Azərbaycan Dəmir Yolunun inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Son 20 ildə Azərbaycanın sosial iqtisadi sahədə etdiyi uğurlar ölkəmizin dünya miqyasında yerinin və rolunun daha da möhkəmlənməsinə səbəb olub. Qazanılan nailiyyətlər Azərbaycan iqtisadiyyatının inkişafının təkcə enerji sektoru üzərində köklənməyərək digər mühüm sferaları da əhatə etməsidir. Azərbaycanın Prezidenti İlham Əliyev bu barədə tarixi çıxışlarının birində demişdir: “Bizim iqtisadi inkişafımız təkcə bir sektorun inkişafına bağlı deyil. Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. Ölkəmiz uğurla inkişaf etməyə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Yəni bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik”.
Söz yox ki, ölkə nəqliyyat sektorunun tərkib hissəsi olan Azərbaycan Dəmir yolu sahəsində dinamik inkişaf Azərbaycanda qazanılan iqtisadi uğurların miqyasının genişlənməsinə mühüm töhfələr verir. Qeyd etmək lazımdır ki, Azərbaycanda ilk dəmir yolunun çəkilməsi 1878-ci ilə təsadüf edir. Bakıda neft sənayesinin yaranması və çıxarılan xam neftin emal müəssisələrinə və satış bazarlarına daşınması məqsədi ilə 1880-ci ilin yanvar ayında uzunluğu 20 kilometr olan Bakı-Suraxanı-Sabunçu dəmir yolu istifadəyə verilmişdir. Daha sonra Ələt stansiyasından Culfa stansiyasınadək olan yollar çəkilmişdi. O dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük daşınmasına olan tələbata uyğun inkişaf etmiş və təkmilləşmişdir. Hazırda baş yolların ümumi uzunluğu 2898,9 kilometr, istismar uzunluğu 2068,1 kilometrdir ki, onların da 802,3 kilometri qoşayolludur. Dəmir yollarının 1229,5 kilometri və ya 68,2 faizi elektrikləşdirilmiş, 1527,7 kilometri avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilmişdir. Aparılan məqsədyönlü işlər və islahatlar nəticəsində Azərbaycan Dəmir Yolları regionun ən inkişaf etmiş dəmir yoludur. Bu uğurlu nəticələrin əsası isə 1969-cu ildən Ulu Öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərliyə gəldiyi dövrdə qoyulub. Dahi Öndərimiz Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində o dövrdə geridə qalmış dəmir yolu nəqliyyatında köklü inkişafa nail olundu. Ümumilikdə Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz Ulu Öndər Heydər Əliyevin n təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Ulu Öndərimizin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də 1983-1987-ci illər ərzində, dəmir yolu müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilmişdir. Təəssüflər olsun ki, Ulu Öndərimiz Heydər Əliyev Moskvaya SSSRİ rəhbərliyinə getdikdən sonra Azərbaycan Dəmir Yolunda ciddi qüsurlar, problemlər yaranmağa başlamaşıdır. Bu problemlər yalnız Dahi Öndərimiz Heydər Əliyevin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra aradan qaldırılmışdır.
Uğurlu dəmiryolu quruculuğu sonrakı mərhələdə də davam etdirildi
Ulu Öndərimiz Heydər Əliyev hər sahəni, o cümlədən də dəmir yolu sahəsini mükəmməl bilən, yüksək intellektual səviyyəyə malik bir şəxsiyyət idi. Bilavasitə Onun diqqət və qayğısı nəticəsində qısa müddətdə bütün sahələrdə olduğu kimi dəmir yolundakı neqativ hallar aradan qaldırıldı, yüksək inkişafa, tikintiyə, yükdaşınmalara nail olundu. O zaman Ulu Öndərimiz dəmiryolçular qarşısında çıxış edərkən demişdir: “Tərcümeyi-halımdan məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi”.
ADY beynəlxalq təşkilatlarla əlaqələr üstünlük vermişdir
Azərbaycan Dəmir Yolu beynəlxalq təşkilatlarla əlaqələrə böyük önəm verirdi. Bu məqsədlə də Azərbaycan Dəmir Yolları 1993-cü ildən Beynəlxalq Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü olmaqla bu qurumların işində aktiv iştirak etməyə başladı. 1997-ci ildən başlayaraq Bakıda dəmiryolçularının MDB və Baltikyanı Dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının yığıncağı, Tarif Konfransı, DYƏT-nin Nazirlər Müşavirəsinin Sessiyası, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dəmir yolu rəhbərlərinin müşavirəsi və başqa tədbirlər keçirilmişdir.1996-cı ildən etibarən elektrik təchizatı sahəsində bir sıra uğurlu islahatlar aparıldı Ötən dövr ərzində Puta stansiyasında kontakt şəbəkəsi tamamilə yenidən qurulmuş, transformatorlar quraşdırmaq hesabına 123 işarəvermə nöqtəsi, Znoynı (indiki Xıdırlı) stansiyasında yarımstansiya bərpa edilmişdir. Horadiz stansiyasında 2, 5 km uzunluğunda hava enerji təchizatı xətti bərpa edilmiş və 250 KVA-lıq transformatorlar quraşdırılmışdır. Enerji təchizatı qurğularının etibarlı işləməsi üçün Keşlə stansiyasında ikinci qida mənbəyi 400 KVA-lıq transformator quraşdırılmış, Gəncə vaqon deposu üçün yeni 10 KV gücündə enerji təchizatı xətti çəkilmişdir. Azərbaycan Dövlət Dəmir Yolunda istismar olunan yolların 62 faizi, yəni 12278 km-i elektrikləşdirilmişdir. Əsas iş sahələri olan Bakı-Böyük Kəsik, Bakı-Yalama, Bakı-Osmanlı xətləri tam elektrikləşdirilmişdir.1996-cı ildən etibarən Azərbaycan dəmir yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başladı. Lakin əsas daşıma dəhlizi TRASEKA dəhlizi hesab edilir. Bu sahə Böyük İpək Yolunun Bakıdan Böyük-Kəsik stansiyasına (Gürcüstanın dövlət sərhədlərinə) qədər məsafəni və daha sonra üçüncü dövlətlərə çıxışı əhatə edir. Sonralar bu nəqliyyat dəhlizi Qədim İpək Yolundan TRASEKA-yadək yol keçdi (əslinə qalsa, nəqliyyat dəhlizlərinin fəaliyyətinin bərpa olunması işi 1994-cü ildə "Əsrin kontraktı"nın imzalanması ilə başlanmışdır).1998-ci il sentyabrın 7-9-də Böyük İpək Yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfrans Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində keçirilmişdi. Bu mötəbər tədbirdə 13 dövlətin və 32 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişdir. İki gün davam edən konfransda Bakı bəyannaməsi qəbul edildi. Qəbul edilən sənədlər sırasında beynəlxalq tranzit daşınmaları haqqında Əsas Çoxtərəfli Razılıq, həmçinin beş texniki Əsasnamə, o cümlədən, dəmir yolu daşımaları sahəsində əməkdaşlıq barədə müqavilə də vardır. 4 yanvar 1998-ci ildə Dübəndi terminalının və stansiyasının açılış mərasimi keçirilmişdir. Həmin mərasimdə Ulu Öndər Heydər Əliyev iştirak etmiş, burada görülən işləri, dəmir yolunun fəaliyyətini yüksək qiymətləndirmişdir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır. "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması həyata keçirilən irimiqyaslı işlərdəndir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü bərpa etdikdən dərhal sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq Qarabağda başlanılan quruculuq işləri çərçivəsində dəmir yolu infrastrukturu layihələri intensiv şəkildə həyata keçirilir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa yeni dəmir yolu xəttinin inşası işlərini davam etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən yenidən qurulması işlərinə başlanılan Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində birxətli dəmir yolu xətti üzrə hazırda fəaliyyətdə olan Bərdə və Köçərli stansiyaları təmir ediləcək, Təzəkənd və Ağdam stansiyaları isə yenidən tikiləcək. Həmçinin yol üzrə 114 ədəd süni mühəndis qurğusunun tikintisi də nəzərdə tutulur. Hazırda dəmir yolu xəttinin Bərdə-Köçərli-Təzəkənd istiqaməti üzrə layihələndirmə və üst quruluşunun söküntüsü işləri tamamlanıb, torpaq yatağının, üst quruluşu elementlərinin, süni qurğuların tikintisi və Təzəkənd-Ağdam istiqaməti üzrə layihələndirmə işləri davam etdirilir.
İşğaldan azad edilmiş ərazilərə dəmir yolu çəkiliş qələbəyə yeni ruh verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 14 fevral 2021-ci il tarixində təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq, həmçinin layihə çərçivəsində ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya – Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd tamamilə yenidən tikiləcək. Hazırda dəmir yolu xətti bütövlükdə dron vasitəsilə topoqrafik plana alınıb, konseptual planı hazırlanıb, minalardan təmizlənmiş 39 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, həmçinin süni qurğuların tikintisi işləri həyata keçirilməkdədir. Füzuli-Şuşa istiqamətində ilk dəfə inşa ediləcək birxətli elektrikləşdirilmiş dəmir yolu xəttinin ox üzrə uzunluğu 83,4 kilometrə bərabərdir. Layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır. Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik tədqiqat işləri tamamlanmışdır və süni mühəndis qurğularının layihələndirilməsi işləri davam etdirilir. İcrasına başlanılan layihələrlə yanaşı, ADY-nin mütəxəssisləri tərəfindən azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün yeni istiqamətlər araşdırılır. Belə istiqamətlərdən biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir. Dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb. Ox üzrə uzunluğu 88,8 kilometrə bərabər bu birxətli dəmir yolu xətti üzrə 220-ə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi və tikintisi təklif edilir.
Sərnişin daşınmalarının həyata keçirilməsində də Azərbaycan Dəmir Yolları fəal iştirak edir.3 mart 2015-ci ildə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilmiş, sentyabrın 2-də işlər başa çatdırılmışdır. Layihə çərçivəsində Bakı sərnişin, Keşlə, Xırdalan, Sumqayıt sərnişin stansiyalarının stansiya yolları və yoldəyişənləri yenilənmiş, Bakı-sərnişin və Sumqayıt-sərnişin stansiyalarında turnıketlər və pos-terminallar quraşdırılmışdır. 21 may 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodu da olmuş, Azərbaycan Dəmir Yolu üçün istehsal olunan KİSS markalı ikimərtəbəli elektrik qatarına baxış keçirmişdir. Dəmir Yolunun vaqon və lokomotiv parkının yenilənməsi istiqamətində atılan mühüm addımlar olduqca təqdirəlayiqdir. Yükdaşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir. Təbii ki, uğurlar davamlı olacaq. Çünki Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti İlham Əliyevin davam etdirdiyi siyasətin kökündə qurmaq, yaratmaq və inkişaf etdirmək dayanır.
Gülyanə Ağakərimova
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının “Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli” mövzusunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müsabiqəsinə təqdim etmək üçün hazırlanmışdır