"Qazlı içkilər sümük əriməsinə gətirib çıxara bilər" - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

11 İyul 2023 12:58 (UTC+04:00)

Mövsümdən asılı olmayaraq, ən çox istifadə edilən içkilər qazlı içkilərdir. Özəlliklə, uşaqların sevdiyi rəngli və qazlı içkilərin insan orqanizminə zərərləri az deyil.

Qazlı içkilərin zərərləri barədə qida mütəxəssisi Ağa Salamov SİA-ya danışıb: "Qazlı və rəngli içkilər birinci növbədə mədə-bağırsaq sisteminə mənfi təsir göstərir, sıradan çıxarır. Qazlı içkilər beyində oreksin maddəsinin aşağı düşməsinə səbəb olur. Bu da onların tərkibində olan şəkərlərdən asılıdır. Çünki boş karbohidratlardır, boş karbohidratların istehlak edilməsi beyində oreksin maddəsinin azalmasına gətirib çıxarır və bu da insanlarda yorğunluq, əzginlik, xüsusən də uşaqlarda laqeydlik və oxumağa həvəssizlik kimi hallar meydana çıxarır. Ona görə də insanlar rəngləndirilmiş və qazlı içkilərdən uzaq durmalıdır. Bu rəngli, qazlı içkilərin də BH dərəcəsi də aşağıdır. Məsələn, insan 7.4 BH dərəcəsi olan su istehlak etməlidir amma qazlı içkilər içir. Bunların da BH dərəcəsi 2.4-2.5 olur, çünki tərkibində fosfor turşusu vardır. Fosfor turşusu da rəngli qazlı içkilərə vurulan şəkərin balanslaşdırılması üçün istifadə edilən qatqı maddəsidir. Fosfor turşusu isə uşaqlarda sümük inkişafına zərərlidir, yaşlı insanlarda da sümük əriməsinə gətirib çıxaran başlıca amillərdən biridir. Buna görə də xüsusən də yaşlılar və uşaqları rəngli və qazlı içkilərdən uzaq tutmağa çalışmalıyıq".

"Bu zaman belə sual ortaya çıxır: İndi nə içək, ancaq su içməliyik? Ancaq su içilməlidir deyə bir şey yoxdur. Mövsümi meyvələrdən hazırlanmış kompotlar, mövsümündə yetişən meyvələrin təbii şirələri kimi içkilər sağlamlığımıza faydalıdır, vitaminlərlə zəngindir, immun sisteminə də müsbət təsirini göstərə bilir", - deyə mütəxəssis qeyd edib.