Yay mövsümü gəldikdə insanları ən çox narahat edən mövzulardan biri də qidalanma problemləridir. Temperaturun artması ilə qidaların tez xarab olması və zəhərlənmə riskinin yüksəlməsi diqqət edilməli məsələlərdən biridir.
Bəs yayda hansı qidalara diqqət etməliyik?
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bu barədə SİA-ya açıqlama verib. O, ilk növbədə bədənin su ehtiyacının təmin olunmasının vacibliyindən bəhs edib: "Yayda, isti havalarda orqanizmin suya ehtiyacı artır. Hər bir insan günlük orqanizminin maye balansını təmin edəcək qədər su içməlidir ki, bu kateqoriyaya yalnız təmiz adi su və qəbul etdiyi meyvə və tərəvəzlərin tərkibindəki maye aiddir. Çünki tərəvəzlərin 80%-90%-i və bəzi meyvələrin də tərkibinin 70%-dən artığı mayedir. Buna əsasən mövsümündə olan xiyar, pomidor, göyərtilər, yay meyvələri aiddir. Bir insanın orqanizmi üçün standart su bədən çəkisinin hər kiloqramına görə 30 ml hesablanır. İnsanlar bu miqdarı yayda temperatur yüksəldikdə, tərləməyə daha çox məruz qaldıqda, fiziki aktiv olduqları zaman bir-iki fincan şəklində artıra bilər. Yayda daha sağlam seçim kimi bu içkiləri seçmək lazımdır: ən yaxşı variant sudur, digər məqamlarda isə sərinləşdirilmiş ev üsulunda hazırlanmış qatıqdan olan ayranlar, bitki çaylarıdır".
Mütəxəssis qeyd edib ki, yay fəslində insan orqanizminin metobolizmasının sürəti azaldığı üçün xüsusi diqqət edilməli olduğumuz məqamlar var: "Nanə çayı və ona əlavə edilən bal, limon, zəncəfil qarışımı da bədənin maye balansını təmin edib eyni zamanda təbii sağlam içkidir ki, həm ürəyi qüvvətləndirir, həm də maddələr mübadiləsini sürətləndirir. Çünki yay fəsilində insan orqanizminin maddələr mübadiləsinin sürəti aşağı düşdüyündən qəbul edilən qidalar yaxşı həzm edilə bilmir və həzm edilməyən qidalar orqanizmə ağırlıq verir, müəyyən müddətdən sonra vitamin, mineral çatışmazlığına gətirib çıxarır, bağırsaqların hərəkətliliyi ləngiyir, artıq çəkiyə, bədəndə şişkinliyə səbəb olur. Buna görə də yayda tez həzm olan, yüngül qidalardan istifadə etmək lazımdır ki, həzm sistemi və iştaha normallaşsın. Yayda temperatur yüksək olduğundan, günlər uzandığından insanlar yuxu rejiminə də düzgün əməl etmirlər. Çox gec yatıb çox gec oyanmaq da iştahaya təsir edən amillərdən biridir. Eyni zamanda hormonal balans da pozulur. Buna görə də axşam saat 11-dən sonra yatmaq məsləhət görülür".
Balanslaşdırırılmış qidalanmanı necə təmin edə bilərik və orqanizmin ehtiyaclarını necə ödəyə bilərik?
Məhsəti Hüseynova qeyd edib ki, bir insanın orqanizminin sağlam, enerjili olması üçün, gündəlik həyat funksiyalarını yerinə yetirə bilməsi üçün 40-dan 70-ə qədər makro və mikro elementlər lazımdır: "Bunu təmin etmək üçün mütləq qidalarda çeşidliliyə diqqət etmək, sağlam, mənşəyi bəlli olan qidalardan istifadə etmək lazımdır. Makro elementlər karbohidratlar, yağlar, zülallardır və günlük karbohidrat, zülal ehtiyacı mütləq təmin edilməlidir ki, əzələ itkisi olmasın. Eyni zamanda bir çox daxili orqanlar zülallardan ibarət olduğu üçün zülal tərkibli qidalar oeqanizmin əvəzedilməzi hesab edilir. Yağ da ən önəmli makro elementlərdən biridir və bunu da orqanizm təbii həm heyvan həm də bitki mənşəli yağlardan ala bilər. Bunlarla yanaşı meyvə-tərəvəz də qəbul etmək lazımdır ki, bədənin vitamin və mineral balansı təmin edilsin. Gün ərzində qida rasionuna çərəzlər də əlavə etmək olar. Çünki çərəzlər də çox vacib elementlərlə zəngin olan qidalar hesab edilir".
O, eyni zamanda yayda ən çox istehlak edilən dondurmalar barədə də müəyyən məqamlara toxunub: "Yayda istehlak edilən dondurma, süd məhsullarında yüksək miqdarda şəkər və kalori var. Dondurma əgər sağlam süddən, qaymaqdan, yağdan hazırlanıbsa çox keyfiyyətli qida sayılır. Eyni zamanda tərkibindəki maddələr insanın xoşbəxtlik hormonu olan serotonini də qaldırır və orqanizmə enerji verir. Lakin dondurmanın yeməkdən dərhal sonra qəbul edilməsi yaxşı deyil və gün ərzində qəbul ediləcək kalori miqdarına uyğun hesablanıb qəbul edilə bilər. Çünki dondurmanın tərkibindəki maddələr bədənin enerji ehtiyacını ödəyə bilər. Lakin satışda olan bir çox dondurmaların hazırlanmasında keyfiyyətli xammaldan istifadə edilmir. Məsələn palma, spred yağı, trans yağlardan istifadə olunursa, bu məhsullar birmənalı şəkildə insan orqanizmi üçün zərərli hesab edilir. Həmçinin, dadlandırıcı kimi şəkərdən daha çox istifadə edilməsi, stabilizator, emulqator, kimyəvi dadlandırıcı maddələrdən istifadə edilməsi də zərərdir və insan orqanizmi üçün birbaşa təhlükə yaradır. Evdə də təbii süddən, qaymaqdan, yağdan, mövsümi meyvələrdən istifadə edərək daha salam dondurma hazırlamaq mümkündür. Süd məhsulları tez xarab olan məhsul olduğu üçün belə qidaları bir dəfəlik hazırlayıb istifadə etmək daha məsləhətlidir. Tərkibində istifadə edilən şəkərin də gün ərzində orqanizmin ehtiyacı olan miqdarı keçməməsi məsləhət görülür. Çünki gün ərzində qadın orqanizminin 20 qram, kişi orqanizminin 35 qram şəkər ehtiyacı olur. Şəkər gün ərzində həm enerji təmin edir, həm də gözün görməsini yaxşılaşdırır, həm də mərkəzi sinir sistemi gözə çalışsın. Əgər günlük şəkər başqa qidalardan, məsələn meyvələrdən alınıbsa, on da dondurmanın tərkibindəki şəkər artıq hesab edilir".
Temperaturun artmasıyla zəhərlənmə riskinə diqqət çəkən eskpert qeyd edib: "Yayda az kalorili və yüngül yeməklərə üstünlük vermək daha məqsədə uyğundur. Mövsümi meyvələr, salatlar, buxarda bişirilmiş tərəvəzlər, manqalda bişmiş ətlər kimi qidalar daha faydalıdır. Əlbəttə ki, sanitar və gigiyenik qaydalara əməl etməklə bişirilməlidir. Eyni zamanda, yeməklərin təzə bişmiş olduğuna diqqət etmək lazımdır. Çünki yay mövsümündə temperatur yüksək olduğu üçün istənilən bişmiş yemək otaq temperaturunda 1 saatdan artıq qalsa belə onun tərkibində kimyəvi, fiziki, bioloji, mikro-bioloji çirklənmələr baş verir və qida zəhərlənməsinə səbəb olur. Xüsusilə də yayda ən çox zəhərlənmə səbəblərindən biri də göbələkdir. Bilinməyən yerlərdən, açıq havada, meşədən toplanması tövsiyə edilmir. Çünki zəhərli və zəhərli olmayan göbələklər vardır. Rəngli göbələklər zəhərli hesab edilsə də, yeyilə bilən növlərə oxşayan zəhərli göbələklər də var. Göbələkdən istifadə etdikdə isə mənşəyi bəlli olan market və bazarlardan, sərin yerdə saxlanılanları almaq lazımdır. Eyni zamanda, ətlər də açıq havada çox qalmamalıdır, dondurulmuş olduqda bir dəfə donu açıldıqdan sonra istifadə edilməli, ikinci dəfə dondurulmaya məruz qalmamalıdır. Ona görə də bir dəfəlik istifadə ediləcək qədər dondurulmalıdır. Meyvə və tərəvəzlər müəyyən kimyəvi maddələrə, zərərvericilərdən qorumaq üçün istifadə edilən dərmanlara məruz qaldıqda da zəhərlənməyə səbəb ola bilər. Bu da bir çox hallarda meyvə-tərəvəzin yuyulmadan qəbul edilməsi zamanı baş verir. Marketlərdən alınan məhsulların politelin torbalara qoyulması qısa məsafələr üçündür və isti hava şəraitində uzun müddət qalması həmin plastik torba və butulkaların tərkibindəki maddələrin qidayla reaksiyaya girməsinə səbəb olur və xərçəng yaradan hüceyrələr aktivləşir, təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. Eyni zamanda, hər hansı qida allergiyasının olub olmadığını hər bir insan dəqiq bilməlidir".