Milli mənlik şüuruna malik gəncliyə hər zaman ehtiyac var - TƏHLİL

7 İyul 2023 16:04 (UTC+04:00)

Gələcəyimizin təminatçısı milli mənlik şüuruna malik olan gəncliyimizdir. Ona görə ki, gələcəkdə milli maraqlarımızın qorunması məhz həmin gəncliyin, milli mənlik şüuruna malik olan gənclərimizin üzərinə düşür. Bu baxımdan, ən ümdə vəzifə də elə, ilk növbədə, cəmiyyətdə milli mənlik şüuruna malik olan sağlam təfəkkürlü gənclərin yetişdirilməsi hesab olunur.

Ən ali dəyərlərin, milli maraqların qorunması bizim üçün hər zaman prioritet məsələ olaraq qəbul olunur və məhz öz aktuallığını daim qorumaqda olan ali dəyərlərin mühafizəsinin məsuliyyətini gələcək nəsil, gəncliyimiz daşıyır. Bunun üçün, bu məsuliyyətin dərk edilməsi üçün isə, sözsüz ki, ilk növbədə, gənclərimizdə vətənpərlik hisslərinin aşılanması gərəkir. Çünki məhz vətənə məhəbbət hissi gənclərimizin həmin o milli maraqları qoruması üçün əsas şərt hesab olunur. Vətənini sevən, vətəninə məhəbbət bəsləyən gənclik yalnız bütün ali dəyərlərin müdafiəçisi ola bilər, suverenliyin, ərazi bütövlüyünün, xalqımıza məxsus olan maddi və mənəvi sərvətlərin keşiyində dayanar, qoruyucusuna çevrilər. Biz bunun, bu həqiqətin 44 günlük müharibə dönəmində əyani şəkildə şahidi olduq və bir daha əmin olduq ki, müasir gəncliyimiz milli mənlik şüuruna malik olan sağlam təfəkkürlü gənclikdir və həmin gəncliklə gələcəyə ümid etməyə dəyər. Çünki həmin gənclik xalqımıza, bizə məxsus olan dəyərlər uğrunda canından, qanından keçməyə hazır olduğunu bir daha təsdiq etdi.

Hər bir millətin, hər bir xalqın təşəkkül tapmasında, onun suverenliyinin, dəyərlərinin qorumasında milli mənlik şüurunun, vətənpərlik hisslərinin, milli-mənəvi dəyərlərə bağlılığının rolu, yeri böyükdür və danılmazdır. Gənc nəslin öz soyuna, kökünə bağlılığı, maddi və mənəvi dəyərlərinə sayqı ilə yanaşması, onların keşiyində dayanması isə bu mənada xüsusi əhəmiyyət kəsb edir. Çünki öz kökünə, öz soyuna bağlı olan gənclik milli maraqlar uğrunda mübarizə aparar, xalqımıza məxsus dəyərlərə sahib çıxar. Sözsüz ki, bunun üçün də, ilk növbədə, gəncliyin bütün sahələrdə hərtərəfli inkişafı, əsasən də, təhsili olması, mədəni dəyərləri qavraması, tariximizi, mədəniyyətimizi dərindən bilməsi, öyrənməsi, adət-ənənələrimizi belə unutmaması gərəkir. Elə bu məsələlərin dövlətimiz, dövlət başçımız tərəfindən diqqətdə saxlanılması da bu baxımdan heç də əbəs yerə, yaxud təsadüfi deyil. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, tarixi həqiqətləri bilən, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəslin, vətənpərvər gənc nəslin yetişməsi ölkəmizdə ən aktual məsələ hesab olunur.

Xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin ilk yaratdığı nazirliyin Gənclər və İdman Nazirliyi olması heç də əbəs yerə deyildi, gənclərin hərtərəfli yetişməsinə hesablanmışdı. Bu, həm də onu deməyə əsas verir ki, Ulu Öndər gənclər siyasətinə, Azərbaycan gəncliyinin sağlam yetişməsinə böyük önəm verib. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, Azərbaycan gəncliyinin savadlı, dünyagörüşlü, vətənpərvər, qəhrəman, milli dəyərlərə malik, milli mənlik şüuruna sahib yetişməsi, inkişaf etməsi məhz Umummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və gənclərimiz də bunu çox yaxşı başa düşürlər, Ulu Öndərin xatirəsini də hamı kimi çox əziz tuturlar. Hazırda Ulu Öndərimizin digər ideyaları kimi, gənclər siyasəti də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, sağlam, vətənvərvər, milli mənlik şüuruna malik gəncliyin yetişməsi üçün bütün mümkün işlər görülür. Təbii ki, görülən işlərin məntiqi nəticəsini də xalqımız, cəmiyyətimiz hər addımda müşahidə edir və 44 günlük müharibə dönəmində bunu hamımız daha yaxında müşahidə etmiş olduq.

Doğrudur, bu gün fəxr ediləsi sağlam təfəkkürlü, milli mənlik şüuruna malik gəncliyiniz var. Onlarla qurur duymağa haqqımız çatır, çünki həmin gəncliyin xalqımıza məxsus dəyərlərin, ərazi bütövlüyümüzün qorunmasında, əsrin üçdə birinə yaxın müddət ərzində ermənilər tərəfindən işğal altında saxlanılan torpaqlarımızın işğaldan azad edilməsində, xalqımıza məxsus olanın bizə qaytarılmasında necə mübarizə apardığının, bu yolda canından, qanından keməyə hazır olduğunun şahidi olmuşuq. Milli maraqlarımızın müdafiəsi, dəyərlərimizə sahib çıxılması uğrunda neçə-neçə gəncimizin şəhid olması, qazilərimizin fədakarlığı yaddaşlardan silinən deyil. Ələlxüsus şəhidlərimizin əziz xatirəsi əbədi olaraq yaddaşlara həkk olunub və onlar unudulmazdırlar. Lakin təkcə bu gün deyil, hər zaman belə gəncliyin, milli mənlik şüuruna malik, vətənpərvərlik hisslərinə sahib gənclərin olması gərəkir. Bundan sonra da xalqımıza məxsus olan dəyərlərə sahib çıxacaq gəncliyin olması olduqca vacibdir və bu baxımdan sağlam təfəkkürlü, milli mənlik şüuruna malik, vətənini gözbəbəyi kimi qorumağa hazır olan vətənpərvər gəncliyə hər zaman ehtiyac var.

Separatçı ermənilərin yeni təxribatlarına cavab olaraq, 2020-ci ilin sentyabr ayında əks hücum əməliyyatlarının başlaması zamanı gənclərimizin necə böyük həvəslə, hansı ruh yüksəkliyi ilə cəbhə xəttinə yollanması, döyüşlərə mərdi-mərdanə qatılması, vətən torpağının hər qarışı uğrunda canını, qanını əsirgəməməsi gənclərimizdə milli mənlik şüurunun, vətən məhəbbətinin, vətəndaşlıq hissinin hansı səviyyədə olduğunu bizə göstərdi. Biz məhz həmin gəncliyin vətənpərvərliyi, onların sıralandıqları ordumuzun şücaəti, qəhrəmanlığı, xalqımızın birliyi, həmrəyliyi, Ali Baş Komandanın, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi, biliyi, bacarığı sayəsində ən qısa zamanda düşmən üzərində qələbəmizi qazandıq. Ən qısa zamanda bizə məxsus olanı, torpaqlarımızı, işğal altında olan ərazilərimizi geri qaytardıq, maddi-mədəni irsimizimə sahib çıxdıq. Bununla qurur duyuruq, amma onu də yaxşı bilirik və məsuliyyətini də dərk edirik ki, təkcə geri qaytarmaqla bitmir, həmin dəyərlərin qorunması gərəkir. Deməli, hələ bundan sonra da gəncliyimizin üzərinə böyük məsuliyyət düşür və bu baxımdan sağlam təfəkkürlü, vətənpərvər, milli mənlik şüuruna malik gənclər hər zaman olmalıdır ki, gələcəyimizin təminatı barədə əminliyimiz olsun.

Qələbə qazansaq da, ən qısa zamanda Zəfər çalsaq da yaxşı bilirik ki, biz bizə məxsus olanlara göz dikən, onları özününküləşdirmək niyyətindən əl çəkməyən bir qonşu dövlətlə yanaşıyıq və onların istənilən zaman yenə də dəyərlərimizə sahib çıxmaq həvəsinə düşəcəkləri mümkün haldır və təkzib də edilə bilməz. Deməli, öz dəyərlərimizi bundan sonra qorumaq daha aktual, prioritet məsələ olaraq qalmaqdadır. Bu isə o deməkdir ki, sağlam təfəkkürlü, vətənpərər, vətənini sevən, onun hər bir qarışısını canından, qanından üstün tutan, maddi-mənəvi irsinə, dəyərlərinə sahib çıxan, tarixini yaşadan, suverenliyinin, müstəqilliyinin keşiyində duran gəncliyə, milli mənlik şüuruna malik gəncliyə hər zaman ehtiyac var.

İnam Hacıyev

6.3.10. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır