Şəkər əvəzediciləri daxili orqanlara zərər verir - Həkim açıqlaması

10 İyul 2023 22:51 (UTC+04:00)

Adətən diabet xəstəliyindən əziyyət çəkən insanların istifadə etdiyi dietik məhsulların hazırlanmasında şəkər əvəzedicilərindən istifadə edilir. Lakin şəkərəvəzedicilərin də lazımından çox istifadəsi zamanı insan orqanizminə verdiyi zərərlər var. Daxili orqanlara da zərər verən süni şəkərəvəzedicilər barədə həkim-endokrinoloq Lamiyə Nəbibəyli SİA-ya danışıb: "Şəkər əvəzedicilər 2 növ olur: təbii və süni. Təbii şəkər əvəzedicilər fruktoza, ksilit, sorbit, stevia, eritritdir. Kalorisi az və ya çox dərəcədə olan vardır. Süni şəkər əvəzedicilər isə kimyəvi üsulla hazırlanır. Sukraloza, aspartam, siklamet, steviozid, aselsulfam kalium və s. kimi bu süni qatqıların kalorisi olmur. Adi şəkərlərdən 20-40 dəfə (aspartam 200 dəfə) çox dadlandırıcı təsirə malikdir. Təqribi olaraq 3000 adda məhsuların (siroplar, bəzi dərmanlar, ketçup, soslar, bulka və un məmulatları, saqqız, qazlı sular, paket qidalar və s.) tərkibində istifadə edilir".

Həkim süni şəkər əvəzedicilərin zərərləri barədə deyir: "Süni şəkər əvəzedicilərdən daha çox piylənməsi və şəkərli diabeti olan insanlar kalori vermədiyinə və şəkəri yüksəltmədiyinə görə istifadə edirlər. Lakin normadan artıq istifadə etdikdə miqren, baş ağrıları, depressiya, allergik reaksiyalar, narahatlıq hissi, ishal, o cümlədən qaraciyər zədələnməsi, insulin dirənci, xroniki iltihab, yoğun bağırsaq xəstəlikləri (kolit), ürək-qan-damar sistemi xəstəlikləri və bəzi xərçəng növlərinin artmasına (tədqiqatlar aparılır) səbəb ola bilər. Belə ki, dadlandırıcı təsiri adi şəkərlərdən yüksək olduğundan insanları daha çox kalorili qida almağa sövq edir, iştahanı artırır və piylənməyə gətirib çıxarır. O cümlədən, bəzi şəkərəvəzediciləri qızdırma zamanı orqanizm üçün çox zərərli maddələrə çevrilirlər (sukraloza, aspartam). Ən son tədqiqatlar isə bu maddələrin bağırsaq mikroflorasına təsirini araşdırır. Bu maddələr nazik bağırsaqdan sorulmur və dəyişilməmiş halda yoğun bağırsağa keçir və burda insan orqanizminə xeyirli olan mikroflorani zədələyir. Mikroflora isə şəkər və xolesterin balansının saxlanılmasında, beyin funksiyaları və immun sistemin fəaliyyətində böyük rola malikdir".