Nizami Tibb Mərkəzində Cərrahiyyə şöbəsi istifadəyə verilib.
SİA xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Nizami Tibb Mərkəzinin (Mərkəz) Cərrahiyyə şöbəsinin açılışında iştirak ediblər.
Mərkəzin direktoru Eldar Abbasov bildirib ki, Cərrahiyyə şöbəsi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində göstərilən cərrahi tibbi xidmətlərdən istifadəsinə imkan yaradacaq. 40 çarpayılıq cərrahiyyə bölümü yeni və müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunub.
Bildirilib ki, icbari tibbi sığortanın tətbiqi və xidmətlərə əlçatanlığın təmin edilməsi nəticəsində xəstəxanaya müraciətlərin sayında artım müşahidə olunub. Ötən il ərzində 9 mindən çox pasiyentə 48 mindən çox tibbi xidmət göstərilib ki, bunların 23 694-ü ambulator, 24 750-si isə stasionar xidmətlərdir. Cari il ərzində isə 18 mindən çox pasiyentə 145 mindən çox tibbi xidmət göstərilib.
Zaur Əliyevin sözlərinə görə vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınan ümumi cərrahiyyə, neyrocərrahiyyə, travmatologiya, urologiya, proktologiya və lor cərrahiyyəsi üzrə xidmətlərdən Nizami Tibb Mərkəzində istifadə edə biləcəklər. Bildirilib ki, ötən il dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurlar 354 mindən çox olub.
Vüqar Qurbanovun sözlərinə görə əvvəllər Nizami Tibb Mərkəzinə cərrahi xidmətlərdən istifadə etmək üçün müraciət edən vətəndaşlara bu xidməti göstərmək imkanına malik olan digər tibb müəssisəsinə göndəriş verilirdi: “Məqsədimiz tibb müəssisələrində əhali üçün əlverişli şərait yaratmaq və müəssisələrin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırmaqdır".