Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Reanimasiya və İntensiv Terapiya şöbəsinin anestezioloq-reanimatoloqu Rəşad Nəsirli 2-8 iyul 2023-cü il tarixlərində Avstriyanın Zalsburq şəhərində "Open Medical İnstitute", “Weill Corner Medicine” təşkilatının və Vyana Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən “Anesteziologiya və İntentsiv terapiya” mövzusunda seminarda iştirak edib. SİA xəbər verir ki, dr.Rəşad Nəsirli seminarın ikinci günü “Ağır COVİD-19 xəstələrinin müalicəsində EKMO tətbiqinin prinsipləri” mövzusunda çıxış edib.
Bu çıxışda COVİD-19 pandemiyasi dövründə Mərkəzi Gömrük Hospitalının təcrübəsi bölüşülüb. İştirakçılar arasında bu mövzu maraqla qarşılanıb, qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Seminar müddətində müasir dövrdə tibbin bu sahəsinin yenilikləri, uğurları, problemləri haqqında müxtəlif çıxışlar edilib. Avstriya, Amerikanın məşhur mərkəzlərinin professorları tərəfindən iştirakçılar üçün məruzələr oxunmuşdur.
Seminar müddətində iştirakçılar üçün müasir tibbin uğurlarından sayılan, müxtəlif koaqulapatiyaların diaqnostikasında, hədəf tipli müalicə üçün istifadə olunan viskoelastik testlər üzrə praktiki təqdimat olmuşdur.
Tədbirin sonuncu günü klassik musiqi gecəsi və təqdimat mərasimi keçirilmişdir.