yaşayan sinif yoldaşlarımızla əlaqə saxladıq. Bu tədbirin keçirilməsinə hamı sevindi. Ona görə də dəvətnamələr və döş nişanları hazırladıq. Yuxarıda dediyim 120 şagirddən 20 nəfəri dünyasını dəyişib. Allah onlara qəni-qənirəhmət eləsin. Yüz nəfərdən də təxminən 50 nəfəri xarici ölkələrdə yaşayır. Onlara da xəbər göndərdik. Amma müəyyən səbəblərdən hamısı gələ bilmədi. Ümumilikdə 50 nəfərdən çox sinif şagirdimiz həmin yubileydə iştirak elədi. Tədbiri oxuduğumuz Cəfər Cabbarlı adına orta məktəbdə qeyd elədik. Açılışda orada təhsil alan məktəblilərin teatrlaşdırılmış çıxışı oldu. Həmin tədbirdə vətənpərvərlik, Ulu Öndər Heydər Əliyev, məktəb, müəllim, valideyn haqqında şeirlər, maraqlı fikirlər dedilər. Biz onlara hədiyyələr verdik. Sonra oxuduğumuz sinfə daxil olduq. Sağ qalan müəllimlərimiz və bəzi sinif yoldaşlarımızdaorada çıxış elədilər. Sinif yoldaşlarımız bu 40 ildə qazandıqları uğurlardan danışdılar. Məktəb illərindəki keşmiş xatirələrə qayıtdıq. Hətta elələri oldu ki, həmin xatirələri danışanda kövrəldilər. Orada məktəb yoldaşlarımızın dediyi kəlamlar və aforizmlər hamımıza təsir elədi. Onlardan Adolf Disterveqin dediyi : “Müəllimlərdən işgəncə görməyən həyatda zülm çəkər”. “Pis müəllim şagirdinə həqiqəti çatdırır, yaxşı müəllim isə onu tapmağı öyrədir”. Həzrəti İmam Əlinin dediyi: “Mənə bir hərf öyrədənin köləsi olaram”. Adam Karrelin dediyi: “Müəllim, bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, tələbələr öz-özlərinə fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan olmalıdır”. Con Braunun dediyi: “Öyrətmək yenidən öyrənməkdir”.
Donald Romanın dediyi: “Yer üzündə, müəllimlikdən başqa şərəfli bir peşə tanımıram” kəlamları əbədilik yaddaşımda qaldı. Onu da vurğulayım ki, sinif yoldaşlarımızdan Sakitə Abdullayeva hal-hazırda Təhsil Şöbəsində direktor müavini işləyir. Gülbəniz Abıyeva Bakıda təhsil üzrə pedaqoqdur. Əlimirzə Qasımov birinci Qarabağ müharibəsinin veteranıdır. Uzun illər polis orqanlarında işləyib. Hazırda təqaüddədir. Əlövsət Əliyev tibb üzrə elmlər doktorudur. O, Bakıda xəstəxanada şöbə müdiri işləyir. Mais Məmmədov Ekologiya Nazirliyində məsul vəzifədə çalışır. Camal Məmmədov Moskvada Dövlət Universitetini bitirib. Hazırda Xabarovsk vilayətində tanınmış iş adamıdır. Əfrayıl Fərziyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon şöbəsində məsul vəzifədə işləyib.Çingiz Əliyev Sankt-Peterburq şəhərində tanınmış iş adamıdır. Əlbəttə, onların hamısının adını çəksək, çox böyük siyahı yaranar. Onu davurğulayım ki, bizimlə təhsil alanların demək olar ki, böyük bir hissəsi ali təhsillidir.

-Bu tədbirdən sonra hara getdiniz?
-Biz oradan Ərkivan qəsəbəsində olan Şəhidlər Xiyabanına getdik. Burada 1941-45-ci il Böyük Vətən Müharibəsi şəhidlərinin abidələri və həm də Qarabağ müharibəsində şəhid olanların abidləri var. Birinci Qarabağ müharibəsində iştirak edib, şəhid olan sinif yoldaşlarımız da orada uyuyurlar. Onların qəbirlərinin üstünə gül dəstələri qoyduq. Orada çıxışlarımız oldu. Eləcə də dünyasını dəyişən sinif yoldaşlarımızın qəbirlərini ziyarət elədik. Gül dəstələri qoyduq. Bu tədbirimiz təxminən 7 saat davam elədi. Sonra da “Qala” İstirahət Mərkəzinə gəldik və burada 40 illik yubileyimizi süfrə arxasında davam etdirdik. Orada da hər şagirdə 5 dəqiqəlik çıxış üçün söz verildi. Bu tədbirdən tarixdə qalmaq üçün çoxlu şəkil və videolar çəkildi. Müəllimlərimizə, sinif qızlarımıza hədiyyələr verdik.

-Artıq orta məktəb illərindən 40 il keçib. Həmin illər sizə dərs deyən müəllimlərdən kimlər yaddaşınızda qalıb?
-Çox maraqlı sualdır. Böyük filosof Aristotelin belə bir maraqlı kəlamı var: “Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib”. Müəllim haqqında mənə elə gəlir ki, bundan maraqlı fikir, kəlam yoxdur.

Orta məktəbdəki və “Qala” İstirashət Mərkəzindəki tədbirimizdə siz deyən mövzu qabarıq şəkildə deyildi. Bizə həqiqətən də xeyli bilikli, müdrik, sözün əsl mənasında böyük ziyalı olan müəllimlər dərs deyiblər. Ümumiyyətlə, Cəfər Cabbarlı adına Ərkivan qəsəbə tam orta məktəbində həmin illərdə çox savadlı müəllimlər işləyiblər. Məhz buna görə də onların yetişdirdiyi şagirdlər təkcə Azərbaycanda yox, dünyada tanınırlar. Məktəb yarandığı ildən burada təhsil alan şagirdlərin demək olar ki, 70-80 faizi ali təhsil alıb. Tanınmış alimlər, elmlər doktorlarının sayı yüzdən çoxdur. Bu da bir məktəb üçün çox böyük göstəricidir. Müəllimlərimizin əksətiyyəti dünyalarını dəyişib. Bu, əlbəttə, bizi çox kövrətdi ki, onlar bu yubileydə iştirak edə bilmədilər. Amma yaddaşımızda əbədi qalıblar. Şahverən Bağırovu, Əli Əliyevi, Əbülfəz Hilalovu necə yaddan çıxarmaq olar? Sağ qalan müəllimlərimiz - Nazim Bağırov, Vaqif Məmmədov həmin tədbirdə iştirak elədilər. Xəstə olan bəzi müəllimlərimiz də tədbirə gələ bilməmişdilər. Biz həmin tədbirdən albom hazırladıq. Həmin albomu, ayrı-ayrı tarixi şəkilləri və videonu gələcək nəsillərimizə də göstərəcəyik ki, qoy onlara da nümunə qalsın. Ənənəmiz davam etdirilsin. Arzumuz bu oldu ki, 50 illik yubileyimizi də bir yerdə beləcə keçirək. Təki sağlıq olsun. Ulu Tanrı bizə ömür versin. Siz də çox sağ olun ki, bu tarixi hadisəni qələmə alırsınız.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

P.S. Bu, doğrudan da çox yaxşı, maraqlı ənənədir. Arzu edirəm ki, məmləkətimizin hər yerində bütün məzunlar belə yubileylər keçirsinlər. Beləliklə, həmin illərdə dərs deyən müəllimlərin ucalığı, böyüklüyü bilinəcək. Müəllimlərə həm hörmət çox artacaq və həm də təhsilimizə maraq artacaq. Təhsilimiz yüksək səviyyədə inkişaf eləyəcək. Dahi rəhbər Heydər Əliyev belə maraqlı kəlam deyib: “Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir”. Dahilərin isə belə bir fikri var: “ Bir milləti məhv eləmək üçün onun təhsilini əlindən almaq kifayətdir”. Ona görə də gəlin, bir millət olaraq təhsilimizi qoruyaq və müəllimlərimizin qədrini bilək.