“Hazırda Azərbaycandan kənarda 40 mindən çox azərbaycanlı gənc təhsil alır. Xüsusilə də son iki il ərzində yüksək göstəricilərlə Amerika Universitetlərindən təqaüd alan azərbaycanlılar var”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bu göstəricilər birbaşa təhsildəki əlçatanlıqla bağlıdır: “Yəni gənclərimiz artıq beynəlxalq imtahanlarda rahatlıqla iştirak edə bilirlər. Təkcə bu il 10-a yaxın azərbaycanlı gənc ən nüfuzlu universitetlərdən yüksək məbləğdə təqaüd alıb. Bunlar təbii ki, çox yaxşı göstəricilərdir. Digər tərəfdən bu göstəricilər yalnız bakalavr pilləsini əhatə etmir. Əgər əvvəllər gənclərimizin demək olar ki, yalnız bakalavr pilləsi üzrə təqaüd aldığını görürdüksə, indi isə kifayət qədər magistratura, doktorantura pillələri üzrə də nüfuzlu universitetlərdən təqaüdlər alır. Bütün bunlar onların ölkəyə qayıtması ilə əmək bazarında ixtisaslı kadrların olmasına şərait yaradacaq. Bu isə Azərbaycanda rəqabətə davamlı və dayanaqlı iqtisadiyyatın formalaşmasına müsbət təsirini göstərəcək”.