Günvurma zamanı nə etmək lazımdır? - HƏKİM-TERAPEVT AÇIQLADI

10 İyul 2023 14:56 (UTC+04:00)

Yayın gəlməsinin özü ilə gətirdiyi fəsadlardan biri də günvurma hallarıdır. Özəlliklə, son zamanlar ölkədə havanın temperaturunun 40 dərəcəyə çatması ilə günvurma hallarının baş verməsi qaçınılmaz olur.

Bəs günvurma baş verərsə, hansı simptomlarla müşayiət olunur? SİA-ya bu barədə açıqlama verən həkim-terapevt Abbas Bağırov danışıb: "Günvurma ilin yay aylarında bilavbasitə günəşin ultrabənövşəyi şüalarının təsirindən baş verən pato-fizioloji haldır. Bu, halsızlıq, baş ağrıları, baş gicəllənməsi, ürəyin sürətlə döyünməsi, görmə prosesinin pozulması, ürəkbulanma, arterial təzyiqin dəyişməsi, bəzi hallarda dəridə hərarətin əmələ gəlməsindən başqa bədən temperaturunun yüksəlməsi, ürək fəaliyyətinin pozulması ilə bərabər qan təzyiqinə təsir göstərən əlamətlərlə təzahür olunur. Günvurma zamanı bədən hərarəti 40, 41 dərəcəyədək qalxa bilir.

Günvurma halları dərin patoloji gedişatla özünü göstərirsə, dərmanla müalicənin tətbiq edilməsi mütləqdir. Əgər yüngül günvurma halı varsa, bədənin soyudulması, bədənə maye verilməsi kimi addımlarla aradan qaldırmaq mümkündür. Əgər körpə uşaqlar, yaşlı adamlar, qan təzyiqi olanlar, endokrin sistemində pozğunluq olan insanlar günvurmaya məruz qalıbsa, bu, onlarda daha ağır gedişatla xarakterizə olunan proses kimi özünü göstərir. Bədən ultrabənövşəyi şüalara həddindən artıq məruz qalarsa, hətta komatoz vəziyyət də yarana bilər. Ağır günvurmalar nəticəsində mərkəzi sinir sisteminin, qan dövranının fəaliyyəti tamailə pozulur və dərinin tər ifrazatı tamamilə sıradan çıxır. Qan dövranının pozulması nəticəsində oksigen çatışmazlığı yaranır, hətta, ölümlə də nəticələnə bilir. Günvurma əsasən günün günorta vaxtı, günəş zirvəyə yaxınlaşanda baş verir. Bu zaman aralığında ən çox meteohəssas insanların günəşin süalarından uzaqda olmağı məsləhət görülür. Günvurmaya məruz qalmış insanlar qidalanmalarına çox fikir verməlidirlər. Məsələn, yay aylarında insanlar istirahət üçün günəşin altında spirtli içkilər, rasiona uyğun olmayan qidalar qəbul edilər. Belə hallar isə günvurmanın gedişatını daha çox ağırlaşdırır.

Günvurmadan əsasən, azyaşlıları, körpə uşaqları qorumaq lazımdır. Çünki onlarda hərarət tənzimləmə mərkəzi sinir sistemi tam formalaşmayıb. Belə uşaqlarda günvurma halları ağır olur. Bu halda uşaqlar ya həddindən çox oyaq olurlar ya da yuxulamaya meyilli olurlar. Sifətləri tamamilə tərləyir, bədən temperaturu yüksəlir, qusma halları baş verir, tənəffüs çatışmazlığı olur, ürək fəaliyyəti pozulur. Buna görə də çox diqqətli olmaq lazımdır".

Bəs günvurma zamanı nə etmək lazımdır?

Terapevt günvurmaya məruz qalan insanın ilk olaraq nəbzinin yoxlamaq lazım olduğunu qeyd edib: "Arterial təzyiqi və bədən hərarətini nəzarətdə saxlamaq lazımdır. Gün vurmuş adamlar ilk növbədə sərin və kölgə yerə aparılmalıdır. Hava axını olmalıdır. Qusma halları baş vermə ehtimalına görə arxası və yanı üstə uzadılmalıdır ki, qusma zamanı tənəffüs yolunun tutulub boğulma halları baş verməsin. Xəstənin boyun və alın nahiyəsinə soyuq kompress qoymaq lazımdır. Soyuq və buzlu su içirtmək isə qətiyyən olmaz. Çünki damar spazmları yarada bilər. Xəstələrə adətən soyuq olmaması şərti ilə qazsız, mineral su vermək olar, duzlu su vermək mümkündür. Naşatır spirti hazır olmalıdır ki, özündən getmə və komatoz vəziyyətin qarşısı alınsın. Daha sonra ağır vəziyyət yaranarsa həkimə müraciət etmək lazımdır. İlkin tibbi yardımın mahiyyəti odur ki, bədənin pozulmuş funksiyaları bərpa edilsin. Bədən fəaliyyəti ciddi nəzarətdə saxlanılmalıdır.

Bəzi hallarda günvurma ilə istivurmanı qarışdırırlar. Lakin günvurma zamanı ultrabənövşəyi şüaların təsirindən zəhərlənmə halları baş verə bilir. İstivurma isə isti fabrik, zavodlarda, təndir kimi yerlərdə qida bişirilən yerlərdə baş verir. Əlamətləri günvurma ilə bənzər olsa da, günvurma kimi ağır zəhərlənmə törətmir və ağır vəziyyətdən çıxarmaq daha asan olur. Qarşıdan çox ciddi istilər gəlir. Buna görə də günorta saatlarında – 11:30-dan 16:00-a qədər müddətlərdə meteohəssas insanlar, körpələr və yaşlılar günəşdən qorunmalıdır".