Xəzəri sevən biri kimi, mən istəyirəm ki, O yaşasın, o təmiz olsun və onun təbiəti qorunsun.
Mən Xəzəri sevirəm...
Heydər Əliyev
Burdadır ən gözəli
Bağçanın da, bağın da,
Lənkəran bir gözəldir,
Bəzənir Xəzər adlı
Güzgünün qabağında.
Bu misralar sevimli şairimiz Şəkər Aslanın “Xəzər” adlı şerindən götürülüb. Xəzər dənizinin şaha qalxan dalğaları, qızıl qumlu sahilləri, dənizin üstündə uçuşan qağayıların həzin, kövrək nəğmələri həmişə şairin ilhamına qol-qanad verib.
Füsunkar təbiətə malik Lənkəran Xəzər dənizin sahilində yerləşir. İri su hövzəsi olan bu dəniz bütün sərvətləri ilə xalqın xidmətindədir.
Xəzər dənizini dənizlər dənizi adlandırsaq heç də səhv etmərik.Yer kürəsində dənizlər çoxdur ,hərəsinin öz iqlim şəraiti,təbii mənzərəsi ,ekoloji baxımı və qoynunda bəslədiyi canlı aləmiylə bir birindən fərqlənir.Bizim Xəzərimizə isə çatanı yoxdur.Sahilindəki uzanıb gedən zəngin komponentlərə malik olan qara qum aləmi,dünya quşlarını cəlb edən mənzərəsi, bir birindən qiymətli balıq növləri hansı dənizdə var?Hələ onun heç bir okeanda və dənizdə mövcud olmayan qiymətli sərvətləri.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin əmri ilə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsinə yeni təyinat almış tanınmış ekoloq və böyük idarəçilik təcrübəsinə malik olan Ceyhun Hüseynov həm kollektivdə, həm də ictimaiyyət arasında razılıqla qarşılandı. Artıq 1 saylı Regional ETSİ-də yeni ab-hava duyulur. Ceyhun Hüseynov ilk uğurlu addımlarını atır. Təbiətimizin və ekologiyamızın qorunması ilə bağlı ictimai fəallarla keçirdiyi görüşlər çox maraqlı və yadda qalan olur. Yeni rəisin ilk tələbi ətraf-mühitin qorunması, Xəzər dənizin sahillərində nümunəvi səliqə-səhman yaradılması, məişət tullantılarının dənizə tökülməsinin qarşısının alınması, ətraf-mühitin saflaşdırılması və bu sahədə ilk növbədə kollektivin məsuliyyətinin artırılması ilə əlaqədardır .
Yeni rəisin ilk fəaliyyəti 08 iyul 2023-cü il tarixində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin tərəfdaşlığı, o cümlədən Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi, Lənkəran şəhər Yaşıllaşdırma İdarəsi, Lənkəran şəhər İşıqlandırma İdarəsi, Hirkan və Qızılağac Milli Parkları, 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi, Cənub Regional Hidrometeorologiya Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə Lənkəran şəhərinin Sahil küçəsindəki yaşıllıq zolağında və Xəzər dənizi sahilində 30000 kv. metr sahədə təmizlik aksiyası ilə başlandı. Aksiya zamanı hər iki ərazidən ümumi həcmi 10m3 olan bərk məişət tullantısı, eləcə də, müxtəlif plastik qablar, polietilen torbalar və uzunluğu 100 metr olan sintetik tor yığışdırılaraq aidiyyəti üzrə tullantı poliqonuna daşınmışdır. Ümumilikdə 100 nəfərin iştirak etdiyi iməclik zamanı iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə və məlumatlandırma işləri aparılmışdır.
Xəzər dənizinin və onun təbii sərvətlərinin qorunması, ölkə prezidenti Cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkə başçısının ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncam və fərmanlar bunun bariz nümunəsidir. Ekoloji durumun saflaşdırılmasında göstərdiyi qayğı və diqqət bütün ekoloqların, bütövlükdə bütün Azərbaycan xalqının həyatında əlamətdar bir hadisə kimi qeyd olunmuşdur.
Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bununla bağlı olaraq ənənəvi olaraq hər il bir-birindən daha maraqlı tədbirlər həyata keçirir. Belə ümumdünya ekoloji əhəmiyyətli tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini dənizlərin və onların bioresurslarını qorumaq, onların yaşayışına və inkişafına əngəl törədən maneələri aradan qaldırmaq, dəniz sahillərini təmiz saxlamaq, məişət tullantıları ilə çirkləndirməmək, çirkab suların dənizə axıdılmasının qarşısını almaq və digər antropogen təsirlərdən qorumaqdır. ETSN-yi və onun yerli qurumları hər həftənin şənbə günlərində ictimai fəalları-ekoaktivistləri dəvət etməklə iməciliklər keçirir.
ETSN-yi və onun yerli qurumları mütəmadi olaraq Xəzər dənizi sahilində iməciliklər keçirməyi, ötən illərlə müqayisədə iməciliyə cəlb olunan dövlət və özəl qurumların, könüllülərin sayının artırılmasını planlaşdırır. Artıq belə vacib Ekoloji tədbirlər proqram xarakteri daşımayacaq, Vətənini sevən, təbiətini sevən hər bir insanın gündəlik iş fəaliyyətinə çevriləcək.
Xəzər dənizi haqqında oxucularımızı məlumatlandırmaq biz ekoloqların borcudur. Xəzər elə bir coğrafi varlıqdır ki, onu heç vaxt unutmaq olmaz. Obrazlı desək Xəzər 5 ölkənin bir övladıdır. Xəzərin sahillərində 5 dövlət qərar tutub. Azərbaycan Respublikası, Rusiya Federasiyası, Qazaxıstan Respublikası, Türkmənistan Respublikası, İran İslam Respublikası. Xəzər dənizi bu beş ölkənin iqtisadiyyatında mühüm rol oynayır. Dənizin sahəsi 271 min kvadrat kilometrdir. Uzunluğu şimaldan cənuba 1204 kilometr, orta eni 320 kilometrdir. Orta dərinliyi 184 metrə çatır. Sahil xətlərinin uzunluğu 7 min kilometrdir. Ən dərin yeri Lənkəran rayonu yaxınlığındadır -1025 metr. Xəzərə 130-dan çox çay axır. Bunlardan ən böyüyü Volqadır. Mənbələrə görə, tarixin müəyyən dönəmində Xəzər dənizi Qara dənizlə bitişik olmuşdur. Zaman keçdikcə Xəzər ayrıca dənizə çevrilmişdir. Xəzərin Qara dənizlə əlaqəsi kəsildikdən sonra onun suyu dəfələrlə qalxıb enmiş, bununla əlaqədar onun sahəsi də dəyişmişdir. Xəzərin səviyyəsinin qalxması, bunu yaradan amillər mütəxəssislər tərəfindən öyrənilir. Qeyd etdiyimiz kimi Xəzər mühüm balıqçılıq hövzəsidir, onun dibi neft, qaz və başqa xammal ehtiyatları ilə zəngindir. Mühüm su nəqliyyatı yoludur. Ona görə də belə bir hövzənin hərtərəfli qorunması, tədqiqi sahilyanı dövlətlərin, beynəlxalq təşkilatların dərin marağındadır.
Xəzər canlı aləmlə zəngin hövzədir. Onun canlı aləmi mütəxəssisləri yaxşı mənada heyrətləndirməkdədir. Balıqlar, quşlar, su bitkiləri, onurğasız heyvanlar... Xəzərin sərvətidir. Dənizdə 1400-ə qədər fauna növü, 110 balıq növü vardır. Burada nərə, uzunburun, ağ balıq, Xəzər qızılbalığı, ağ qızılbalıq, çəki, xəşəm, kütüm və s. kimi qiymətli balıq növləri yaşayır. Dünyada ağ balığın 70 faizi, Qara kürünün demək olar ki, hamısı Xəzəryanı dövlətlərin hesabına istehsal olunur. Müvafiq beynəlxalq təşkilatlar çox qiymətli ağ balığın və qara kürünün istehsalına görə, haqlı olaraq, sahilyanı ölkələrə kvota müəyyənləşdirmişdir. Ona görə də Xəzəryanı dövlətlər ağ balığın çoxaldılması qayğısına qalmalıdır. Ölkəmizdə balıqyetişdirmə zavodları bu sahənin inkişafı ilə məşğuldur. Balıqyetişdirmə texnologiyasının indiki səviyyəsindən, təəssüf ki, maksimum istifadə edilmir. Brakonyerlik qiymətli balıq növlərinin qırılmasına, məhsuldarlığın azaldılmasına səbəb olur. Əgər Xəzəryanı dövlətlər ciddi şəkildə əlbir olaraq bu sahənin inkişafına diqqət yetirməsələr, tezliklə bu qiymətli nemətdən, əvəzolunmaz sərvətdən məhrum ola bilərik. Dənizin yeraltı sərvətlərinin ölçüsüz istismarı öz mənfi təsirini göstərməkdədir. Xüsusilə, suyun üzərindəki neft pərdəsi qiymətli sərvətlərin qənimidir. Dənizin ekoloji vəziyyəti riskli səviyyədədir.
Dəniz və okeanların suyu ən çox neft və neft tullantıları ilə çirklənir. Nəticədə əmələ gələn neft pərdəsi suya sərbəst oksigenin daxil olmasına mane olduğu üçün dənizin canlı aləmini, bioresurslarının həyatını təhlükə qarşısında qoyur. Canlı aləmin artıb-törəməsi imkanı məhdudlaşır. Neftdə olan qazlar tədricən ayrıldıqdan sonra neft damcıları ağırlaşaraq dənizin dibinə çökür. Nəticədə, bu da canlıların zəhərlənməsinə səbəb olur. Alimlərin fikrincə, 1 litr neft 100 milyon suyu çirkləndirir.
Xəzər həm də “Qırmızı kitab”a düşən köçəri quşların məskənidir. Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərən Qızılağac Milli Parkı belə nadir quşların məskənidir. Tanrının bizə bəxş etdiyi bu əvəzolunmaz neməti qoruyub mühafizə etmək hamımızın müqəddəs borcudur. Buna görə də dünyanın əlaqədar təşkilatları hər il sentyabr ayının son günlərini Dəniz günü kimi qeyd etməklə bununla Ekoloji durumun saflaşmasına səy göstərirlər. İnamla qeyd etməliyəm ki, Xəzərin lap ləpədöyənində yerləşən, həm də yam-yaşıl örtüyə bürünən bizim ərazilərdə də abadlıq və təmizlik işləri məhz bu günlərdə də bütün müəssisə, təşkilatlar, elmi ocaqlar tərəfindən çox şərəflə həyata keçirilir. Eyni zamanda Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran şəhərində yerləşən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları dənizkənarı ərazilərdə maarifləndirmə işlərini genişləndirirlər. Onlar Dəniz Gününün mahiyyətindən, onun dünyəvi xarakterindən və başqa Ekoloji faktorlardan vətəndaşlarımıza bir-birindən maraqlı məlumatlar verirlər. Bir daha diqqətə çatdırırıq ki, cəmiyyətdə Ekoloji vəziyyətin qorunub mühafizə edilməsi hər şeydən əvvəl insana və onun sağlamlığına xidmət edir. Qeyd etməliyəm ki, ərazimizin dəniz ətrafı sahələrinin təmiz saxlanılması üçün çox ciddi işlər görülməlidir. Axı Tanrı tərəfindən bizə göndərilən bu nadir nemətləri qorumaqla onu gələcək nəsillərə ötürməyə borcluyuq.
Dənizdəki su quşları da təbiətin bizə bəxş etdiyi möcüzədir. Qızılağac qoruğunun nadir iqlimi buranı su quşlarının daimi məskəninə çevirmişdir. Onlar Xəzərin balıqları və sahil bitkiləri ilə qidalanır. Şəxsən mən bir ekoloq kimi quşların yuvaları, yuvada təzə pərvəriş tapan balaları ilə mütəmadi üz-üzə gəlirəm. Təbiətin bu möcüzəsinə sevinirəm. Amma nə edəsən ki, brokonyer üçün bu qazanc mənbəyi, sadəcə pul ünvanıdır.
Son illər Xəzərdə suitilərin öz-özünə qırılması hadisəsi müşahidə olunur. Suitilər Xəzərin ekoloji barometrləridir. Onlar çirklənmənin qurbanı olurlar.
Xəzərdə müxtəlif su bitkiləri vardır. Bu bitkilər dəniz heyvanlarının, su quşlarının inkişafında mühüm rol oynayır.
Xəzər dənizi mühüm su yolları qovşağıdır. Ölkələr bir-biri ilə dəniz vasitəsilə ticarət-nəqliyyat əməkdaşlığı edirlər. Yük dövriyyəsi ildən-ilə artır.
Bəs dəniz sahilinin əsrarəngiz qumları, sanatoriya-kurort imkanları?! Ola bilər ki, dənizimizin bu imkanları mineral resurslardan bizə qat-qat artıq xeyir verər. Ekologiya təmizlənər, insanlar dincələr və sağlamlıq qazanar, maddi xeyri də ki, öz yerində.
Biz ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi sahəsində əhalini məlumatlandırmaq və maarifləndirmək üçün geniş təbliğat işi aparırıq. Ümumtəhsil məktəblərində, Lənkəran Dövlət Universitetində, Lənkəran Dövlət Humanitar və Astara Pedaqoji kolleclərində, bələdiyyələrdə, müxtəlif idarə və müəssisələrdə “Beynəlxalq Dəniz Günü” ilə əlaqədar “Xəzər dənizinin sahillərində” iməciliklərin keçirilməsinin Ekoloji əhəmiyyəti, “Xəzər sərvətimizdir”, “Xəzəri çirkləndirmədən qoruyaq”, “Xəzərin canlı aləminə təsir edən ekoloji amillər”, “Xəzərin Ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər və perspektivlər”, “Xəzərin qiymətli sərvətləri və ekoloji problemləri haqqında ümumi məlumat” və s. mövzularda mühazirələrin oxunması nəzərdəı tutulub.
Artıq insanlar başa düşürlər ki, dəniz bizim üçün təbii sərvət və həyati tələbatdır. Bu gün Xəzəri çirkləndiririksə, orada yaşayan bioresursların inkişafına böyük zərbə endirmiş oluruq. Xəzərin nemətlərindən istifadə ediriksə, onun ətrafına zibil töküb çirkləndirməyə heç kimin mənəvi haqqı yoxdur. Mavi Xəzəri təmiz saxlamaq, onun sərvətlərini göz bəbəyi kimi qorumaq ümumxalq işinə çevrilməlidir. Gəlin unikal sərvətlərlə zəngin olan Xəzərə laqeyd münasibət bəsləməyək!
Bildiyimiz kimi hər il Azərbaycana, o cümlədən Xəzərin sahil ərazisinə on minlərlə turist gəlir. Onların diqqətini ilk baxışdan Xəzər dənizi cəlb edir. Xəzər dənizinin sahillərində istirahət zonaları yaradılıb. Dənizin sahili nə qədər təmiz olsa da, orada istirahət edən və yaşayan insanların vaxtı da mənalı və səmərəli keçər.
Bəxtiyar Hüseynov,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü,
Yazıçı-ekoloq.