"Gürzə zəhərlidir və vaxtında müdaxilə etmək lazımdır” - QURUM RƏSMİSİ AÇIQLADI

10 İyul 2023 16:51 (UTC+04:00)

“Yay aylarında ilanların üzə çıxması normal haldır. Xüsusilə də dağətəyi və aran rayonlarında ilanlara daha çox təsadüf edilir”. Bu sözləri SİA-ya açıqlamasında Zoologiya İnstitunun Zooloji muzeyin müdiri Səbinə Bünyadova deyib.

Onun sözlərinə görə, qış aylarında bir çox heyvanlar kimi ilanlar da qış yuxusuna gedir, qışlayırlar: “Yayda isə onlar aktivləşirlər. Xüsusilə də təsərrüfatla məşğul olan insanlar ilanvurma halları ilə daha çox rastlaşırlar. Təbii ki, bu ilanvurma halları daha çox rayonların payına düşür. Lakin Bakı ətrafı bağ evlərində də gürzəyə rast gəlmək olar. Buna baxmayaraq rayonlarla müqayisədə təbii ki, ilanvurma halları Bakıda daha az olur.

Gürzə Avrasiya ərazisində ən təhlükəli ilan növü hesab edilir və kifayət qədər zəhərlidir. Buna görə də vaxtında müdaxilə etmək lazımdır”.